Bərdənin tarixi şöhrəti özünə qaytarılır...

OXUNUB: 1084 MARAQLI

Müstəqil respublikamızın, xalqımızın həyatında taleyüklü və əlamətdar hadisələrlə zəngin olan daha bir il – 2017-ci il sona yaxınlaşır. Bəs bu il Bərdə rayonunun iqtisadi, sosial və mədəni həyatında nə ilə yaddaqalan olmuşdur? Əldə edilmiş konkret nəticələr nədən ibarətdir? İşin daha yaxşı təşkili, qazanılmış uğurları daha da artırmaq üçün əlavə imkan və ehtiyat mənbələri varmı? Qarşıda duran konkret vəzifələr, real hədəflər nədən ibarətdir?

Yaxşı deyiblər ki, hər şey müqayisədə meydana çıxır. Bu yazı üzərində işləyərkən apardığımız müşahidələr, son illərdə əldə edilmiş nəticə və göstəricilərin müqayisəli təhlili, ayrı-ayrı kollektivlərdə keçirdiyimiz görüş və söhbətlər nəinki bu uğurları konkret şəkildə əks etdirdi, həm də bu zirvəyə gedən yolun aydın mənzərəsini yaratdı. Burada, əlbəttə, ən əvvəl ölkə Prezidenti İlham Əliyevin bütün bölgələrə olduğu kimi, Bərdə rayonuna da tarixi səfərlərini, göstərdiyi diqqət və qayğısını, bu istiqamətdə imzaladığı fərman və sərəncamları ayrıca qeyd etmək lazımdır. Digər vacib amillər isə yerlərdə işin düzgün təşkili, iqtisadi və sosial məsələlərin həllinə kompleks münasibət, yaradıcı və  təşəbbüskar fəaliyyət, möhkəm icra intizamıdır.

Məsələyə bu baxımdan yanaşdıqda son illər Bərdədə həyata keçirilmiş genişmiqyaslı tikinti-quruculuq işlərindən iqtisadi və sosial yüksəlişdən yalnız böyük fərəh və qürur hissilə danışmaq lazım gəlir. Mən burada, təxminən, 6 il əvvəli xatırlayıram. O zaman, Vidadi İsayev Bərdə rayonuna yenicə icra başçısı təyin olunmuşdu. Söhbətimiz Bərdədən, onun tarixindən, keçdiyi yoldan, günün reallıqlarından olmuşdu. Təzə rayon, yeni komanda, qarşıda duran vəzifələr, həllini gözləyən problemlər... Bununla bərabər, icra başçısı inam və qətiyyətlə danışırdı:

– Bərdə respublikanın geniş ərazisi, məhsuldar torpağı, əlverişli təbii-iqlim şəraiti olan bərəkətli bölgələrindən biridir. Ən başlıcası isə burada zəhmətə, torpağa, halallığa söykənən sadə, işgüzar insanlar yaşayır. Təsadüfi deyildir ki, ölkəmizin bu qədim paytaxtı tariximizin bütün dövrlərində öz xüsusi çəkisi, yeri və sanbalı ilə fərqlənib. Ancaq mövcud hadisələri, reallıqları görüb qiymətləndirməmək, əməli fəaliyyətdə onları nəzərə almamaq ciddi səhflərə gətirib çıxara bilər. Məsələn, bu gün kim əlini ürəyinin üstünə qoyub deyə bilər: Bərdədə hər şey öz qaydasındadır, ehtiyat mənbələrdən, imkan və potensialdan tam istifadə olunub? Əlbəttə, heç kim. Ona görə ki, istifadə olunmamış imkan və ehtiyat mənbələri, az qala, hər addımda var. Söhbət onlardan necə istifadə etməkdən, ilk növbədə, məhz hardan başlamaqdan, əsas diqqət və səyləri hansı sahəyə yönəltməkdən gedir.

Həyatımızın bütün sahələrində olduğu kimi iş üslubu və metodları, təşkilat-idarəetmə məsələlərində də hamımıza parlaq nümunə, sözün əsl mənasında, örnək və həyat məktəbi var. Bu, xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyevin ölməz ideya və əməlləri, ölkə Prezidenti İlham Əliyevin böyük zəkaya, iti ağıla, tükənməz enerjiyə və cəsarətə söykənən titanik fəaliyyətidir. Biz bu zəngin və sonsuz xəzinədən bəhrələnməklə Bərdənin tarixi şöhrətini qaytarmalıyıq.

İcra başçısının bu sözlərində gələcək günlərin, ayların, illərin qayğı və problemlərini, gərgin zəhmət, qaynar, təşəbbüskar fəaliyyətini görürdüm. Bəli, təəssüf ki, necə deyərlər, sutkanı uzatmaq mümkün deyil. Görüləsi işlər, qarşıda duran vəzifələr isə həddən artıq çoxdur. Deməli, əsas tələb, ilk növbədə, məhz ən vacib olanları seçmək və onların müəyyən olunmuş müddətdə konkret həllinə nail olmaqdan ibarət idi.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müasir idarəetmənin, necə deyərlər, nəzəriyyəsini də yaxşı bilir, praktikasını da. Ona görə ki, hər iki sahədə çalışıb. Görünür, elə bu səbəbdəndir ki, ilk gündən hardan, nədən başlamaq məsələsində çətinlik çəkmədi.

