Daha üç qurum birləşdiriləcək - Muxtar Babayev də gedir

OXUNUB: 1725 index-manşet SİYASƏT
Son günlər ölkədə həyata keçirilən kadr və struktur islahatları əksər məmurların narahatlığına səbəb olub. Belə ki, cəmiyyətdə narazılıq yaradan və şikayətlərin çox olduğu qurumların rəhbərləri də narahat olmağa başlayıblar. Hazırda narazılıq yaratmış qurumlardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
Bizi bilgiləndirən şəxs deyib ki, Prezident İlham Əliyevin seçkilərdən sonra hökuməti yenidən formalaşdırarkən Hüseynqulu Bağırovu təkrar Ekologiya və təbii sərvətlər naziri təyin etməməsinə səbəb son illər onun adının bir çox qalmaqallarda və korrupsiyada hallanması olub:
"Bildiyiniz kimi, Prezident İlham Əliyev adı ən çox korrupsiyada hallanan məmurları hökumətin yeni tərkibinə buraxmadı. Ekologiya və təbii sərvətlər naziri postuna isə Muxtar Babayevi gətirərərək ona etimad göstərdi. Lakin ötən dövr ərzində ekologiya sahəsində irəliləyişlərin olmaması, üstəlik, yeni nazirin öz adamları vasitəsi ilə müəyyən tender oyunlarında adının hallanması ciddi narazılıq yaradıb”.
Onu da nəzərə çatdıraq ki, Muxtar Babayevin uzun illər bu sahədə çalışan peşəkar kadrları qısa müddətdə öz adamları ilə əvəz etməsi də birmənalı qarşılanmayıb. Belə ki, nazirin əmri ilə bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin rəisi Bilal Dadaşov vəzifəsindən azad edilib. M. Babayevin digər əmri ilə, Dövlət Ekspertiza İdarəsinin rəisi vəzifəsi, nazirliyin ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin rəhbəri Mirsalam Qəmbərova həvalə olunub.
Ehtimal olunur ki, M. Babayevin etibarlı kadrlarından hesab olunan B. Dadaşovun işdən çıxarılması qanunsuz əməlləri, milyonlarla vəsaitin mənimsənilməsi ilə bağlıdır: "Dövlət Ekspertiza İdarəsi nazirliyin ən mühüm qurumlarından biridir. Tikinti, daş karxanaları və digər gəlirli sahələrə məhz bu idarə nəzarət edirdi. Yəni, naziriliyin əsas "gəlir" mənbəyinə M. Babayevin yaxın adamının rəhbərlik etməsi də təsadüfi deyildi. Amma Bilal Dadaşovdan olan narazılıq yuxarılan diqqətinə çatdırıldıqdan sonra M. Babayevdən narazılıq yaranıb. O da B. Dadaşovu vəzifədən kənarlaşdırmaqla özünü qorumağa çalışıb. Lakin yuxarıların M. Babayevə etimadı kəskin şəkildə azalıb”.
Müsahibimiz onu da bildirir ki, Ekologiya nazirliyindəki idarəçilikdən olan narazılıq qurumda islahatların aparılmasını qaçılmaz edib. Hətta "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin ləğv olunaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Kənd Təsərrüfatı Nazirliyinə birləşdirilməsi ilə bağlı müzakirələrin aparıldığı da bildirilir. Kənd təsərrüfatı naziri İnam Kərimova olan müsbət münasibət isə KTN-nin səlahiyyətlərinin genişləndirilməsi ehtimalını artırır. Hər halda, son dəyişikliklər onu deməyə əsas verir ki, ciddi narazılıq yaradan məmurlar "yola salınacaq".

Reyting.az

RƏYLƏR