Bərdə də yenə etiraz var...

OXUNUB: 390 GÜNDƏM HADİSƏ
Bərdə rayonunda narazılıq yaranıb. ANAXEBER.info-ya daxil olan məlumata görə, narazılığın kökündə rayonun Qazıqurdalı kəndində ət kəsimi sexinin tikilməsi dayanır. Kənd sakinləri bunu ekoloji fəalkət kimi qiymətləndirir. Sakinlər hesab edir ki, kəsim sexinin yeri doğru seçilməyib. Qazıqurdalı kənd sakini Bəhruz Quliyev bildirib ki, tikintisi aparılan ət kəsimi sexi onların evinin yanındadır. Kənd sakininin sözlərinə görə, onlar gəlcəkdə kəsilmiş heyvanların tullantıları hesabına yaranacaq üfunət qoxusuna görə indidən  narahatlıq keçirirlər. "Anti-sanitariya bizim sağlamlığımızı, yaşayışımızı dözülməz edəcək. Ağcaqanad, xəstəlik yayan digər həşəratlar, sahibsiz itlərin təsiri belə yerlərdə həmişə fəal olur. Belə görünür ki, kəsim sexi işə düşəndən sonra biz evimiz də otura bilməyəcəyik. İki yaşlı xəstəmiz var ki, onların həyatı xüsusilə risk altında olacaq. Bu amillər isə  öz növbəsində insanların sağlamlığına və rahatlığına qarşı yönəlir”, - deyə kənd sakini vurğulayıb. Mübariz Qəhrəmanov adlı sakin isə etirazının səbəbini belə əsaslandırıb: "Tikilən kəsim sexi magistral yola çox yaxındır.  Rayonlar və  kəndlərarası avtomobillərin hərəkətində ciddi maneələrin yaranmasına səbəb olacaq. Qonşu evlərlə 6-7 metrlik yaxın olan məsafədə kəsim sexinin olması  sənaye tullantıları baxımından qətiyyən yolverilməzdir. Həmin evlərdə üfunət, ağcaqanadların əlindən yaşamaq heç cür mümkün deyil. Yaşlı, uşaq olanlar üçün isə belə anti-sanitar mühit mənfi fəsadlarını daha çox göstərir. Belə bir sexin tikilməsi ən azında yaşayış evlərindən 500 metr aralıda olmalıdır. Hər tərəfi evlərlə əhatə olunmuş yerdə nə qanun, nə də vicdan belə bir obyektin inşasına yol verir. Buna görə də burada tikilən kəsim sexinin tikilməsinə etiraz edirik. Tikinti dayandırılmalı, kənddən kənar ərazidə tikilməlidir”. Kəsim sexi 6-7 ay əvvəl tikilməyə başlayıb. Narazı sakinlər məsələ ilə bağlı müvafiq qurumlara müraciət etsələr də, nəticəsi olmayıb. Tikinti artıq tamamlanmaq üzrədir. Kənd sakini Fərid Əliyevin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyinin yerli bölməsinin müdiri Vüqar Zeynalovla görüşüblər. O da seçilmiş ərazini məqbul hesab etmədiyini bildirib. Bununla belə, tikinti işlərinin dayandırılmasının onların səlahiyyətində olmadığını qeyd edib. Həmçinin əlavə edib ki, kəsim sexi işə başlayanda Qida Təhlükəsizliyi Agentliyi onlara tələb olunan lisenziyanın verilməsindən imtina edəcək. Sexi tikənlərə gəlincə, məlum olub ki, bu işə Anar və Yusif adlı şəxslər rəhbərlik edirlər. İddialara görə, Yusifin qardaşı Sumqayıt Şəhər Polis İdarəsinin 1–ci polis bölməsinin rəisidir. Tikintinin inşa olunduğu ərazinin isə sahibi dünyasını dəyişib. Bu ərazi sonradan tikinti aparan şəxslər tərəfindən satın alınıb.Bərdə Azərbaycan bölgələri arasında ən çox narazılığın olduğu rayon hesab edilir. İcra başçısı Vidadi İsayev Bərdəyə rəhbrəlik etməklə narazılığın əsasını qoyub. İcra başçısının qanunsuz əməlləri barədə dəfələrlə yazılıb. Hətta Dövlət Təhlükəsizlik Xidməti (DTX) icra hakimiyyətlərində əməliyyatlara başlayanda Bərdəyə də "baş çəkəcəyi” bildirilirdi.
AnaXeber.info
 

RƏYLƏR