BU GÜN GÖRKƏMLİ ALİMİN ANIM GÜNÜDÜR - FOTOLAR

OXUNUB: 768 MARAQLI

1992-ci ilin noyabrında Heydər Əliyevi dəstəkləyən Yeni Azərbaycan Partyasının təməlləri atılanda bu qurumu elan edənlərdən biri – dəyərli ziyalı, istedadlı alim Zakir Sərdarovun anım günüdür.

Zakir Sərdarov1941-ci il dekabrın 31-də qədim yurd yerimiz olan Qərbi Azərbaycanın Qaraqoyunlu mahalının Yanıqpəyə kəndində qulluqçu ailəsində anadan olub.

Aldığı mükəmməl təhsil Zakir müəllimi bütöv şəxsiyyət kimi fomalaşdırmışdı. O, 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) Tarix-filologiya fakultəsinə daxil olub. Yaradıcılıq həvəsi olduğundan gənc yaşlarında "Xəzər dənizçisi" qəzetində əmək fəaliyyətinə başlayıb.

Tanıyanlar deyirlər ki, Zakir Sərdarovu elə tələbəlik illərindən pinsipial, çalışqan, əqidəli, sözübütöv şəxsiyyət kimi görüblər.

Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş Zakir Sərdarov bir il Salyan rayonunda müəllim işləyib. Yazıb-yaratmaq həvəsi günü-gündən artan Zakir Sərdarov tezliklə əyalətdən Bakıya gəlib.

1969-1971-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqında ədəbi işçi, eyni zamanda, Bakı Bədən Tərbiyəsi Texnikumunda müəllim işləyib. 1971-1984-cü illərdə "Gənc müəllim" qəzetinin redaktoru vəzifəsində çalışıb, daim ictimai problemləri vicdanlı sözlə qələmə alıb, haqqı əzilənin tərəfini verməyib. Daha sonra məzunu olduğu İnsititutda işləməyə başlayıb.

1982-ci ildə "SSRİ-in Bolqarıstan Xalq Respublikası ilə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlığına Azərbaycan SSR-in töhfəsi” mövzusunda dissertasiya işini müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsini alıb.

Elmi işini əzmlə davam etdirən Zakir müəllim müxtəlif arxivlərdə milli tariximiz üçün son dərəcə dəyərli fatkları, sənədləri üzə çıxarıb. Elmi araşdırmalarının əsasında 5 kitab, 300-dən artıq elmi məqalə qələmə alıb, 4 monoqrafiyanın müəllifi olub.

SSRİ və Azərbaycan Jurnalistləri İttifaqının üzvü olmuşdur.

Zakir Sərdarovun elmi kadrların hazırlanmasında böyük xidmətləri olub.

Zakir Sərdarov hələ ötən əsrin 80-cı illərindən məkrli erməni yalanlarına qarşı çıxan, elmi əsərləri ilə onları cəsarətlə ifşa edən alimlərdən idi. Vətənpərvər alim ermənilərin qədim türk yurdu İrəvana və Qarabağa köçürülmə xalq olduğunu yazır, sovet imperiyası ideoloqlarının siyasətini ifşa edirdi. 1990-cı illərdə imperıya rəhbərliyinin işğalçılıq siyasətinə qarşı çıxdıqlarına görə Bakı şəhərinin hərbi komendantı, polkovnik Valeri Bünyadov Səfyar Musayev və Fərəməz Maqsudovla birgə Zakir Sərdarovu da iki günlük həbs etdirmişdi.

Zakir Sərdarov Yeni Azərbaycan Partiyasının yaradılmasında fəal iştirak edib. O, Heydər Əliyevə müraciət imzalamış "91-lər”dəndir. Həyat fəaliyyətindən də məlum olur ki, Zakir Sərdarov Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq olub. Heydər Əliyev Naxçıvanda olduğu dövrdə dəfələrlə onunla görüşüb, dəyərli məsləhətlər alıb. O, vaxtilə Milli Məclisin qarşısında yaş senzinin aradan qaldırılması üçün keçirilən mitinqlərdə fəal iştirak edib.

1995-ci ildə Heydər Əliyevin siyasi iradəsi ilə ölkənin Konstitusiyası qəbul edildi, müstəqillik dövründə ümumxalq səsverməsi ilə seçilmiş Milli Məclisin ilk tərkibi bəlli oldu. Zakir Sərdarov da birinci cağırış Parlamentə 24 saylı Nəsimi dairəsindən üzv seçildi.

O, millət vəkili kimi də fəallıq göstərib, seçicilərinin problemləri ilə yaxından maraqlanıb, onlara daim yardımçı olub. Zakir Sərdarov Milli Məclisin kürsüsündən, deputat mandatının verdiyi imkanlardan yalnız dövlətçiliyin möhkəmlənməsi, Heydər Əliyev ideyalarının geniş yayılması üçün istifadə edib, şəxsi problemlərini heç zaman qabartmayıb.

Qızıl Qələm mükafatı laureatıdır.

Zakir Sərdarov sağlığında böyük hörmət-izzət sahibi olan, haqq dünyasına qovuşduqdan sonra çoxlarının xatirəsində kamil insan, sədaqətli dost, vətənpərvər ictimai-siyasi xadim, unudulmaz müəllim və qayğıkeş ailə başçısı kimi qalıb.

Zakir Sərdarov 1999-cu il dekabrın 14-də vəfat edib. Mərhum II Fəxri Xiyabanda dəfn olunub.

 



RƏYLƏR