Böhran Azərbaycanda dövlət qurumlarında struktur
islahatlarını qaçılmaz edib. Artıq bu islahatların ilk addımları atılmağa başlayıb.
Bir çox nazirlik və komitələrin yenidən formalaşdırılması, ştat vahidlərinin
ixtisar edilməsi, idarəetmənin sadələşdirilməsi proseslərinin şahidi
olmaqdayıq.
Bir çox qurumların ləğv edilməsindən sonra kütləvi ictimai
narazılığın ünvanlandığı əsas qurumlardan biri də Daxili İşlər Nazirliyinin Baş
Dövlət Yol Polisi İdarəsi (DYP) olduğu üçün, bu qurumun da adının
dəyişdirilərək, yenidən formalaşdırılması məsələsi müzakirə olunmaqdadır.
Məlumata görə, DYP-nin bazasında Dövlət Avtomobil Müfəttişliyinin yaradılması
nəzərdə tutulur.
Son illər sosial şəbəkələrdə və mediada yol polisi haqqında biabırçı video
çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP-nin
ləğvini həqiqətən də zərurətə çevirir.
Yeni qurumun yaradılması, həm də DYP-ni ailə biznesinə çevirən, 5 ildir təqaüd
yaşı çatsa da, hələ də kreslosunu qorumaq üçün dəridən-qabıqdan çıxan Ramiz
Zeynalovun daha yeni və çevik bir kadrla əvəz olunmasına səbəb olacaq.
Bir sözlə, böhran dönəmində dövlət büdcəsini talayan məmurların büdcəni
dolduracaq məmurlarla əvəzlənməsi ən doğru yoldur. Təsadüfi deyil ki, DYP
rəsmiləri ASAN xidmətdə ödənilən çərimə çeklərini belə tanımaqdan imtina edir.
Bu cür təfəkkürlə, bu cür yanaşma ilə bu qurumun heç bir gələcəyi ola bilməz.
Xüsusən də açıq-aşkar hökümətin islahat adddımlarına qarşı çıxırsa...
Çiçəklənən ailə biznesi
Ramiz Zeynalov DİN strukturlarında 1976-cı ildən - təxminən 40 il öncə işləməyə
başlayıb. 1994-cü ilin avqust ayından isə Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Deməli, indiki
vəzifəsində də 21 ildir oturub. Bu 21 ildə dünya xəritəsi bir neçə dəfə dəyişsə
də, R.Zeynalov nə özü, nə vəzifəsi, nə də iş üslubu dəyişməyib.
Yol polisinin necə çalışdığını oxucuya ayrıca izah etməyə lüzum görmürük.
Görünən dağa bələdçi lazım deyil. Amma biz mümkün qədər Ramiz Zeynalovun dövlət
vəzifələrini özü və yaxınları üçün necə biznesə çevirməsinin görünməyən
tərəflərini açıqlamağa çalışacağıq.
Ramiz Zeynalovun Azərbaycanın şimal və cənub rayonlarında çoxsaylı asfalt və
beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Dəqiqlik olsun deyə,
Qubadakı zavod və karxananın ünvanını nişan verə bilərik. Belə ki, Ramiz
Zeynalov Quba rayonu Vəl-vələ çayı yaxınlığındakı meşə massivində 5 hektar
ərazidə agacları məhv etdirərək 4 ay ərzində yerində nəhəng daş karxanası və
beton zavodu inşa etdirib. Həmin ərazidəki karyerin və beton zavodun
avadınlıqları və maşınlar Almaniyadan gətirilib. Quraşdırılan müəsisə ən son
texnologiya ilə fəaliyyət göstərir. R.Zeynalovun bu sahədəki biznesinin idarə
edilməsini DYP-nin alay komandiri, polkovnik Balakişi Əhmədova etibar etdiyi
bildirilir.
Avtomobil nömrələri və sürücülük vəsiqələrinin verilməsi sahəsində də hansı
biznes maraqlarının güdüldüyü yeni xəbər deyil. Bu sahədə isə R.Zeynalovun
etibarlı adamı İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Müşfiq Rəhimovdur. Nömrələrin
bir villa qiymətinə, sürücülük vəsiqəsinin isə ən azı 1 000 manata satıldığını
bu ölkədə bilməyən yoxdur.
