"BMT Ermənistandan işğalçı qoşunlarını Dağlıq Qarabağdan çıxarmağı niyə tələb etmir?"

OXUNUB: 1052 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Ermənistan tərəfindən həyata keçirilən təxribatlar nəticəsində regionda kövrək qeyri-stabil mühit formalaşıb.

Bu, Latın Amerikası ölkələrində yayımlanan "Telesur Tv" telekanalının internet səhifəsində Çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin "Dağlıq Qarabağ: Digər İşğal" adlı məqaləsində bildirilir.

Müəllif məqaləsində iyulun 4-də Ermənistanın 1994-cü ildən işğal altında saxladığı Dağlıq Qarabağdakı işğalçı qüvvələrinin minaatanlardan və dəzgahlı qumbaraatanlardan cəbhə xəttindən üç kilometr məsafədə yerləşən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Azərbaycanın mülki sakinlərinin - 50 yaşlı Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olduğunu, digər mülki şəxs olan bir qadının yaralandığını və mülki obyektlərə zərər yetirildiyini yazır.

Müəllif tezliklə həll edilməsi vacib olan, lakin digər münaqişələrdə olduğu kimi beynəlxalq ictimaiyyətin Azərbaycan tərəfindən irəli sürülən arqumentlərin legitimliyi və zərərçəkən əhalinin maraqları əsasında həll yolu tapmağa cəsarət etməyərək masa altında saxladığı münaqişənin kəskinləşməsindən cəbhə xəttinə yaxın məsafədə yerləşən Alxanlı və digər yaşayış məskənlərinin yenidən zərər çəkdiyini qeyd edir.

Jurnalist 1992-1994-cü illərdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və yeddi digər rayonunu işğal etdiyini və bu ərazilərin hələ də işğal altında saxlanıldığını, Dağlıq Qarabağ münaqişəsində 2016-cı ildən şiddətli gərginliyin hökm sürdüyünü xatırladaraq, Ermənistan tərəfindən həyata keçirilən təxribatlar nəticəsində regionda kövrək qeyri-stabil mühitin formalaşdığını bildirir. Münaqişənin həlli üçün yaradılan ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransanın həmsədrliyi ilə ərazi bütövlüyünün bərpası barədə Azərbaycanın legitim tələbi qarşısında hələ də əhəmiyyətli bir irəliləyiş əldə etmədiyini qeyd edir.

Minsk qrupunun hərbi əməliyyatların dayandırılmasını tələb etməsinə baxmayaraq, bu münaqişənin həllinin əsasını təşkil edən əsas məsələdə - Ermənistan tərəfindən torpaqların tamamilə qaytarılması barədə irəliləyişin əldə edilmədiyini yazır. O, 2016-cı ilin aprel ayında Minsk qrupu həmsədrlərinin regiona səfərini xatırladaraq, həmsədrlər tərəfindən substantiv və ciddi danışıqlar yolu ilə işğal vəziyyətinin - status kvonun dəyişdirilməsinə çağırışlar edildiyini, lakin Ermənistanın bütün bunlara və mövcud qətnamələrə əməl etməyərək, Azərbaycan xalqına qarşı, hətta cəbhə xəttindən kənarda yerləşən yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatları davam etdirdiyini yazır.

O, qeyd edir ki, Azərbaycan tərəfi hesab edir ki, Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavab verməsi bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər. Bu, işğala əsaslanan status-kvonu dəyişdirə bilmək üçün yeganə yoldur və beynəlxalq hüququn norma və prinsipləri, habelə beynəlxalq təşkilatların qərar və qətnamələri ilə uyğunluq təşkil edir.

Analitik Azərbaycan tərəfinin mövqeyinə istinadən əlavə edir ki, Ermənistan silahlı qüvvələrinin iyulun 4-də hədəflənmiş şəkildə və qəsdən həyata keçirdiyi hərbi hücumlar, torpaqların qaytarılmasını tələb edən beynəlxalq qətnamə və qərarlara məhəl qoymaraq, işğal olunmuş torpaqları qaytarmaqdan imtina etməsi Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir. Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cı ilin Cenevrə Konvensiyası və beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair 1977-ci ildə imzalanmış konvensiyaya 1 saylı Əlavənin ciddi şəkildə pozulmasıdır.

