Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanıldı

OXUNUB: 71 SOSİAL

"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əlavə 100 evin tikintisinə başlanılıb".

Bunu azvision.az-a Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib.

Qurum rəsmisi bildirib ki, ərazidə köhnə evlərin qalıqları təmizlənib: "Evlərin bünövrəsi qazılıb və tikinti işlərinə başlanılıb".

Qeyd edək ki, Cocuq Mərcanlıda birinci mərhələdə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Həmin evlərdə 50 ailə yaşayacaq. 

Həmçinin iyun ayının 15-də Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılıb.

 

İcmal.Az

RƏYLƏR