Deputatın oğlu istintaqa çağırıldı

OXUNUB: 580 GÜNDƏM HADİSƏ
"Range Rover”lə qəza törədən Xəyal Məmmədovun məhkəməsi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə gözlənilmədən məhkəmə istintaqı yenilənib.

Ötən proses istintaq bitmiş, prokuror X. Məmmədovun 7 il azadlıqdan məhrum edilməsini istəmişdi. 

Hakim bildirib ki, iş materiallarında bir sıra uyğunsuzluqlar, pozuntular var. Onların araşdırılması üçün istintaqın təzələnməsinə qərar verilib.

Hakim ziddiyyətlərdən biri kimi onu göstərib ki, hadisə yerinə baxış protokolunu imzalayanlar qəza ilə bağlı sxemi imzalamayıblar. 

Onların arasında Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə və Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi də olub.

Daha iki nəfər polis əməkdaşı – Qalib Məhərrəmov və Maşallah Paşayev isə orada olsalar da, ümumiyyətlə, sənədlərin heç birini imzalamayıblar. Ona görə də məhkəmə qərar verib ki, bu dörd nəfərin hamısı dindirilməlidir.

Xatırladaq ki, Binəqədi rayon prokurorunun müavini Elgiz Qənizadə deputat Çingiz Qənizadənin oğludur.

Proses iyunun 11-ə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman "Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

Onu da qeyd edək ki, X. Məmmədov daxili işlər naziri Ramil Usubovun mühafizə xidmətində çalışdığı və onun cangüdəni olduğunu deyib. (Bakupost.az)
 
İcmal.Az

RƏYLƏR