Birləşmiş Ərəb Əmirliklərinin “Əl İttehad” qəzetində Azərbaycanda Ramazan ənənələri barədə məqalə dərc olunub

OXUNUB: 962 SOSİAL

Birləşmiş Ərəb Əmirliklərinin geniş oxucu auditoriyasına malik "Əl İttehad” qəzetində Azərbaycanda Ramazan adət-ənənələri barədə məqalə dərc edilib. Məqalənin müəllifi ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirinin xanımı Ülviyyə Şikarova Azərbaycanda İslam dininə verilən dəyərdən, müqəddəs Ramazan ayının qeyd olunmasından, bu ayda insanların xeyirxah işlər görməsindən bəhs edir.


Müəllif yazır ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan daim İslam aləminin tarixi və mədəni mərkəzlərindən biri olub, Azərbaycan xalqı əsrlərlə öz dininə, milli və əxlaqi dəyərlərinə sadiq qalıb. Şərqin və Qərbin qovuşuğunda yerləşən Azərbaycanda hər il Ramazan bayramı qeyd edilir. Hətta azərbaycanlılar bütün dini bayramların qadağan olunduğu sovet dönəmində də oruc tuturdular. Bütün müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da insanlar bu özəl ayı səbirsizliklə gözləyirlər. Azərbaycanlılar xüsusən müqəddəs Ramazan ayında xeyirxah işlər görməyə, insanlara yardım göstərməyə, iftar süfrələri təşkil etməyə və yaxınlarını ziyarət etməyə çalışırlar. Cəmiyyətdə bu cür dəyərlər üstünlük təşkil edir. Eyni zamanda, Ramazan ayında ailələr və dostlar bir araya gələrək müqəddəs Quranı oxuyur, ibadət edirlər. Valideyn himayəsindən məhrum uşaqlar da Ramazanda diqqətdən kənarda qalmırlar. İnsanlar bu müqəddəs ayın ruhunun və bu ayda öyrəndiklərini ilboyu davam etməsi üçün dualar edirlər.

Məqalədə, həmçinin qeyd olunur ki, Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərarlar və gördüyü tədbirlər nəticəsində bir çox ərəb ölkələrində, xüsusən Birləşmiş Ərəb Əmirliklərində Azərbaycana maraq xeyli artıb. Bu ölkədən Azərbaycana gedən turistlərin sayı dəfələrlə çoxalıb. Ərəblərin Azərbaycana marağının vacib səbəblərindən biri də ölkəmizdə İslam dəyərləri, dini adət-ənənələrin qorunması, həmçinin halal qidanın olmasıdır. Bu səbəbdən də Birləşmiş Ərəb Əmirlikləri ictimaiyyəti arasında ölkəmizdə İslam dəyərlərinin qorunması barədə məlumatların yayılması, həmçinin zəngin milli mətbəximizin təbliğ olunması məqsədilə bu ölkədəki səfirliyimiz tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir./azertag

 

İcmal.Az

RƏYLƏR