“Bunlar hələ də öyrətməyin yolunu öyrənməyiblər” – Ekspertdən ittiham

OXUNUB: 607 GÜNDƏM SOSİAL
"Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin nəticəsi açıqlandı. III qrant müsabiqəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb təsdiqlənib. Qalib gələn məktəb və müəllimləri təbrik edirəm və ümid edirəm ki, layihələr həqiqətən də yerinə yetiriləcək”.
İcmal.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O, bildirib ki, fərdi 115 layihəyə 427438 manat, 53 təhsil müəssisəsinin layihələrinə isə 650025 manat vəsait ayrılıb. Bu da o deməkdir ki, III qrant müsabiqəsi büdcəyə 1.077.463 manata başa gəlib. 

Ekspertin sözlərinə görə, bu qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. 

"Amma görək buna qədər keçirilmiş l və II qrant müsabiqəsi qarşıya qoyulan məqsədə çatıbmı?” – deyə K. Əsədov sual edir. 

"Qrant layihəsi həyata keçirilir, bu lazımdır, labüddür, amma burada hesabatlılıq və əsas da, monitorinq və qiymətləndirmə olmalıdır. Yəni hansısa bir özəl qurum, QHT bu layihələri yoxlamalı, monitorinq aparılmalıdır ki, həqiqətən də dövlət büdcəsindən ayrılan vəsaitlərin düzgün istifadə olunur.”

Ekspert həmçinin bildirib ki, bir-birini təkrarlayan, əvvəlki qrant müsabiqəsində olan, indi cüzi adı dəyişmiş layihələr var: "Misal üçün "Oxumadan öyrənək!" və "Oynayaraq öyrənirik" və ya "Öyrənərək öyrədək" və ya "Dinlə və öyrən" və ya "Öyrətmək yenidən öyrənməkdir" adlı layihələr. Bir-birini təkrarlayır və hər 3 qrant müsabiqəsində istifadə olunur və hələ də bunlar öyrətməyin və öyrənməyin yolunu, mümkünlüyünü müəyyən edə bilməyib?!

Bu kimi layihələrə ümumiyyətlə, ehtiyac yoxdur və effektiv deyil. 

Ümid edirəm ki, bundan sonra ayrılmış vəsaitlər monitorinq olunacaq və bundan sonra daha çox ehtiyac duyulan istiqamətlərə vəsait ayrılacaq.

Maraqlıdır ki, əvvəlki qrant müsabiqəsinin qalibi olmuş layihələr hansı ciddi problemi həll edib, hansı dəyişiklik, uğur əldə olunub?

III qrant müsabiqəsində qaliblər sırasına düşən diqqətimi çəkən bir də o oldu ki, özəl litseylərə də vəsait ayrılıb. Özəl sektorun inkişafı lazımdır, amma etiraf edək ki, onların gəlirləri kifayət qədər çoxdur. Hal-hazırda illik təhsil haqqı bir şagird üçün 10-15 min manat olan liseylər var və onların istənilən layihəni maliyyələşdirmək üçün büdcələri var. Həqiqətən də özəl liseylərin layihələri vacib, ehtiyac olan layihələrdirsə, elə öz liseylərində, öz vəsaitləri hesabına bunu etsinlər. Daha dövlət büdcəsini niyə cəlb edilər?”.

İcmal.Az

RƏYLƏR