Dağılan yol 150 milyon ayrılan yoldurmu? (AÇIQLAMA)

OXUNUB: 599 index-manşet HADİSƏ
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132 km-lik hissəsində çatlar və dağılmış hissələr yaranıb.

Xatırladaq ki, ötən il prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisinə 150 milyon manat ayırmışdı. Görəsən dağılan yol ötən il keyfiyyətlə tikilməsinə dair məlumat verilən 150 milyonluq yoldurmu?

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən AAYDA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli sözügedən iki yolun bir-birilə əlaqəsi olmadığını bildirdi: 

"Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədində çəkilən yol yeni yoldur. Həmin yolun hazırda dağıntılar yaranmış Bakı-Gəndob yolu ilə əlaqəsi yoxdur. O zaman verilən məlumat Rusiya istiqamətində hərəkət edəcək avtomobillər üçün çəkiləcək yol idi, bu yol isə Bakı-Quba-Rusiya yolunun Bakı-Gəndob hissəsini əhatə edir". 

Qeyd edək ki, AAYDA artıq 100 ildir ki, fəaliyyət göstərir. Bu gün Bakı-Gəndob yolunun dağılmasına səbəb kimi isə yolun inşası zamanı yol verilən konstruktiv səhvləri göstərir. 

Bu gün AAYDA-nın yaydığı məlumatda qeyd olunur ki, yolda çatların əmələ gəlməsi və bir hissəsinin dağılması haqlı olaraq vətəndaşlar tərəfindən narazılıqla qarşılanır, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətində problemlərə gətirib çıxarır. AAYDA-nın rəhbərliyinin müdaxiləsi ilə sözügedən yol boyu təxirəsalmaz və kompleks tədbirlərə start verilib.

Təmir-bərpa işləri yolun Şabran rayonu ərazisindən başlayaraq Siyəzən və Xızı rayonlarını keçməklə Bakı şəhəri istiqamətində aparılır.
 
 
 
İcmal.Az

RƏYLƏR