Deputat oğlunun da zərər çəkdiyi 1 milyonluq dələduzluq işində qalmaqal

OXUNUB: 419 SOSİAL
Sentyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rauf Bəşirov ifadə verib.

O deyib ki, E.İbrahimovu 2009-2013-cü illərdə işlətdiyi çay evindən tanıyıb: "Həmin dövrlərdə Elnur ora gəlib-gedirdi. 2012-ci ildə Elnura 8 min manat pul verdim. Pulu həftə-həftə gətirib mənə qaytarıb. Ümumilikdə, ona 20 min manat pul vermişəm. Pulumu hissə-hissə qaytardı. O, pulu iş qurmaq adı ilə almışdı. Demişdi ki, ucuz yolla katric alıb satır. Mən də pul verdim, çünkü qazanc əldə etmək niyyətim vardı. Məni bu işə Həbib Axundov cəlb etməyib, öz təşəbbüsümlə E.İbrahimova yaxınlaşmışam".

Bu zaman Fərman Məmmədovun vəkili Tahir Əlirzayev şahidə müxtəlif suallar verərək Həbib Axundovun əleyhinə bir cavab almağa, onun adının hallanmasına çalışan zaman E.İbrahimovun vəkili Fazil Məmmədov yerdən ona irad tutaraq bunun Elnur İbrahimovun məhkəməsi olduğunu xatırladıb:

"Siz neçə vaxtdır məhkəmənin gedişatına mane olursunuz” - deyən zaman Fərman Məmmədov özündən çıxaraq vəkilə səs qaldırıb və ona təhqiramiz sözlər işlədibdir.

Bu nalaiq hərəkətdən hakimlərdən biri əsəbləşərək öz növbəsində onlara irad tutub:

"Bəsdirin daha məhkəməni teatra çevirdiniz, siz artıq neçə iclasdır ki, məhkəmənin gedişatına mane olmağa, onu qəsdən uzatmağa çalışırsınız”.

Zərərçəkmiş H.Axundovun vəkili Afət Qaziyeva isə vurğulayıb ki, bu məhkəmə heç də Fərman Məmmədov və Həbib Axundovun məhkəməsi deyil, E.İbrahimovun məhkəməsidir. O ki qaldı şahidlərin ifadəsinə, işə gedişatından göründüyü kimi, onlar bu işə öz təşəbbüsləri ilə gəldiyini, H.Axundova heç bir faiz vermədiklərini bildiriblər. Buna rəğmən yenə də F.Məmmədov onların mövzudan kənara çıxaraq, şahidlərə H.Axundov haqqında suallar verməsini, lakin onlardan istədiyi cavabı ala bilmədikdə isə təkrar-təkrar eyni sualları verərək məhkəmənin gedişatına mane olduğunu və sadəcə məqsədlərinin H.Axundovun adının hallanması, olduğunu qeyd edərək, öz iradlarını bildirib.

Məhkmənin gedişatından yaşanan çıxışlardan və mətbuatdakı məqalələrdən etdiyimiz müşahidələr göstərir ki, burada əsas məqsəd prosesin məqsədli şəkildə uzadılması və hər dəfə deputat Elmira Axundovanın və oğlu Həbib Axundovun adlarının qərəzli şəkildə hallandırılaraq, mətbuatın gündəmində saxlanılmasıdır.

Ağır cinayətlər məhkəmələrində gündə onlarla belə işlər baxılır. Bu cinayət işindən daha da ağır cinayət işləri olmasına baxmayaraq onlar ictimailəşdirilmir. Bu məsələ isə daim mətbuat gündəminə çıxarılır. Sual olunur, nə məqsədlə?

20 sentyabrda və ondan öncəki məhkəmə prosesləri ilə bağlı bəzi mətbuat orqanlarında dərc edilən məlumatlarda deyilir: "Cinayət işi üzrə zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova verdiklərini bildirirlər”.

Halbuki məhkəmənin gedişatında tam başqa detallar var, şahidlərin hamısı H.Axundovun onlardan pul almadığını, pullarını Elnur İbrahimova verdiklərini söyləyirlər.

Buradan görünür ki, kimlərsə bu məsələnin daim gündəmdə qalmasına, məhkəmə gedişatı haqqında yalnış təəsurat yaradaraq H.Axundovun əleyhinə yazılmasına çalışır./Faktaz.com 
 
İcmal.Az

RƏYLƏR