“Dağlıq Qarabağ məsələsi Tramp, Putin və Makronun gündəliyində olmalıdır, əks təqdirdə…”

OXUNUB: 89 SİYASƏT
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ABŞ prezidenti Donald Trampın, Rusiya prezidenti Vladimir Putinin və Fransa prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. 


Bunu İcmal.Az-aAzərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev deyib. A.Quliyev bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı Azərbaycan tərəfi dəfələrlə açıqlama verib və özünün narazılığını ifadə edib:


 "Azərbaycanın millət vəkili kimi deyə bilərəm ki, Minsk qrupuna və ona rəhbərlik edənlərə Azərbaycan cəmiyyətində inam yoxdur. Artıq heç kim bu görüşlərin, xüsusilə Ermənistanın imitasiya siyasətinin davam etdiyi vaxtda nəsə bir nəticə verəcəyini düşünmür. Ona görə də Minsk qrupundan nəsə gözləmək indiki mərhələdə sadəlövlükdən başqa bir şey olmaz, şəxsən mən heç nə gözləmirəm. Münaqişənin sülh yolu ilə həllinə ümid o zaman artar ki, məsələ həmsdər ölkələrin rəhbərlərinin gündəliyində olsun və onlar bu problemin ədalətli həllində şəxsən maraqlı olsunlar. Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək və danışıqlar masasında konstruktiv mövqe sərgiləməsi üçün ona təsir imkanlarından istifadə etsinlər. Ancaq təəssüf ki, bu gün bu maraq hiss olunmur. Əksinə, hər üç həmsədr ölkə tərəfindən işğalçını stimullaşdıran addımların şahidi oluruq. Məhz bundan ruhlanan Ermənistan danışıqlar prosesində qeyri-adekvat davranır və beynəlxalq hüququ kobud şəkildə pozmağa cürət edir. Ona görə də hesab edirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ABŞ prezidenti Donald Trampın, Rusiya prezidenti Vladimir Putinin və Fransa prezidenti Emmanuel Makronun gündəliyində olmalıdır. Yəni, hər üç prezidentin əlaqələndirilmiş və vahid yanaşması olmasa, Minsk qrupunun fəaliyyəti və vasitəçilik missiyası heç bir əhəmiyyət kəsb etməyəcək. Bu gün Azərbaycan ictimaiyyətinin gözləntisi odur ki, hər üç ölkənin prezidenti həm 1992, həm 1994, həm də 1995-ci illərdə və sonrakı illərdə ATƏT-in sammitində dövlət başçılarının qəbul etdiyi qərarların icrası ilə bağlı konkret addımlar atsınlar”. 


A.Quliyev bildirib ki, Minsk qrupunun həmsədri olan hər üç ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvüdürlər: 


"Onlar ən azından özlərinin BMT Təhlükəsizlik Şurasında qəbul etdikləri qətnamələrə və qərarlara hörmət etməli, icrası məcburi olan bu sənədlərin Ermənistan tərəfindən iqnor olunmasına göz yummamalıdırlar. Hələ, mən iqtisadi sanksiyanı və ya hərbi müdaxiləni demirəm, ən azından beynəlxalq hüququn tələbi olaraq Ermənistana qarşı siyasi sanksiya tətbiq etməlidirlər”. 


ATƏT PA-nın vitse-prezidenti onu da əlavə etdi ki, məsələnin hərtərəfli müzakirəsi və münaqişəni beynəlxalq səviyyədə qəbul olunmuş sənədlər və prinsiplər əsasında həlli yollarının tapılması üçün ən effektiv görüş formatı hazırkı şəraitdə dövlət başçılarının 3+2 formatı ola bilər. Həmsədr ölkələrdə siyasi iradə və istək olsa 2018-ci ilin 1-ci yarısında ABŞ, Rusiya, Fransa, Azərbaycan və Ermənistan dövlət başçılarının zirvə toplantısını təşkil etmək və həll prosesində ciddi dönüşə nail olmaq olar. Təkrar edirəm, əgər həmsədr ölkələr münaqişənin həllində maraqlıdırlarsa… 


Əks təqdirdə, hələ bundan sonra Minsk qrupunun çoxlu sayda uğursuz diplomatlarının təqaüdə çıxmasının və regiona nəticəsiz səfərlərinin şahidi olacağıq. 


Qeyd edək ki, ATƏT-in Daimi şurasının 1163-ci iclası zamanı Azərbaycan nümayəndə heyəti bəyanat verib. Bəyanatda Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşmasına məqsədi ilə əməli addımların atılmasını gözlədiyi qeyd olunub.
 
İcmal.Az

RƏYLƏR