“Belə təşəbbüslərin davamı olduqca təqdirəlayiqdir” – Elşən Musayev

OXUNUB: 71 SOSİAL
"Bu, mənim çox hörmətli Ədalət müəllimlə üzbəüz olaraq 7-ci görüşüm idi. Ona görə üzbəüz olaraq deyirəm ki, pandemiya dövründə "online” qaydada, konfrans formatında da dəfələrlə müzakirələr aparmışıq. Və hər zamankı kimi məlum görüş də olduqca maraqlı keçdi və təxminən 3 saata yaxın davam etdi” 

 

Bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev Prezident Administrasiyasının "Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin müdiri Ədalət Vəliyevlə mayın 13-də reallaşan növbəti görüşü haqda danışarkən bildirib.


"Bir çox məsələlər haqda danışdıq. Əsasən də siyasi dialoq barədə. Çünki siyasi dialoq mövzusu demokratik cəmiyyətlər üçün olduqca önəmlidir və son zamanlar hörmətli Ədalət müəllimin rəhbərlik etdiyi şöbənin uğurlu fəaliyyəti və təşəbbüsləri nəticəsində həmin dialoqa doğru böyük addımlar atılıb, yetərincə ciddi nailiyyətlər əldə olunub. Sadəcə 1-2 təşkilat var ki, hər zaman olduğu kimi cığallıq edirlər, qaraguruh fəaliyyətlərini davam etdirirlər, dialoqu dəstəkləmirlər. Bu da gözlənilən idi. Çünki həmin təşkilatların, konkret olaraq AXCP və Müsavatın heç bir zaman dialoq meyli, istəyi olmayıb. Onlar heç bir zaman sivil mübarizənin tərəfdarı kimi çıxış etməyiblər. Mədəni münasibətlər bu cür qaraguruh nümayəndələrinə həqiqətən yaddır.

Biz eyni zamanda "Siyasi partiyalar haqda” qanunun layihəsi haqda geniş fikir mübadiləsi apardıq və bu qanunun yaxın gələcəkdə qəbulunun mütləq zərurəti haqda danışdıq.



Görüş zamanı 44 günlük müharibədəki möhtəşəm qələbəmiz və bu qələbədən sonra Azərbaycanın mövqeyinin daha da gücləndirilməsi istiqamətində, xüsusən milli məsələlərdə siyasi təşkilatların birliyinin önəmi, vacibliyi də xüsusi olaraq qeyd edildi.

Hesab edirəm, siyasi dialoq çərçivəsində bu cür görüşlərin keçirilməsinin çox böyük faydası var və belə təşəbbüslərin davam etdirilməsi olduqca təqdirəlayiqdir” – deyə millət vəkili fikirlərinə davam edib./Aktual
 
İcmal.Az

RƏYLƏR