“Bir səma altında” kitabı haqqında düşüncələrim

OXUNUB: 801 SOSİAL

Böyükağa Mikayıllının qələmə aldığı "Bir səma altında” kitabı Ukrayna mədəniyyətinin, incəsənətinin, təhsilinin, orada yaşayan azsaylı xalqların dünya səviyyəsində tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Azərbaycan, ukrayna və rus dillərində nəşr ediləcək kitabların materialları müəllifin yorulmaz əməyi sayəsində toplanmış, təhlil edilmiş, sətirlərə köçürülmüşdür.

Ukraynanın qədim şəhəri olan Lvovun tarixi, arxitekturası, Lvov Milli Opera və Balet Teatrının binası haqqında geniş məlumatlar oxucunu şəhərlə yaxından tanış edir, onu virtual səyahətə aparır, gələcəkdə şəhəri görmək arzusu yaradır. Lvov Vilayətində yaşayan azsaylı xalqların – husulilərin, boykilərin, lemkilərin kompakt yaşadığı bölgələr yazıçı Böyükağa Mikayıllı tərəfindən ziyarət edilmiş, onların görkəmli şəxsiyyətləri, tanınmış insanları, tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri diqqətlə öyrənilmiş və təhlil edilmişdir.

Görkəmli pedaqoq Anton Semyonoviç Makarenko nəslinin nümayəndəsi Pavlo Makarenko ilə müsahibənin, Azərbaycan, Ukrayna və Polşa müəllimlərinin iştirakı ilə 2016-cı ilin mart ayında Lvov şəhərində keçirilmiş beynəlxalq konfrans haqqında məqalələrin təhsil ictimaiyyəti tərəfindən maraqla qarşılanacağı şübhə doğurmur.

Ukraynada fəaliyyət göstərən müəllif məktəbləri haqqında məlumatlar, dünya şöhrətli mütəxəssis, "Şir balası” Tədris-Reabilitasiya Mərkəzinin rəhbəri Vira Remajevskaya ilə müsahibə, Avropada yeganə olan Ukrayna Çap Akademiyasının fəaliyyəti, Lvov şəhər 28 nömrəli məktəbin tarixi və bu günü haqqında əhatəli informasiya oxucuda maraq yaradır, onun Ukrayna haqqında təsəvvürlərini zənginləşdirir.

İnanıram ki, azərbaycanlı yazıçı-jurnalist Böyükağa Mikayıllının sevə-sevə yaratdığı bu əsər dünya xalqlarını "Bir səma altında” birləşdirəcək, xalqlar arasında sülh carçısı kimi mühüm funksiyanı yerinə yetirəcəkdir.

Samir Mehdi-zadə
"Resurs” Gənclərin İnkişafı İctimai Birliyinin sədri

 

İcmal.Az

RƏYLƏR