Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 17 il ötür

OXUNUB: 23 SOSİAL

İyulun 5-i Diasporla İş üzrə Dövlət Komitəsinin yaranma günüdür. Bu münasibətlə Komitənin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

İcmal.Az xəbər verir ki, Dövlət Komitəsinin kollektivi və diaspor nümayəndələri Ulu Öndərin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsində Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Asim Mollazadə, Ülvi Quliyev, Şahin İsmayılov, Adil Əliyevin, ABŞ, Almaniya, İtaliya, Kanada, Rusiya, Ukrayna, Yunanıstan, Fransa, Türkiyə və bəzi başqa ölkələrdəki diaspor təşkilatlarını təmsil edən soydaşlarımızın, eləcə də Diaspor Könüllülərinin iştirakı ilə tədbir keçirilib.

Komitə sədri Fuad Muradov çıxış edərək bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə yaradılmış "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi”nin varisidir. "Əsas hədəf dünyada yaşayan azərbaycanlılar birləşdirmək, soydaşlarımızın birgə fəaliyyətini təmin etmək, Dünya Azərbaycanlıları Şəbəkəsinin formalaşmasına nail olmaq, Azərbaycan həqiqətlərini, milli-mədəni dəyərləri təbliğ etmək, diaspor fəaliyyətindən lobbiçiliyə keçidi təmin etməkdir. Bütün bu işlərə dəstək məqsədilə dövlətimizin başçısının 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Komitənin tabeliyində "Azərbaycan Diasporuna Dəstək” Fondu yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə milli-mədəni dəyərlərimizin təbliği, xaricdə yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideologiyasının daha geniş yayılması, Azərbaycan həqiqətlərinin genişmiqyaslı tanıdılması, Azərbaycan dilinin qorunması və təbliği istiqamətində davamlı işlər görülür. Xaricdə Azərbaycan evləri, İnteqrasiya mərkəzləri, Azərbaycan dili məktəbləri yaradılaraq soydaşlarımızın istifadəsinə verilir. Heydər Əliyev Fondunun dəstəyi və Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Fransanın Nant şəhərində yaradılan "Qarabağ” Azərbaycan məktəbi qeyd edilənlərin bariz nümunəsidir. Məhz Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə "Xocalıya ədalət!” kompaniyası bütün dünyaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri bəyan edir. Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidenti olacağam” ifadəsinə söykənərək xaricdə yaşayan hər bir soydaşımızın yanında olmağa, onun arxasında güclü, qüdrətli Azərbaycan dövlətinin dayandığını ifadə etməyə çalışırıq”, - deyə Komitə sədri əlavə edib.

Tədbirdə Milli Məclisin deputatları, diaspor nümayəndələri və digər qonaqlar çıxış edərək qısa zamanda görülən işləri müsbət dəyərləndirib və bu çətin işdə Komitənin kollektivinə uğurlar arzulayıblar.

YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı qeyd edib ki, Azərbaycan tarixinin hər bir səhifəsində, o cümlədən diaspor siyasəti tarixində ulu öndər Heydər Əliyevin imzası var və bu gün də böyük tarixi şəxsiyyətin siyasəti uğurla davam etdirilir.

Milli Məclisin deputatları Ülvi Quliyev, Asim Mollazadə, Adil Əliyev Komitənin fəaliyyəti, Azərbaycan diasporu ilə bağlı qənaətlərini bölüşüb, ümummilli lider Heydər Əliyevin diaspor siyasəti ilə bağlı tarixi qərarlarından və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıblar.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin bir qrup əməkdaşı mükafatlandırılıb.

 

 

 

 

İcmal.Az

RƏYLƏR