Müəllif, eyni zamanda, Cenevrə Konvensiyasının qeyd olunan Əlavə Protokolun mülki əhalinin mühafizəsinə dair 2 və 4-cü bölmələrinə istinad edərək bu müddəaların və protokolda nəzərdə tutulan digər müddəaların, habelə Uşaqların Hüquqlarına və İnsan Hüquqlarının Müdafiəsi və Fundamental Azadlıqlara dair Konvensiyanın Ermənistan tərəfindən ciddi şəkildə pozulduğunu bildirir.

O, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycan Respublikasının və regionun digər bütün dövlətlərinin ərazi bütövlüyü və suverenliyinin açıq şəkildə bəyan edildiyini qeyd edərək, - "Kim bu təcavüz və Azərbaycanın mülki əhalisinin qətli qarşısında Ermənistandan üzərinə düşən beynəlxalq öhdəlik və məsuliyyətlərini yerinə yetirməsini tələb edir? Nə üçün BMT eyni şəkildə, təcili olaraq hərəkətə keçmir və niyə Təhlükəsizlik Şurası Ermənistan hökumətini qınayaraq nəinki atəşi dayandırmasını, habelə işğalçı ordularını Dağlıq Qarabağdan çıxarmasını tələb etmir?"- deyə bildirir.

Analitik dövlətlərin ərazi bütövlüyü və süverenliyi ilə yanaşı, həm də beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyi barədə məlumat verərək bu norma və prinsiplərə müzakirəsiz və mütləq hörmətin vacibliyinə diqqəti çəkir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bəyanatına isitinad edərək, Azərbaycan silahlı qüvvələrinin düşmənin mülki vətəndaşlara və silahlı qüvvələrə qarşı hücumlarına qarşılıq vermək və təcavüzkarın mövqelərinə cavab zərbələri endirmək üçün hazır vəziyyətə gətirildiyini qeyd edir.

Ermənistanın torpaqları qaytarmaqdan imtina edərək, dünyanın heç bir dövləti tərəfindən tanınmamış qondarma "respublika"nın Azərbaycanın tərkib hissəsi olmasını heç bir vəchlə qəbul etmədiyi bir şəraitdə münaqişələri həll etmək üçün tərəflərin mövqelərini uzlaşdırmağa çalışan beynəlxalq təşkilatların üzərinə çətin bir iş düşdüyünü yazan jurnalist, Ermənistanın bu cür siyasəti qarşısında - "Bu cür şəraitdə necə söyləmək olar ki, Ermənistan sülhdən və münaqişənin həll edilməsini istəyir. Bu cür bəyanat məntiqsiz olduğu qədər, həm də gülünc və qəbuledilməzdir və Ermənistan beynəlxalq ictimaiyyətin ən ağır sanksiyalarına layiqdir"- deyə beynəlxalq ictimaiyyəti ədaləti dəstəkləməyə səsləyir.

Beynəlxalq analitik məqalənin sonunda, regionda sülhə və sabitliyə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə nail oluna biləcəyini vurğulayaraq, 1992-1994-cü illər müharibəsinin minlərlə insanın ölümü ilə nəticələndiyini, 50 yaşlı Quliyeva Sahibə və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyevanın münaqişə zonasında yaşamağın bədəlini öz həyatları ilə ödədiklərini qeyd edir. O bildirir ki, bu gün dünya ictimaiyyətinin əsas narahatlıqları içərisində Ermənistanın təcavüzkar aktları, Dağlıq Qarabağ və onun Azərbaycanın suverenliyinə qaytarılması məsələsi də yer almalıdır və Dağlıq Qarabağ daha dünyadakı mövcud işğal olunmuş ərazilərdən biri olaraq qalmağa davam edə bilməz.

Nəşr olunmuş məqalədə, həmçinin, Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin xəritəsi və 4 iyul tarixində həlak olmuş Füzuli rayonunun Alxanlı kəndininin sakinləri Sahibə Quliyevanın və onun nəvəsi 2 yaşlı Zəhra Quliyevanın fotoları yer alıb.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb./trend

İcmal.Az

RƏYLƏR