Bundan əlavə, R.Zeynalovun bir çox rayonlarda villa və otelləri var. Bu sırada
doğulduğu və qardaşı Tofiq Zeynalovun bir zamanlar icra başçısı olduğu olduğu Tovuz rayonu xüsusi yer tutur.
İndi isə qardaşı Tofiq Zeynalov haqqında.
Tofiq Zeynalov da qardaşının iş metodundan bəhrələnərək, rayonda xüsusi pilləli
monopoliya sistemi qurub. Tofiq Zeynalov daha çox şəxsi biznesi ilə məşğul
olur. Rayondakı bütün təmir-tikinti işləri "Qovlar Təmir Tikinti" MMC
tərəfindən aparılır. Bu şirkətə köçürülən vəsaitlərin məbləği isə on
milyonlarla ölçülür. Rayonun Maliyyə İdarəsinin rəisi Mübariz Salmanov da Tofiq Zeynalovun dayısı oğludur. Mediada
səslənən iddialara görə, büdcə təşkilatlarına köçürülən vəsaitlərdən bir qayda
olaraq, 13 faiz tutulur. Bunun 8 faizi icra başçısına ötürülür.
Başçının oğlu Qoşqar Zeynalov isə Bakı Dövlət Yol Polisi İdarəsində şöbə müdiri
vəzifəsində çalışır.
Q.Zeynalov da öz növbəsində atasının, əmisinin və öz "bisnes"inin
hesabına əsl oliqarx övladı kimi kef çəkir, səsi tez-tez dünyanın lüks otel və
istirahət mərkəzlərindən gəlir.
Qadaşı kimi başçının da Tovuzda bir çox dəbdəbəli malikanələri, restoranları var. Bununla belə T.Zeynalovun Bakıda da dəyəri milyonlarla ölçülən mənzil və mülkləri var ki, bunların bir çoxu kirayə verilib.
T.Zeynalovun vəzifəyə təyin etdiyi digər qohumların siyahısı:
- Mətləb Qasımov - baş mühasib, icra başçısının xalası qızının əridir.
- Mətanət Sarı qızı Musayeva - İcra Hakimiyyətində aparıcı mütəxəssis, icra
başçısının qardaşı Fikrət Zeynalovun baldızı.
- Yaşar İbrahimov - rayon Telekommunikasiya qovşağının rəisi, icra başçısının
əmisi qızının əri.
- Xaqani Cəbrayıl oğlu Əskərov - Rayonlararası Dövlət Avtomabil Müfəttişliyi
birliyinin rəisi, icra başçısının bacısı oğlu.
- Aydın Qədir oğlu Qasımov - Rayon mədəniyyət və turizm şöhbəsinin müdiri, icra
başçısının kürəkəninin dayısı.
- Hüsaməddin Şəmşəd oğlu Mirzəyev- Rayon qaz istismar idarəsinin rəisi, icra
başçısının qaynı.
- Rəşid Həsənov- rayon memarlıq və tikinti şöbəsinin müdiri, icra
başçısının əmisi qızınin əri.
- Elxan Əziz oğlu Əskərov - Rayon enerji satışı şöbəsinin rəisi, icra
başçısının yaxın qohumu və s.
Ramiz Zeynalovun digər qardaşı Fikrət Zeynalov Sabunçu rayonunda yerləşən 3
saylı şəhər Klinik Xəstəxanasına baş həkim vəzifəsində çalışır. Buna qədər isə
F.Zeynalov Fuad Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi
vəzifəsini tuturdu. Xəstəxanalardakı durumun da necə olduğunu hər kəs bildiyi
üçün bu məqamın da üzərində xüsusi dayanmağa ehtiyac görmürük. Hər kəs adi
xəstəlikdən tutmuş doğuşa qədər hər şeyin pullu olduğunu bilir.
Evakuasiya.Az və ya "156" kimindir?
Ramiz Zeynalovun
biznesinin əsas istiqamətlərindən biri də "Evakuasiya.az" şirkəti ilə
bağlıdır.
