“Bütün uğurların səbəbi dövlətimizin gücü və yürüdülən düzgün siyasətdir” – MÜSAHİBƏ

OXUNUB: 183 SİYASƏT
Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı, Parlamentin Regional Məsələlər Komitəsinin sədr müavini Elşən Musayevin 7News.Az-a müsahibəsi.

Elşən müəllim, ilk sualım büdcə müzakirələri ilə bağlıdır. Artıq sabah Milli Məclisdə 3-cü oxunuş olacaq. Büdcə sənədini necə qiymətləndirirsiz?

2022-ci ilin büdcə sənədi yetərincə peşəkar hazırlanıb. Eyni zamanda sosial yönümlüdür və bütün çağırışlara cavab verir. Üstəlik, xüsusi bir məqamı altını çizərək vurğulayım: bu dəfəki büdcə müstəqillik tariximizin ən böyük büdcəsidir.

Müzakirələr gərginmi keçdi?

Gərgin deməzdim. Amma yetərincə fikir mübadiləsi, diskussiyalar oldu, suallar verildi, cavablar alındı. Bilirsiniz ki, plenar iclasdan əvvəl bütün layihələr ilk öncə komitə iclaslarında müzakirəyə çıxarılır. Biz də həm komitə iclaslarında, həm də plenar iclasda öz sözümüzü dedik, fikirlərimizi bölüşdük. Və qeyd edim ki, bu dəfə büdcə müzakirələrində ilk dəfə idi, Milli Məclis Sədrinin təşəbbüsü ilə siyasi partiya sədrləri profil komitənin iclasına da dəvət almışdılar. Şəxsən mən 3 komitədə iclaslara qatıldım. Yəni, geniş fikir mübadləsi üçün hərtərəfli, tam şərait yaradılmışdı. Bu da olduqca əlamətdar haldır.

Konkret olaraq siz hansı məsələləri qaldırdınız və hökümət üzvlərinin nəzərinə çatdırdınız?
 
Mən ilk öncə təmsil olunduğum Zaqatalanın problemləri haqda danışdım. Bu problemlər içində qaz və su məsələsi daha qabarıqdır. Ona görə çıxışımı əsasən həmin istiqamətdə qurdum. Və deyim ki, əslində məlum mövzuda mən əvvəllər də danışmışdım. Sadəcə indi əhalini narahat edən məsələləri hörmətli hökümət üzvlərinin diqətinə daha detallı şəkildə çatdırmaq imkanım oldu. Suallarıma da cavab aldım. Eyni zamanda hesab edirəm ki, həmin problemlər mərhələ-mərhələ öz həllini tapacaq.

Hər halda müharibədən yeni çıxmış bir ölkənin büdcəsində artım dinamikasının müşahidə olunması yetərincə böyük bir uğurdur...

Tam doğru deyirsiz. Amma mövzu bir tək müharibə deyil. Həm də pandemiya şəraitini nəzərə alın. Düşünürəm, bu gün dünyada elə bir dövlət yoxdur ki, pandemiya şəraitində öz büdcəsini belə bir sürətlə artıra bilsin. Bu, həqiqətən çox böyük bir uğurdur. Həmin uğurun səbəbi isə dövlətimizin gücü və yürüdülən düzgün, məqsədyönlü siyasətdir.

Büdcə ilə bağlı çıxışınızda həkimlərin maaşının artırılmasının da vacib olduğunu vurğulamısız.

Bəli, vurğulamışam. Həkimlər Azərbaycanın sərvətidir, onlar bizim baş tacımızdır. Müharibə və pandemiya dövründə  dəyərli həkimlərimiz çox əziyyət çəkdilər, böyük əmək sərf etdilər, fədakarlıq göstərdilər. Bu gün də həmin fədakarlığa davam edirlər. Eyni zamanda bir məqamı qeyd edim: Ələlxüsus son proseslərdə səhiyyə sistemində çalışan rəhbər şəxslərə göndərdiyimiz bütün sorğu və müraciətlər müsbət cavablandırıldı. Həmin müraciətlərə dərhal reaksiya verildi. Zaqataladan olan bir çox qazilərimiz, qəhrəman igidlərimiz səhiyyə ocaqlarında müalicə aldılar. Əsas müraciətlərimiz isə Tibb Universitetinin nəzdində olan Cərrahiyyə Klinikasına olurdu. Konkret olaraq Tibb Universitetinin rektoru, hörmətli Gəray Gəraybəyliyə dəfələrlə müraciət etdim. Sağ olsun, bütün müraciətlərimi böyük insanpərvərliklə, diqqətlə qarşıladı, əsl vətəndaş, peşəkar həkim, ziyalı mövqeyi sərgilədi. Qazilərimiz də çox şükürlər olsun ki, sağ-salamat öz ailələrinin yanına qayıtdılar. Ayrıca, pandemiya dövründə də həkimlərimiz sözün gerçək anlamında döyüşdülər. Elə həkimlərimiz var ki, aylarla evlərinə getmədilər, övladlarının üzünü görmədilər, palata, reanimasiya otaqlarında xəstələrin keşiyini çəkdilər, onların həyatını xilas eləməyə çalışdılar. Mən bütün bu məqamları nəzərə alaraq söyləmişəm ki, həkimlərə diqqət daha da artmalıdır və məlum kontekstdə onların əmək haqqlarının yüksəlməsi səhiyyə işçiləri üçün böyük stimul olar.

Elşən müəllim, siz Milli Məclisdə təmsil olunan Siyasi Partiya rəhbərlərindən birisiniz.  Hazırda Siyasi Partiyalara olan münasibət hansı səviyyədədir? Həmin münasibətlər sizi qane edirmi?

Bəli. Qane edir. Əsas da son dövrlər. Daha dəqiq desəm, Prezident Administrasiyasında müvafiq şöbə yaradılandan sonra bizlərə münasibət yaxşı mənada kökündən dəyişib, diqqət tamamən artıb. Artıq partiyaların fəaliyyəti siyasi sistemdə aydın sezilir, böyük aktivlik hiss olunur. Son seçkilərdən sonra Parlamentdə də siyasi partiya nümayəndələrinə böyük etimad göstərildi, onlar müxtəlif rəhbər vəzifələrdə təmsil olundular. Eyni zamanda məlumat üçün deyim ki, son 2 ildə 10-a yaxın siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib, 30-a yaxın partiyaya ofis verilib. Bütün bunlar isə olduqca sevindirici və faydalı addımlardır.  

Növbəti seçkilərdə də partiyaların siyasi fəallığını müşahidə etmək mümkün olacaqmı?

Mütləq olacaq. Buna kimsə şübhə etməsin. Bütün siyasi partiyalara öz gücünü göstərmək üçün gərəkli və münbit şərait yaradılıb. Azərbaycan demokratik ölkədir və bu ölkənin İlham Əliyev kimi müasir düşüncəli, peşəkar, xalqına bağlı bir rəhbəri var. Üstəlik, hazırda yürüdülən siyasətin əsas prioritetləri sırasında da siyasi partiyaların rolu çox yüksək qiymətləndirilir və seçki dövründə bütün siyasi qüvvələr öz iradələrini rahat və azad şəkildə ifadə edə bilirlər. Bundan sonra da hər zaman belə olacaq.

Müsahibə üçün təşəkkür edirəm.
 
7News.Az

RƏYLƏR