Deputatla bəstəkar bir-birini tənqid etdi - FOTO

OXUNUB: 586 SOSİAL

"GünazTV” internet kanalında Əməkdar jurnalist Qulu Məhərrəmlinin təqdimatında yayımlanan "Mətbuat aynasında” verilişinin ötəngünkü buraxılışı Bayraq bayramına həsr olunub. Proqramın qonağı millət vəkili Fazil Mustafa olub.

Proqram bitdikdən bir neçə saat sonra Q.Məhərrəmli verilişin linkini öz "Facebook” səhifəsində paylaşıb.

Türkiyədə yaşayan azərbaycanlı bəstəkar, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev həmin paylaşımına şərh yazaraq deputat F.Mustafanı tənqid edib.

"Qulu, bu adam Üzeyir bəyin yaratdığı o gözəl himni sevmir və bunu açıq bəyan edir. Xəbərin varmı? Himn qəbul olunarkən (1992) orda idi (hökumətdə) və susdu”, - deyə C. Quliyev qeyd edib.

F.Mustafa bəstəkarın tənqidi şərhinə münasibət bildirib: "Qulu Məhərrəmli bizim bayraqla bağlı "GünazTV”-də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla, bir qrup geri zəkalı fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da, bir arpa boyu ağıllanmayıblar.

Mənim himn də, bayraq da daxil olmaqla, istənilən məsələdə fikirlərim, yaxud da siyasi dünyagörüşüm kimin üçünsə qəbulolunmaz ola bilər. Məhz bu qəbuletməzlərə rəğmən, öz görüşlərimi, inandığım prinsipləri həm şifahi, həm də yazılı mətnlərlə ardıcıl anlatmağa israrlıyam. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşivənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz. Tarix də, himn də, bayraq da, din də, millət də, şəxsiyyətlər də təftiş və təhlil oluna bilər və burada hansısa qəbahət yoxdur. Məhz bu cür müzakirələr ölkədə sağlam düşüncə mühitinin yaranmasına faydalı ola bilər”.

C.Quliyev isə deputatın sözlərinə bu cür reaksiya verib: "Sənin xuliqanlığına cavab verməyəcəyəm, Fazil. O ki qaldı təhlilə, təftiş və təhlil olunmalı sənsən – səni xalqmı vəkil seçib, yoxsa, iqtidar "təyin” edib? Bax, bunu təhlil et...

O ki qaldı mənim getməyimə, ay "millət vəkili”, sən rahat yerindən haradan biləsən ki, hər bir bəstəkar üçün ölkədən getmək böyük faciədir, əsərlərinin yasaq olunması onun üçün ölümə bərabərdir. Sən bunları haradan biləsən ki, çox vacib bir işlə məşğulsan – millət vəkili vəzifəsinə təyin olunub, gecə-gündüz millət üçün yanırsan. Bir bəstəkarın haqları pozulursa, sənə nə, cəhənnəm olsun o bəstəkar, sənə qalmayıb ki onun problemi, sən millət vəkilisən!

Bir də unutma, sən və sənin kimilər heç vaxt Üzeyir bəyi təftiş edə bilməz, buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər!”.

 

RƏYLƏR