Belə ki, Bakıda evakuatorlar tərəfindən cərimə meydançalarına aparılan
avtomobillərə sürücülər tərəfindən ödənən cərimələr dövlət hesabına yox, şəxsi
hesablara gedir. Paytaxtın küçə və prospektlərində qadağan edilmiş yerdə
dayanan avtomobilləri ancaq Yol Patrul Xidmətinin əməkdaşının göstərişi
əsasında DYP-nin Siqnal İdarəsinə məxsus AP (Azərbaycan Polisi ) serial nömrə
nişanlı evakuatorlar tərəfindən cərimə meydançalarına aparıla bilər. Belə olan
halda cərimə meydançasına aparılan avtomobilin sürücüsü cərimə edilir və sürücü
cəriməni bank vasitəsi ilə dövlətə ödədikdən sonra avtomobilini cərimə
meydançasından götürə bilir. Ancaq R.Zeynalov burada da vəziyyəti "incə
qayda"da dəyişib. DYP-nin Siqnal İdarəsinə məxsus evakuatorlar cərimə
meydançalarında saxlanılır. Əvəzində isə dayanması qadağan edilmiş yerlərdən
avtomobillər "Evakuasiya.Az" MMC-yə məxsus "İsuzi" markalı
evakuatorlar (üzərinə 156 yazılan) tərəfindən cərimə meydançalarına aparılır və
sürücülər cəriməni qeyd olunan MMC-nin hesabına ("Bank Texnika"dakı)
köçürdükdən sonra avtomobillərini cərimə meydançasından götürə bilirlər.
Beləliklə də, dövlət büdcəsinə köçürülməli olan cərimələr bu yolla kimlərinsə
ciblərinə gedir.
Vergilər Nazirliyinin saytında "Evakuasiya.az" MMC-nin 24 yanvar
2011-ci ildə qeydiyyatdan keçdiyi, qanuni təmsilçisinin isə Aqil İsmayıl oğlu
Zeynalov olduğu göstərilib.
Aqil Zeynalov kimdir?
Bir müddət öncə mediada gedən məlumatlarda bildirilirdi ki, Bakı şəhərində
evakuasiya xidməti göstərən bütün avtomobillər satılıb. Maşınların Xəqani
Səlimov adlı şəxs tərəfindən Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz
Zeynalovun qardaşı oğlu Aqil Zeynalova satıldığı deyilir: "Lakin bu
alqı-satqının pul müqabilində aparıldığı dəqiq məlum deyil. Məlum olan odur ki,
Aqil Zeynalovun nəzarətində olan evakuasiya maşınları 2 profil üzrə Bakıda
xidmət göstərirlər. 1-ci xidmət növü qəzaya düşmüş və ya xarab olmuş
avtomobillərin daşınması, 2-ci xidmət isə DYP-nin sifarişi ilə park etmə
qaydalarını pozan avtomobillərin cərimə meydançalarına daşınmasıdır".
"Evakuasiya.az" MMC ilə eyni ünvanı paylaşan "Azericert"
MMC adlı daha bir şirkət var. Şirkət 1 sentyabr 2011-ci ildə qeydiyyatdan
keçib. Qanuni təmsilçisi Zamil Faiq oğlu Həsənovdur. Ancaq şirkətin nə işlə
məşğul olduğu bəlli deyil. Adı mətbuatda gedən bir neçə yazıda maliyyə
dəstəkçisi kimi keçir.
YEKUN
Normalda heç bir şəxsin və qohumlarının hansısa biznes qurumları yaratması və
ya ona rəhbərlik etməsi əlavə suallar yaratmalı deyil. Amma R.Zeynalovun 21 il,
qardaşının 8 il eyni vəzifədə olması - bütün qohumların bu həlqədə yer alması,
biznes subyektlərinin də birbaşa dövlət kanallarına bağlı olması - artıq ciddi
korrupsiya faktıdır.
MTN ətrafında baş verən qalmaqal da bir daha göstədi ki, bu cür faklar ciddi araşdırılmalı və hər kəs layiq olduğu cəzasını almalıdır./qaynarinfo
7NEWS.az