Büdcədə bəzi istiqamətlər üzrə xərclər artırıldı

OXUNUB: 692 İQTİSADİYYAT

"Prezident İlham Əliyevin tapşırığı əsasında bir sıra təşkilatların büdcələri üzrə xərclərin artırılması üçün, o cümlədən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına prezident əlavəsinin tətbiqi ilə əlaqədar, Azərbaycan Respublikasının Energetika Nazirliyinin və Polşada Açılacaq Ticarət Nümayəndəliyinin bəzi xərclərin tənzimlənməsi üçün əlavə vəsait ayrılacaq”.  

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında maliyyə naziri Samir Şərifov deyib. O bildirib ki, Bakı şəhərində sahibsiz heyvanların idarə olunması probleminin həlli üçün də əlavə vəsaitin ayrılması nəzərdə tutulub: "Bu məsələlərlə əlaqədar əlavə 3,8 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Təhsil bölməsində Təhsil Nazirliyinin sair xərclər maddəsində nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək tələbələrə verilən təqaüdlər xərc maddəsinə yönəldiləcək.

Beləliklə, 2018-ci il üçün həmin maddə üçün xərclər 70 milyon manata çatdırılacaq ki, bu da cari illə müqayisədə 11,3 milyon manat və ya 19,3% çoxdur. Hesab edirik ki, bu da 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı təqaüdlərlə bağlı yaranmış anlaşılmazlıqları tam aradan qaldırır”.  

İcmal.Az

RƏYLƏR