Beləcə, qaynar, təşəbbüskar və yaradıcı əməklə dolu aylar, illər bir-birini əvəz etdi. Nəticədə, qədim Bərdənin siması tanınmaz dərəcədə dəyişdi, şəhər xeyli genişləndi. Yeni, müasir binalar tikildi, parklar, xiyabanlar, yaşıllıq zolaqları salındı. İndi Bərdə, belə demək mümkünsə, güllər, çiçəklər şəhərinə çevrilib. Onu da əlavə edək ki, tikinti-quruculuq və abadlıq işləri təkcə rayon mərkəzi ilə məhdudlaşmadı. Ayrı-ayrı yaşayış məntəqələri də inkişaf etdi, yeni infrastruktur layihələri yaradıldı.

Biz burada çoxlu fakt və rəqəmlər göstərməklə müqayisələr edə, təhlillər apara bilərik. Bütün bunları isə, əlbəttə, bir qəzet səhifəsinə sığışdırmaq qeyri-mümkündür. Ona görə də təkcə cari ilin bəzi xarakterik fakt və rəqəmləri üzərində dayanacağıq.

Ötən aylar üzrə 322,6 milyon manatlıq ümumi məhsul, o cümlədən 10,8 milyon manatlıq sənaye, 149, 8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, 48,6 milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Başqa sözlə desək, ötən ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul istehsalı 20,5 faiz, sənaye məhsulu 16,3 faiz, kənd təsərrüfatı məhsulu 12,4 faiz, tikinti-quraşdırma işləri 2 dəfə artmışdır.

Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər davam etdirilmişdir. Dövlət tərəfindən göstərilən diqqət və qayğı sayəsində hazırda 17 min nəfər sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu isə keçən ildəkindən 19,6 faiz çoxdur. İri fermer təsərrüfatlarının yaradılması, aqrar-sənaye parkının genişləndirilməsi, sənaye məhəllələrinin təşkil edilməsi prioritet istiqamətlərdəndir.

Sahibkarlığın inkişaf etdirilməsi üçün kredit təşkilatları tərəfindən 149 sahibkara 1 milyon 447,3 min manat güzəştli kredit verilərək 187 yeni iş yeri yaradımışdır. Ümumiyyətlə, proqramın əvvəlindən 2960 sahibkara 73,9 milyon manat güzəştli kredit verilmiş, bu hesaba 5364 yeni iş yeri açılmışdır.

Rayon mərkəzində Heydər Əliyev prospektində, Ü.Hacıbəyov, Bakı, M.Cəfərov və H.Cavid küçələrində, Heydər Əliyev adına park-bulvarda, 4 saylı musiqi məktəbinin, kommunal yaşayış binalarının ətrafında abadlıq işləri aparılmışdır. 480 yerlik Xanqaraqoyunlu kənd tam orta məktəbi əsaslı təmir edilmiş və əlavə korpus tikilib istifadəyə verilmişdir. 17 kəndi birləşdirən 25 kilometr uzunluğa malik Yeni Daşkənd-Umudalılar kəndlərarası yolun yenidən qurulması başa çatmışdır. Şəhərin prospekt, küçə, park və meydanlarında 1330 kvadratmetr hasar hörülmüş, divarlara 1040 kvadratmetr üzlük çəkilmiş, 380 kvadratmetr əraziyə qranit üzlük döşənmiş, 2700 metr yeraltı elektrik xətləri çəkilmiş, 108 ədəd işıqlandırma dirəyi quraşdırılmışdır. Küçə və meydanlarda, yolların kənarlarında 5 mindən çox ağac və 15 mindən çox gül kolları əkilmişdir. Hacılar kəndində süd qəbulu məntəqəsi tikilmişdir.

Kərimbəyli kəndində içməli su şəbəkəsi tikilmiş, Məşədiibişli kəndində sutəmizləyici qurğu quraşdırılmış, 26 kənddə elektrik şəbəkəsinin yenidən qurulması başa çatdırılmışdır.

Hazırda Mədəniyyət və Gənclər Mərkəzlərinin, Yuxarı Qarabağ kanalının maşın qolunun tikintisi, Bərdə şəhəri və Zümürxan kəndi ərazisində Tərtər çayı yatağında sahilbərkitmə işləri hər biri 1150 yerlik şəhər 2 və 6 saylı tam orta məktəblərinin əsaslı təmiri, "Bərdə” türbəsinin bərpası, İmamzadənin təmiri davam etdirilir.

