Bu restoranlarda reyd - 8 vəhşi heyvan müsadirə olundu

OXUNUB: 1073 GÜNDƏM HADİSƏ
Bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi restoranlar, istirahət mərkəzlərində müxtəlif növ quş və yırtıcı heyvana rast gəlmək olar.
 
Elə bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) belə halların aradan qaldırılması üçün mütəmadi olaraq reydləri artırdı. 
Amma keçirilən reydlərə, görülən tədbirlərə baxmayaraq, bəzi restoranlar həyətlərində quraşdrdığı qəfəslərdə vəhşi heyvan və quş növləri saxlamağa davam edirlər. Məsələn, Hacıqabul rayonu Pirsaat qəsəbəsində Bakıya gələn yolun kənarında yerləşən "Fədək” istirahət mərkəzinin həyətində hər növ quş və vəhşi heyvan növünə rast gəlmək mümkündür. Bəs orada heyvan və quşların saxlanılması qanuna müvafiq həyata keçirilirmi?
 
ESTN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin məsələ ilə bağlı Modern.az-a verdiyi məlumata görə, nazirliyin hər rayonda monitorinq qrupları var:
"Monitorinqlər mütəmadi olaraq həyata keçirilir. Aprel ayının əvvəlində keçirilən reydlər zamanı Ağstafa rayonu "Yaşıl Göl” istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu "Çənlibel” istirahət mərkəzində 2 dağıstan turunun və Füzuli rayonu "Qarabağ” istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri - sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib.
Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində prokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib. "Yaşıl Göl” və "Çənlibel” istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. Heyvanlar reabilitasiya müddətindən sonra vəhşi təbiətə qaytarılacaq”.

R.Mirzəyev deyib ki, "Fədək” İstirahət Zonasının həyətindəki heyvanlarla bağlı müvafiq araşdırma aparılıb:
"Məlum olub ki, onların hamısı xaricdən qanunamüvafiq gətirilən quş və heyvanlardır. Onların hər biri gömrük məntəqəsindən keçib və sənədləşdirilib. Zonada Azərbaycan təbiətindən qanunsuz götürülən quş və heyvan yoxdur”.
 
Qeyd edək ki, 2017-ci ilin yanvar-mart ayları ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 65 vətəndaş saxlanılaraq onlardan 61 ov tüfəngi, 147 patron, qanunsuz ovlanmış 11 quş və 4 heyvan götürülüb.
 
İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokollar tərtib edilərək 56 nəfərə 58136 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

RƏYLƏR