Daha bir bank TANAP-a 1,3 mlrd. dollar ayırır

OXUNUB: 705 İQTİSADİYYAT

"TANAP layihəsinin "Faza 0" adlanan mərhələsində işlərin 93%-i başa çatıb".

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu "Anadolu" agentliyinə müsahibəsində TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib.

Onun sözlərinə görə, gələn ilin əvvəlindən etibarən boru xəttinin təbii qazla doldurulmasına başlanılacaq: "Sistemlərin test edilməsi məqsədilə Türkiyə-Gürcüstan sərhədindəki giriş nöqtəsindən sistemə qaz vurulacaq", - deyə S. Düzyol qeyd edib.

Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı və Asiya İnkişaf Bankından ümumilikdə 2,5 mlrd. dollarlıq kreditin alındığına işarə edən baş direktor bildirib ki, konsorsium borcun qaytarılması üçün zəmanətli bir model tərtib edib: "Bu model maliyyə institutlarının işini xeyli asanlaşdırır".

S. Düzyol əlavə edib ki, yaxında Avropa İnvestisiya Bankı "Cənub Qaz Dəhlizi" QSC-yə və BOTAŞ-a ümumilikdə 1,3 mlrd. dollarlıq kredit ayıracaq. "Avropa Yenidənqurma və İnkişaf Bankı TANAP-a 500 mln. dollarlıq krediti ayırdıqdan sonra Avropa İnvestisiya Bankının da analoji addım atması çox çəkməz", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, indiyədək bütün kredit sazişləri üzrə layihəyə 3,950 mlrd. dollar məbləğində vəsait cəlb olunub: "Son hesablamalara əsasən, TANAP-ın büdcəsi 7,9 mlrd. dollaradək azalıb. Əvvəlki proqnozumuzdan fərqli olaraq layihəyə 3,8 mlrd. dollarlıq yatırım etdik. Bu cür layihələrin reallaşdırılması zamanı qarşıda iki hədəf olur: vaxt və maliyyə mənbəyi. Biz bu hədəflərin ikisinə də nail olduq".

Baş direktor qeyd edib ki, layihənin tikintisinə 13 mindən çox insan cəlb olunub.

"2018-ci ilin iyun ayından etibarən Türkiyəyə kommersiya qazı nəql olunmağa başlanacaq", - deyə o əlavə edib.

"Cənub Qaz Dəhlizi" layihəsi regionun ən aktual layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək.

Türkiyəyə ilk qaz ixracı 2018-ci ildə, Avropaya isə 2020-ci ildə planlaşdırılır.

TANAP-ın reallaşdırılmasına dair Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanıb. TANAP-ın inşası Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən biridir. Kəmərin uzunluğu 1,802 km təşkil edir. Boru 2018-ci ildə fəaliyyətə başlayacaq. TANAP-ın ilkin illik ötürücülük qabiliyyəti 16 mlrd. kubmetrdir (illik 31 mlrd. kubmetrədək artırıla bilər).

TANAP Türkiyə-Yunanıstan sərhədində TAP sisteminə qoşulacaq ki, bu da təbii qazın Avropaya çatdırılmasına xidmət edəcək. TANAP layihəsi nəinki "Şahdəniz" yatağından, eyni zamanda, Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli siyasi və iqtisadi dəyərə sahibdir.

2016-cı ilin qiymətləri ilə ümumi kapital xərcləri 9,2 mlrd. dollar təşkil edir. 2014-2020-ci illər üzrə Azərbaycan tərəflərinin payına düşən hissə inflyasiya nəzərə alınmaqla 6,1 mlrd. dollardır. Bu məbləğə 100% pay üzrə alqı-satqı qiyməti, 100% pay üzrə maliyyələşdirmə və 30% payın BOTAŞ-a, 12% payın isə BP şirkətinə satılmasından sonra 58+5% payın maliyyələşdirməsi daxildir.

Layihənin səhmdarları: SOCAR (58%), BOTAŞ (30%) və BP (12%) şirkətləridir.

TAP Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında "Hökumətlərarası Saziş" 2013-cü ilin fevral ayında imzalanıb. Borunun uzunluğu 878 km təşkil edir. Onun fəaliyyətə başlama tarixi kimi 2020-ci ilin yanvar ayı göstərilir.

TAP-ın ilkin illik daşıma qabiliyyəti 10 mlrd. kubmetrdir (illik 20 mlrd. kubmetrədək artırıla bilər).

Layihə üzrə hazırkı pay bölgüsü: "Cənub Qaz Dəhlizi" QSC - 20%, BP - 20%, "Snam" - 20%, "Fluxys" - 19%, "Enagás" - 16%, "Axpo" - 5%.

İcmal.Az

RƏYLƏR