Dələduzluqda təqsirləndirilən şəxsə HÖKM OXUNDU

OXUNUB: 241 HADİSƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində öz şərikinə qarşı 100 min manatdan artıq dələduzluq etməkdə və külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən Cavid Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, C. Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hakim zərərçəkmiş Akif Kazımovun 100 min manatlıq, Vergilər Nazirliyinin 21990 manatlıq mülki iddialarının təmin edilməsi ilə bağlı da qərar çıxarıb.

Qeyd edək ki, Cavid Dadaşov restoran icarəyə götürərək birlikdə işlədiyi Akif Kazımova qarşı dələduzluq edib. Ev satmaq adı ilə saxta sənədlər düzəldərək şərikinin 100 min manatını ələ keçirib. Cavid Dadaşov şərikli olaraq Akif Kazımovla "Black City" restoranını işlədib. Restoranı işlədən zaman C. Dadaşovun Akif Kazımova borcu yaranıb. Borcunu ödəyə bilməyən C. Dadaşov bunun qarşılığında A. Kazımova ev satmağı təklif edib.

C. Dadaşov dəyəri 200 min manat olan evi şərikinə satmağa razılaşıb. Tərəflər arasındakı razılığa görə, evin sənədləri, alqı-satqı müqaviləsi Akif Kazımovun həyat yoldaşı Nigar Kazımovanın adına hazırlanacaqmış. 
 
C. Dadaşov "Kapital Qrup" MMC-nin adından hazırladığı sənədləri, alqı-satqı müqaviləsini Akif Kazımova təqdim edərək ondan bir neçə dəfəyə 100 min manat pul alıb. Akif Kazımov və xanımı aldıqlarını düşündükləri mənzilə baxmağa gedərkən aldadıldıqlarını başa düşüblər. Çünki sənədlərdə göstərilən ev onların yox, başqa şəxsin adına olub. 

İstintaq zamanı məlum olub ki, C. Dadaşovun tikinti şirkətinin adından hazırladığı sənədlər printerdən çıxarılmış, saxtalaşdırılmış sənədlər olub. Bu barədə MMC-dən də istintaq orqanına arayış təqdim edilib və C.Dadaşov tərəfindən hazırlanan sənədlərin saxta olduğu bildirilib. Pulunu geri ala bilməyən Akif Kazımov növbəti dəfə aldadıldığını görərək polisə müraciət edib.
 
Vergilər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, C.Dadaşov "Black City" restoranını işlədiyi müddət ərzində 21 min 990 manat vergidən yayınıb.
 
C. Dadaşov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) və 302-ci (saxta sənədlər hazırlama), 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub. 
 
İcmal.Az

RƏYLƏR