Borjomidə dincələn Əhəd Abıyev öz yalanını faş etdi - Özəl

OXUNUB: 2021 Seçilmiş Önəmli GÜNDƏM TƏHLİL

Daşkəsənin icra başçısı Əhəd Abıyev elə həftə yoxdur ki, mətbuatda görünməsin. Qalmaqallı və insafən mediaya açıq bir məmur olan Ə.Abıyev barəsində hər gün qulaq nəsə eşitməsə "kar” olar. Bunun nədən irəli gəldiyi bilinməsə də, bu icra başçısı tez-tez diqqət mərkəzinə düşür.

Belə nəticə hasil olur ki, ya onun əleyhinə kampaniya aparan dairələr var, ya onu gözü götürməyən adamlar var yaxud da fəaliyyətində, əməllərində hansısa nüanslar ortalığa çıxır.

Ötən həftə də Daşkəsən "kral”ının səhhətində problemlər yaranması və təcili olaraq Almaniyaya aparılması xəbəri yayılmışdı. Lakin Ə.Abıyev açıqlamasında bunun cəfəng olduğunu söyləyib, özünü salam hiss etdiyini bildirib.

Yayıminfo İcra başçısının çıxışında çox mühüm bir məqama diqqət çəkir. Bu nüans Ə.Abıyevin yalanının üstünü açmağa xidmət edib. Belə ki, icra başçısı açıqlamasında iki ilə yaxındır heç bir heç bir xarici dövlətdə olmadığını vurğulayıb.

Amma elə bu yay Gürcüstana səfər edən, Borjomidə dincələn Ə.Abıyev bu haqda özü açıqlama da vermişdi.

Sitat: "Hətta Bakı şəhərinə belə Prezident Administrasiyasının icazəsi olmadan Daşkəsəni tərk etməmişəm. Səhhətim də, rayondakı işlərimiz də çox yaxşıdır, heç bir problemimiz yoxdur”.

İndisə gəlin iyun ayında icra başçısının verdiyi açıqlamaya diqqət edək: "Hazırda Gürcüstanın Borjomi şəhərində istirahət edirəm. Hamı kimi, sadə bir yerdə özüm üçün istirahət edirəm. Gürcüstanda 100 manatla nə qədər istəsən dincələ bilirsən”.

Göründüyü kimi, özü-özünü inkar edən Ə.Abıyev ictimaiyyətə, ölkə rəhbərliyinə yalan danışmağa cəhd edib. Gürcüstanda istirahətin 100 manata başa gəldiyini və Borjomidə olduğunu iyunda bəyan edən icra başçısı avqustda 2 ldən çoxdur xaricdə olmadığını qeyd edir.

Ya Abıyev Gürcüstanı xarici ölkə hesab eləmir, ya da verdiyi açıqlamaları unudur və bilmir ki, harda hansı yalanı danışıb.

Üstəlik, icra başçısı bildirmişdi ki, Azərbaycanda istirahət bahadır, Gürcüstanda isə su qiymətinədir. Başçı deyir ki, Gürcüstanda 100 manata istədiyin kefi edə bilirsən.

Bundan əlavə, özü ilə su gətirəcəyini söyləyir. İcra başçısı ölkədə su problemini, suların keyfiyyətini və qiymətini də diqqətə çatdırmış olur.

Ancaq ən əsası Ə.Qarayevin turizm siyasətinə yerdən yerə vuraraq deyir ki, bütün Qazax, Tovuz, Daşkəsən sakinləri Gürcüstandadır.

İstirahətdə olarkən Ə.Abıyevin Gürcüstandan Almaniyaya getməsi versiyası istisna deyil.

Həmçinin, onun on iki il ərzində hansı ölkələrə səfər etdiyin Dövlət Miqrasiya Xidmətinə və Sərhəd Xidmətinə sorğu göndərməklə müəyyən etmək olar.

Təbii ki, Ə.Abıyevin xaricə səfərlərində heç bir qəbahət yoxdur. Hər bir vətəndaşın istirahət hüququ var və istədiyi ölkəni seçim edə bilər.

Eləcə də icra başçısı arzuladığı ölkələrə məzuniyyət dövründə gedə bilər. Sadəcə, məsələ onun iki açıqlamasının bir-birini təzkib etməsidir. Bir yanda Borjomidə dincəlir, o bir yandan iki ildən çoxdur ayağını sərhəddən o tərəfə atmadığını açıqlayır.

İctimaiyyətə, mətbuata yalan informasiya vermək, qeyri-ciddi yanaşmaq, prezidentin "jurnalistər mənim köməkçilərimdir” deməsinə baxmayaraq mediaya qarşı belə münasibət sərgiləmək ölkə rəhbərliyinə də hörmətsizlikdir, xalqa da yalan danışmaqdır.

Ümumiyyətlə, dekabrın 15-dək prezidentə təqdim olunacaq arayışda icra başçılarının fəaliyyətinə nəzər yetiriləcək.

Onların investor cəlb olunması istiqamətində gördüyü işlərə baxılacaq, rayon camaatı ilə işləməsinə qiymət veriləcək, mətbuatda adı daha çox hallanan, lazımsız qalmaqallara qarışan məmurlar barəsində qərar veriləcək

Bu xüsusatda dekabrın 15-dək Ə.Abıyev üçün də sınaq müddətidir və onun özünü necə aparmasından asılı olaraq vəzifədə qalmasına baxılacaq. Bununla belə onun fikirlərini də dərc etməyə hazırıq.


Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 
 
 İcmal.Az

RƏYLƏR