Daha bir idmançımız dopinqə görə cəzalandırıldı

OXUNUB: 853 İDMAN

Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov dopinq-testdən keçə bilmədiyi üçün dörd il müddətinə diskvalifikasiya olunub.

İcmal.Az xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib və ötən ilin noyabrın 24-dən qərar qüvvəyə minib. 

69 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançının orqanizmindən istifadəsi qadağan olunmuş boldenon preparatı aşkarlanıb. Onun cəza müddəti 2021-ci il noyabrın 21-də bitəcək.

Qeyd edək ki, ötən ilin sentyabrın 30-da Azərbaycan Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukrayna ilə birgə bir il müddətinə bütün yarışlardan diskvalifikasiya olunub.

Səbəb kimi 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında çıxış etmiş atletlərin dopinq-testlərinin təkrar analizlərinin müsbət çıxması göstərilib.

Azərbaycan beş atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəbindən cəzaya məruz qalıb. Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

2016-cı ildə Kostova bu ilin 10 iyununadək diskvalifikasiya edilib. 2015-ci ildə isə Azərbaycanın altı ağırlıqqaldıranından biri dörd il, beşi isə səkkiz il müddətinə cəzalandırılıb.

İcmal.Az

RƏYLƏR