Bu gün Azərbaycan Mərkəzi Bankı mühüm qərar açıqlayacaq

OXUNUB: 1084 İQTİSADİYYAT BANK
Azərbaycan Mərkəzi Bankının pul siyasəti qərarlarının ictimaiyyətə açıqlanması qrafikinə əsasən Bankın İdarə heyətinin növbəti iclası 30 iyul 2020-ci il tarixində keçiriləcək və faiz dəhlizinin parametrlərinə dair qərar açıqlanacaqdır.

Marja-nın məlumatına görə, 2020-ci ilin yanvar-iyun aylarında 3% olan inflyasiya Mərkəzi Bankın 4-6% olan hədəf aralığından aşağıdır. Apreldə kəskin ucuzlaşmış neft may-iyulda bir qədər bahalaşıb. İnflyasiyanın Mərkəzi Bankın hədəf aralığında aşağı olması, neft qiymətlərinin bir qədər yüksəlməsi və Manatın məzənnəsinə yuxarı istiqamətdə təzyiqin azalması bu gün də Mərkəzi Bankın faiz azaldacağı ehtimalını gücləndirir. Eyni zamanda koronovirusun pandemiyası ilə əlaqədar olaraq qeyri-müəyyənlik davam edir.

Mərkəzi Bank bəyan edib edib ki, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın elan edilən hədəf intervalında saxlanılması, maliyyə sabitliyinin qorunması və iqtisadi aktivliyin dəstəklənməsi prioritetləri arasında optimal balansın qorunmasına yönəldiləcəkdir.

SON 4 İCLASDA UÇOT FAİZ DƏRƏCƏSİ 2 DƏFƏ AZALDILIB

2020-ci ildə Mərkəzi Bankın İdarə Heyətinin artıq 4 dəfə iclası keçirilib. 

31 Yanvar 2020-ci il tarixində keçirilmiş iclasda Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 25 baza bəndi azaldılaraq 7.5%-dən 7.25%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyənləşdirilmişdi (9% və 5.5%).

19 mart 2020-ci il tarixində keçirilmiş iclasda isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdı. Mərkəzi Bank inflyasiya risklərinə görə uçot dərəcəsini dəyişməz saxlamışdı.

1 May 2020-ci il tarixində isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25% və faiz dəhlizinin aşağı həddinin 6.75% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8%-ə endirilmişdir.

19 İyun 2020-ci il tarixində isə Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 7.25%-dən 7%-ə endirilməsi haqqında qərar qəbul etmişdir. Faiz dəhlizinin aşağı həddi 6.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsində müəyyən edilmişdir.

RƏYLƏR