Davosda “Bakı Ekspo-2025”in təqdimatı keçirilib – FOTO

OXUNUB: 677 İQTİSADİYYAT

Yanvarın 23-də Davosda "Bakı Ekspo-2025”in təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi bu şəhərin müxtəlif guşələri "Bakı Ekspo-2025”ə həsr olunan poster və banerlərlə bəzədilib.

 "Bakı Ekspo-2025”in Davosda keçirilən təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başlayıb.

Sonra "Bakı Ekspo-2025”in işçi qrupunun rəhbəri Elçin Əmirbəyov çıxış edərək bildirib ki, Ümumdünya Sərgisi də Dünya İqtisadi Forumu kimi fikirləri bölüşmək üçün dünyanı bir araya gətirən vacib platformadır. "İnsan kapitalının inkişafı insanlara texnoloji və fərdi keyfiyyətləri yaxşılaşdırmaq imkanı verir”, - deyən işçi qrupunun rəhbəri vurğulayıb ki, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür və qədim tarixə, zəngin mədəniyyətə malik ölkəmizdə son illərdə bir sıra dünya əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bu baxımdan, "Ekspo-2025”in Bakıda keçirilməsi üçün hər cür şərait və infrastruktur var.

Daha sonra "Bakı Ekspo-2025”in təqdimatına həsr olunan film nümayiş etdirilib. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verilib.

Təqdimat mərasimi böyük maraqla qarşılanıb.

Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə "Milan Ekspo-2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin "Milan Ekspo-2015”dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı üç milyondan çox olub. Türkiyədə təşkil olunan "Antalya Ekspo-2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycanın milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən "Ekspo-2017” Beynəlxalq Sərgisində isə ölkəmiz "Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.

Azərbaycan "Bakı Ekspo-2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.

 

RƏYLƏR