Deputat: “Sosial şəbəkədə saxta adlardan istifadə edən şəxslər cəzalandırılmalıdır”

OXUNUB: 207 SOSİAL

Milli Məclisin bugünkü plenar iclasında çıxış edən deputat İqbal Məmmədov tətil günlərində görüşdüyü seçicilərinin mövqeyini bölüşmək üçün söz aldı. O, bildirdi ki, tətil günlərində Lerik rayonunun bir çox yaşayış məntəqələrində olub və mümkün olduğu qədər seçicilərlə görüşlər keçirib: "Mən onların fikirlərini burda səsləndirməyə söz vermişəm, buna görə icazənizlə bir neçə məqama toxunmaq istəyirəm”.

Deputat söyüş kampaniyasına kəskin etirazını bildirdi: "Bir ölkəni təmsil edən, xalqın böyük əksəriyyətinin səs verməsi nəticəsində seçilmiş ölkə başçısını təhqir etmək o xalqı təhqir etməkdir və heç bir müstəvidə başucalığı deyil. Siyasi mübarizə, müxalifətçilik demokratiyanın bünövrə daşıdır. Ancaq əxlaq çərçivəsindən kənara çıxılan istənilən mübarizə mənəviyyatsızlıqdır, əqidəsizlikdir. Ölkəmizdə aparılan islahatları görməmək, gözardı etmək mümkün deyil. Vətəndaşına, insanına, bu torpaq uğrunda canından keçmiş şəhidinə, onların varislərinə, müharibə əlillərinə, iştirakçılarına göstərilən qayğı, hörmət bəlkə də dünyanın heç bir ölkəsində Azərbaycan səviyyəsində deyil. Möhtərəm prezidentimiz tərəfindən son dövrlərdə imzalanmış fərman və sərəncamlara baxarkən, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması, onların mənzillərlə təmin olunması istiqamətində göstərişlərini, onlarla görüşü zamanı nümayiş etdirdiyi ehtiramı, nəzakəti müşahidə edərkən ölkəmiz adına qürur hissi yaşayırıq. Bizim onsuz da Ermənistan kimi düşmənimiz var və hamımıza bəllidir ki, bu düşmənin kifayət qədər xarici havadarları var. Mən bu tribunadan istifadə edib damarında azərbaycanlı qanı axan hər kəsə müraciət edir, bu düşmənlərin oyununa gəlməməyi, onların aləti olmamağı vətənimizə qarşı oynanan hər hansı oyunun içində olmamağı xahiş edirəm! Bu tək mənim xahişim deyil, bütün seçicilərimin xahişidir. İstisnasız olaraq görüşdüyümüz hər bir vətəndaşımız bu fikirləri səsləndirir və bizdən hansısa addımı atmağı xahiş edir”.

İnternet mediasında yer alan təhqirlərə diqqət çəkən İ.Məmmədov əlavə etdi ki, bu məsələ ilə bağlı qanunvericiliyimizə müəyyən dəyişiklik etməyin vaxtı çatıb: ”Saxta adlardan istifadə edib sosial şəbəkələrdə dövlətimizi, dövlət başçımızı, vətəndaşımızı təhqir edən, əxlaqsız fikirlər səsləndirən şəxslər mütləq cəzalandırılmalıdır. Mən bir deputat kimi seçicimə söz vermişəm və bu yolda əlimdən gələni əsirgəməyəcəyəm”.

İcmal.Az

RƏYLƏR