Deputat: Sosial rifah dövlət siyasətinin strateji xəttidir

OXUNUB: 30 İQTİSADİYYAT

2019-cu ilin fevral ayında ölkə Prezidenti İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədən sonra ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət etdi.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

Millət vəkilinin sözlərinə görə, uğurlu sosial islahatlar proqramı əhalinin rifahına ciddi dəstək olan mühüm sosial uğura nail olmağa imkan verdi. Problemli kreditlərin həlli istiqamətində məlum sənəd imzalandı, maaşlar, pensiyalar, minimum əməkhaqqı, sosial müavinətlər artırıldı:

"Bundan sonra ölkədə sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələ başlanıldı. Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verdi. Ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun artması, kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət dövriyyəsinin artması yaxşı göstəricilərdən oldu. Ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik".

N.Həmzəyev vurğulayıb ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha təsdiq etdi ki, dövlət başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır:

"Artıq Azərbaycan sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Dövlət qayğısının yüksək nümunəsi kimi sosial təminatda daha bir addım - Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı sərəncamlara uyğun olaraq, 1 sentyabr 2019-cu il tarixdən minimum əməkhaqqının 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılması, dövlət sektorunda çalışanların əməkhaqlarının 20-50 faiz artımı da öz növbəsində əhalinin rifah halının daha da yüksəlməsinə müsbət təsirini göstərəcək. Sevindirici haldır ki, hər bir Azərbaycan vətəndaşı dövlət başçısının daim xalqının yanında olmasını, iqtisadi inkişafın müsbət nəticələrini öz həyatında hiss edir.

Bu, son deyil. Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha sürətlənəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək. Bu gün tam əminliklə demək olar ki, sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir və dövlətin yürütdüyü siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır".

 

İcmal.Az

RƏYLƏR