Deputat: Yeni qanun beynəlxalq prinsiplərə əsaslanacaq – MÜSAHİBƏ

OXUNUB: 655 SİYASƏT

İcmal.Az "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycanın Avropa Şurası və "Avronest” parlament assambleyalarındakı nümayəndə heyətinin təmsilçisi Rövşən Rzayevin müsahibəsini təqdim edir:

 Rövşən müəllim, məlum olduğu kimi, Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan, AŞ PA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte ilə bağlı məsələ hələ də gündəmdədir. Bu məsələdə də daha çox iki deputat həmkarınızın adı hallanır. Bu məsələni necə qiymətləndirirsiniz?

– Hesab edirəm ki, bu məsələdə haqq-ədalət öz yerini tapacaq, bu məsələnin Azərbaycana qarşı  növbəti böhtan və qarayaxma kampaniyasının tərkib  hissəsi olduğu öz təsdiqini tapmış olacaq. 

Bildiyiniz kimi, bir çox dövlətlərin təmsilçiləri, deputatları Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ermənistanın işğalçılıq siyasətinin davam etdirilməsinin yolverilməz olduğunu dilə gətirir, bunun əleyhinə kəskin bəyanatlar səsləndirirlər.

Luka Volonte də onlardan biri idi, hər zaman ədalətli mövqedən çıxış edirdi. Ona görə bəzi anti-Azərbaycan qüvvələr, AŞPA-dakı ermənipərəst dairələr bu cür mövqedə olan insanları zaman-zaman neytrallaşdırmağa çalışırlar. Konkret olaraq, bu məsələni də daha çox Ermənistan deputatları müxtəlif bəhanələrlə qabardırdılar.

Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, ümumiyyətlə, qurumun sessiyaları zamanı çıxışlarında müxtəlif təxribatlara əl atır, özlərinin işğalçılıq siyasətlərini gündəmdən çıxarmaqdan ötrü müxtəlif orqanlara müraciət edirdilər. Onlar konkret olaraq, həm AŞ PA çərçivəsindəki müəyyən qurumlara, həm  də İtaliyanın müxtəlif orqanlarına müraciət etmişdilər və məsələni özləri bildikləri kimi qabartmışdılar.

Azərbaycanda və dünyanın digər demokratik dövlətlərində bu cür siqnallar olanda, onlar, təbii ki, yoxlanılır, araşdırılır. Erməni lobbisi güclüdür, təəssüflər olsun ki, ölkələrə müəyyən qədər təsir imkanları var. Bu imkanlar hesabına Azərbaycana qarşı qarayaxma kampaniyasını şişirtməkdən, qabartmaqdan ötrü burada uzunmüddətli düşüncələr ola bilərdi ki, ölkəmiz əleyhinə işləsinlər. Həmçinin, hansısa naliyyətlər əldə edərək, Azərbaycanı çirkin formada göstərə, təqdim edə bilsinlər. 

Eyni zamanda, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, onun rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin digər üzvləri Avropa Şurası strukturlarında çox aktiv şəkildə fəaliyyət göstərirlər.

Bilirsiniz ki, Sahibə xanım Qafarova AŞPA çərçivəsində komitə sədridir, Sevinc Fətəliyeva alt komitənin sədridir, daim məruzələrlə çıxış edirlər. Vüsal Hüseynov AŞPA-nın Hüquq komitəsinin sədr müavinidir. Akademik, gözəl ziyalımız Rafael Hüseynovun fəaliyyəti göz qabağındadır. O, AŞPA-da ən çox məruzələrlə çıxış edən parlamentari, məruzəçidir.

AŞPA çərçivəsində ən nüfuzlu deputatlardan biridir. Qənirə xanımın fəaliyyəti həm bizə, həm ictimaiyyətə bəllidir. Mən orada Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının nümayəndəsi kimi, hər zaman öz mövqeyimi səsləndirmişəm, Ermənistanın işğalçılıq və təcavüzkarlıq siyasətini qabartmışam.

Ermənilər də AŞPA çərçivəsində əsl həqiqəti eşidəndə, təbii ki, həmişəki kimi, yalançı siyasəti həyata keçirməkdən ötrü müxtəlif iftiralarla, böhtanlarla, qarayaxmalarla çıxış edirlər. Ancaq haqq-ədalətin öz yerini tapacağına, Azərbaycanla bağlı növbəti böhtan kampaniyasının fiasko ilə sonlanacağına əminik. Başqa cür ola bilməz.

– Həmkarlarınız, konkret olaraq, Elxan Süleymanovla Müslüm Məmmədov qış sessiyası ərəfəsində Azərbaycanın AŞPA-dakı  nümayəndə heyətindən çıxarıldı. Növbəti sessiyalar ərəfəsində də bu cür dəyişikliklər edilə bilərmi? 

– Bu, parlamentin, Milli Məclis sədrinin səlahiyyətində olan məsələdir. Amma onu bilirəm ki, AŞPA-dakı nümayəndə heyətimiz mütəmadi olaraq yeniləri ilə əvəzlənir və tərkib dəyişir. Yəni, kimsə gedir, kimsə onun yerinə gəlir, əvəzlənir.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür və həmin müddətdən bu günə qədər Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvləri dəfələrlə dəyişilib.  

– Yeri gəlmşikən, Ermənistan-Azərbaycan  münaqişəsinin, Azərbaycanın ərazi bütövlüyü məsələsinin yaxın zamanlarda ədalətli həllini  görürsünüzmü? Mövcud şərtlər buna imkan verirmi?

– Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağına əminəm. Buna heç bir şübhəm yoxdur. Əsaslandığım odur ki, prezident İlham Əliyevin apardığı siyasət nəticəsində Azərbaycan bu gün nəinki regionda, bütün dünyada güclü dövlətlərdən birinə çevrilib.

Azərbaycanda sabitlik var. Bu sabitlik nəticəsində ölkəmiz güclü iqtisadi dövlətdir. İqtisadi dövlət o deməkdir ki, bu gün Azərbaycanda iqtisadiyyat inkişaf edir, Azərbaycan tərəfindən beynəlxalq layihələr təqdim olunur.

Dünyanın aparıcı dövlətləri tərəfindən bu layihələr dəstəklənir, Azərbaycanın dünyadakı yeri və rolu möhkəmlənir. Möhkəmlənmiş mövqeyimiz hesabına ölkəmizə qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan həmin layihələrdən kənarda qalır.

Prezidentin dünyanın aparıcı dövlətlərinin rəhbərləri ilə, o cümlədən, ATƏT-in Minsk qrupu çərçivəsində apardığı danışıqlar prosesindəki mövqeyi, bütövlükdə Azərbaycanın mövqeyi belədir ki, ölkəmizin ərazi bütövlüyü məsələsi ədalətli həlli olunmalıdır, burada ikinci bir düşüncə olmamalıdır.

Məhz bunun hesabınadır ki, müxtəlif beynəlxalq qurumlarda bütün ciddi qərarlar Azərbaycanın marağına uyğun qəbul olunur. İstər AŞPA-da, istər Avropa Parlamentində, istər BMT çərçivəsində və digər təşkilatlarda Azərbaycanın mövqeyi hər zaman birincidir. 

– Beynəlxalq şərtlər, reallıqlar, xüsusilə, Yaxın Şərqdə baş verən proseslər fonunda Azərbaycanın ərazi bötüvlüyü məsələsinin çözümündə hərb variantı mümkündürmü, gözləniləndirmi?

– 2016-cı ilin  məlum Aprel hadisələrində gördük ki, Azərbaycan Silahlı Qüvvələri o qədər hazırlıqlıdır ki, o qədər hərbi güc potensialına qadirdir ki, qısa müddətdə ərazi bütövlüyünü təmin edə bilər. Buna heç bir şübhə ola bilməz. Prezident İlham Əliyev hər zaman bəyan edir ki, biz problemi sülh yolu ilə həll etməyin tərəfdarıyıq. Düşünürəm ki, buna nail olacağıq.

 – Rövşən müəllim, Qarabağ məsələsindən söz düşmüşkən, parlamentin yaz sessiyasının ilk iclasında məsələ qaldırdınız ki, işğal olunmuş torpaqlarla, ərazilərlə bağlı qanun layihəsi hazırlansın, müzakirələrə çıxarılsın. Bir hüquqşünas kimi, bu sənəddə hansı məsələlərin olmasını təklif edirsiniz? 

– Bir çox məsələlər var ki, onları hazırladığımız layihədə təqdim edəcəyik. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovla birlikdə hazırda buna nəzər yetirir, sənədin üzərində işləri davam etdiririk.

Görəndə ki, qanun layihəsini tam təkmil variantda artıq parlamentə təqdim etməyə hazırıq, onu edəcəyik. Bir daha qeyd edirəm ki, bizi narahat edən məsələlər çoxdur.

Birincisi, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının statusu barədə söhbət qaldırılacaq. İkincisi, bizi narahat edən məsələ odur ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz şəkildə müəyyən Qərb şirkətləri fəaliyyət göstərir.

Müxtəlif iş, sənət adamları, bəzi dövlətlərin deputatları gətirilir, onlar qeyri-qanuni şəkildə Azərbaycan ərazisinə daxil olurlar. Odur ki, bizi narahat edən bu məsələlərin hamısını qaldırmaq, sənəddə əks etdirmək fikrindəyik.

– Həmin qanun layihəsi qəbul olunarsa, o, gələcəkdə həmin şirkətlərə, şəxslərə qarşı beynəlxalq məhkəmə proseslərinin başladılmasında hansısa bir rol oynaya biləcəkmi?

 – Çalışacağıq ki, bütün məsələlərdə beynəlxalq prinsiplərə söykənən müddəaları layihəyə gətirə bilək. Təbii ki, bunu edəndən sonra digər addımlar atacağıq. Nə qədər nail olacağıq, bu gün bunu deyə bilmərəm. Çünki Ermənistan təxribatçı dövlətdir və Azərbaycanın işğal olunmuş ərazilərində öz bildiklərini edirlər.

İşğal faktı hələ də davam edir, yerindədir. Ancaq bununla belə, biz də öz addımlarımızı atmaqda davam edəcəyik.

 – Ümumiyyətlə, bu sənəd qəbul olunsa, məlum prosesin qarşısı alınacaqmı? Qanunsuz səfərlər, qanunsuz, cinayətkar işbirlikləri durdurulacaqmı?

– Bu günə qədər müxtəlif beynəlxalq təşkilatlara, dövlətlərə öz narazılığımızı bildiririk. İstər Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində, istərsə də digər səviyyələrdə. Bundan sonra da öz narazılığımızı, etirazımızı bildirməkdə davam edəcəyik. 

İcmal.Az

RƏYLƏR