Deputat ölüm hökmünün bərpasını təklif etdi, komitə sədri ona qarşı çıxdı

OXUNUB: 1051 SİYASƏT
Milli Məclisin bu gün keçirilən iclasında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev ölüm hökmünün bərpa edilməsini təklif edib.

Q.Həsənquliyev Azərbaycanın müharibə vəziyyətində olması ilə əlaqədar ölüm hökmünün bərpa edilməsinin vacibliyini bəyan edib:

"Beynəlxalq konvensiyaların tələbləri də bizə imkan verir ki, Azərbaycan müharibə vəziyyətində olan ölkə kimi ölüm hökmünü bərpa etsin. Mən burada Milli Məclisin sədri Oqtay Əsədovdan da xahiş edirəm ki, bununla bağlı müvafiq göstərişlər versin, məsələ komitə və plenar iclaslarda müzakirə olunsun. Çünki Tərtərdə baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycan müharibə vəziyyətində olduğu üçün dövlətə xəyanət və digər ağır cinayətlər törətmiş şəxslərə qarşı ölüm cəzası tətbiq edilə bilər. Buna beynəlxalq konvensiyalar və qanunvericilik də imkan verir”. 

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə Q.Həsənquliyevin təklifinə etiraz edib:

"Ölüm hökmünün bərpası doğru deyil. Azərbaycanda ölüm hökmünü ümummilli lider Heydər Əliyev aradan qaldırıb. Bu, onun atdığı hümanist addımlardan biridir. Eyni zamanda, unutmayaq ki, insana canı Allah verib, Allah da ala bilər. Cinayətə gəldikdə, bizdə elə cəzalar var ki, ölüm cəzasından da sərtdir”./olke.az
 
İcmal.Az

RƏYLƏR