Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

OXUNUB: 688 SOSİAL

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

İcmal.Az xəbər verir ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada olmaqla, saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək.

İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin ixtisas fənləri üzrə topladığı test balı 50-dən, ümumi balı 90-dan az olmamalıdır.

Məlumat üçün bildiririk ki, bu il rezidenturaya ərizə təqdim edən namizədlərdən 655 nəfəri imtahanın I mərhələsinin (9 aprel 2017-cı il) müsabiqə şərtini ödəyərək (40 və daha çox bal toplayaraq) imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İkinci mərhələyə buraxılan namizədlərin 439 nəfəri qız, 216 nəfəri oğlandır. 586 namizəd Azərbaycan bölməsinin, 69 namizəd rus bölməsinin, 363 namizəd cari ilin, 292 namizəd isə əvvəlki illərin məzunudur, 1 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 633, Naxçıvan şəhərində isə 22 namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 11 imtahan rəhbəri, 83 zal nəzarətçisi ayrılıb.

 

İcmal.Az

RƏYLƏR