Cinlərə qonaqlıq verən, deputat və vəzifəli şəxslərin pənah yeri “Cindar Hüseyn” (TƏFƏRRÜAT)

OXUNUB: 506 MARAQLI GÜNDƏM
Fala baxmaq adı ilə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən ana və oğlu hakim qarşısına çıxarılıb.

7news minval.info-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Lalə İbrahimova və oğlu Hüseyn Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatlarında yazılır ki, Lalə İbrahimovanın bir övladı var. O, həyat yoldaşının vəfat etdiyini deyib.

İttiham aktını almadığını deyən L.İbrahimova bunun səbəbini belə izah edib: "Mən etiraz olaraq götürmədim. Çünki iş birtərəfli aparılıb. Mən obyektivliyə inanmıram. Bizə qarşı təzyiqlər, haqsızlıqlar olub. Mən məhkəmənin də ədalətli olacağına inanmıram. Heç vəkilimiz də yoxdur. Belə olan halda məhkəmə neçə gedə bilər?”

Hakim təqsirləndirilən şəxsə izah edib ki, onun hakimə sual vermək ixtiyarı yoxdur. Hakim izah edib ki, iş məhkəməyə göndərilib və onlara dövlət hesabına vəkil də təqdim ediləcək.

Lalə İbrahimova dövlət hesabına təyin edilmiş vəkildən imtina etdiyini, özünün başqa vəkillə müqavilə bağlayacağını deyib. Hakim bildirib ki, yeni vəkillə müqavilə bağlanacağı təqdirdə növbəti mərhələdə işə buraxılacaq.

Prosesdə elan edilib ki, zərərçəkmişlərin bəziləri məhkəməyə mülki iddia təqdim etməyib. Məhkəmənin gedişində zərərçəkmişlərlə Lalə Ibrahimova arasında mübahisə yaranıb. Tərəflər bir-birinə qarşı ittihamlar səsləndiriblər. Hakimin müdaxiləsindən sonra tərəflər sakitləşib.

Məhkəmə iclası aprelin 22-də davam etdiriləcək. Minval.info xəbər verir ki, ittihama görə, "Cindar Hüseyn” ləqəbi ilə tanınan falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar. Hüseyn Əlizadə anası ilə birlikdə bir neçə nəfərə qarşı dələduzluqda ittiham edilir.

Zərərçəkmişlərdən biri olan Rübabə Ağayeva külli miqdarda pul və qızıl-zinət əşyalarını ana və oğluna verdiyini deyib. Rübabə Ağayeva bildirib ki, "Cindar Hüseyn”ə ümumilikdə 300 min manata yaxın pul – 57 min dolları, 15 min Böyük Britanya funt sterlinqi, 47 min manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.

Məlumata görə, "Cindar Hüseyn”in müştəriləri arasında deputatlar və ayrı-ayrı vəzifəli şəxslər də olub. O, cinlərə qonaqlıq vermək, caduları pozmaq adı ilə xeyli insanı aldadıb.

İş üzrə ümumilikdə 13 nəfər zərərçəkmiş var. Onların bəziləri qızıl alveri etmək məqsədi ilə Lalə Ibrahimova ilə tanış olublar. Sonra isə aldadıldıqlarını, qızıllarının ələ keçirildiyini deyirlər.

RƏYLƏR