Bərdə tarixən respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Cari ildə pambıqçılığın, baramaçılığın inkişafının sürətləndirilməsi, şəkər çuğunduru istehsalının artırılması, aqroparkın genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilmişdir. Məsələn, 15 min 846 hektar ərazidə yazlıq bitkilər, o cümlədən 8 min 518,5 hektar sahədə pambıq, 989 hektarda şəkər çuğunduru, 168 hektarda kartof, 2 min 279 hektarda tərəvəz, 1403 hektar sahədə bostan və s. əkilmişdir.

Taxıl zəmilərindən 53 min 506, 3 ton məhsul götürülmüş, hər hektardan orta hesabla 38,3 sentner məhsul istehsal edilmişir. Bundan başqa, 1672, 5 ton qarğıdalı, 1991 ton kartof, 37 min 500 ton tərəvəz, 28 min 200 ton bostan məhsulları istehsal olunmuşdur.

Biz rayonda olarkən pambıq yığımı sona çatmaqdaydı. Məhsul toplanışı üzrə rayon icra hakimiyyəti yanında yaradılmış operativ qərargahın sədri, icra hakimiyyəti başçısının müavini İlham Məmmədovun verdiyi son məlumata görə, bu günə tarlalardan 21 min 553 ton pambıq yığılmışdır. Bu isə keçən ilki nəticədən 3,2 dəfə çoxdur. Məsuldarlıq da yüksək olmuşdur– hər hektardan 25 sentner.

İlham Məmmədov bu il ən çox pambıq əkən kəndlərin də adlarını çəkdi. Mustafaağalı, Qabaqtəpə, Dəymədağılı, Məmmədli, Nazırlı. Qabaqcıl fermerlərdən Elman Nərimanov, hər hektarın məhsuldarlığını 43 sentnerə, İsgəndər Cavanşirov 41 sentnerə çatdırmışlar. Yuri Aliyev isə bu mövsümdə maşınla hamıdan çox, 420 ton pambıq toplamışdır.

Rayonda pambıq qəbulu ilə 4 emal müəssisəsi məşğul olur: MKT, Azərpambıq, kənd təsərrüfatı MMC və fərdi. Ən çox məhsul qəbulu isə MKT-nin payına düşür. Biz müəssisənin direktoru Mehman Abdullayevlə söhbət edirik:

– Bu il 4 min 945 hektarda pambıq yetişdirilmişdir. Torpağın səpinə hazırlanmasından tutmuş yığıma qədər bütün işlər fermerlərlə bağlanmış müqavilə əsasında vaxtında və yüksək keyfiyyətlə aparılmışdır. Nəticə isə gözlənildiyindən də yüksək olmuşdur. Məhsuldarlıq isə 27,6 sentner təşkil edir. Onu da əlavə edək ki, gələcək illər üçün hədəflərimiz daha böyükdür.

Hazırda təsərrüfatlarda 96 min 611 baş iri mal, 144 min 563 baş qoyun və keçi var. 2016-cı ilin eyni dövrünə nisbətən iri malın sayı 2 faiz, qoyun və keçilərin sayı isə 1,3 faiz artıb.

Diri çəkidə 15,3 min ton ət, 58,5 min ton süd, 26,2 milyon əədəd yumurta istehsal edilmişdir. 2016-cı ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,4 faiz, süd 4,1 faiz, yumurta 3,4 faiz artmışdır.

Uzun illər fasilədən sonra baramaçılığın inkişafı üçün tədbirlər görülmüş, rayonun 13 kəndində tut tingləri əkilmişdir. 2017-ci ildə 12,5 ton yüksək keyfiyyətli barama istehsal edilmişdir ki, bu da keçən ildəkindən 2,8 dəfə çoxdur. Gələn ilin məhsulu üçün çəkil ağacları budanmış və yeni tinglərin əkilməsinə müvafiq torpaq sahələri ayrılmışdır.

Biz burada rayonun təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatı sahəsində görülən əsaslı işlərdən, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində əldə olunan böyük uğurlardan da danışa bilərik. Ancaq məqsədimiz təkcə bu deyil. Demək istədiyimiz əsas mətləb ondan ibarətdir ki, bütün bu inkişafın, dinamik yüksəlişin əsasını rayonda mövcud olan mənəvi-psixoloji mühit, sağlam və yaradıcı ab-hava təşkil edir. Bəli, bu gün Bərdə Rayon İcra Hakimiyyətində, onun yerli strukturlarında insan amili, onların vacib sosial ehtiyaclarının yerinə yetirilməsi diqqət mərkəzindədir. İş üslub və metodları, təşkilat-idarəetmə məsələləri, icra intizamı daim təkmilləşdirilir, daha çox elmi münasibət əsas götürülür.

...Bu gün Bərdədə ən çox dəyişən nədir? Qədim şəhər, onun küçə və meydanlarımı? İnsanlar, onların arzu və düşüncələri, mənəvi dünyasımı? Demək çətindir. Hər halda, daha aydın görünən odur ki, bütün bunların hamısı son illərdə baş verib. Deməli, üzü sabaha gedən yol daha aydın, işıqlı və gözəldir.

Ziyəddin SULTANOV,
"Xalq qəzeti”nin
bölgə müxbiri

RƏYLƏR