Televiziya cəmiyyətimizin güzgüsidir. Bu ifadəni hər birimiz
eşitsək də, onun mahiyyəti haqqında dərindən düşünən az olur. Sadəcə baxdığımız
müxtəlif verilişlərdə gördüklərimizlə cəmiyyətdə rastlaşdıqlarımızı, bu
halların müxtəlif tendensiyaları əks etdirdiklərini qeyd edirik. Çox nadir
hallarda kimsə bu verilişlərin bizim düşüncəmizə, cəmiyyətimizdəki proseslərə
necə təsir etməsi haqqında fikirləşir. Reallıq isə belədir ki, hər bir evin
"çağırılmamış qonağı” olan televiziya özümüzün də, ailə üzvlərimizin də düşüncə
tərzi və davranışına birbaşa təsir göstərir. Elə buna görə də, televiziyda
çalışanlar onun əsas funksiyalarını, təsir imkanlarını dərindən dərk etməli və
bunlardan cəmiyyətimizin, xalqımızın mənafeyi naminə istifadə etməlidirlər.
İmkanlarımızı müəyyənləşdirmək üçün isə, televiziyanın əsas funksiyalarını bilməli
və onların necə həyata keçirilməsini təhlil etməyi bacarmalıyıq.
Azərbaycan televiziyalarının hazırki vəziyyəti
Bu günkü reallıq belədir ki, televiziya haqqında danışdıqda, cəmiyyət üzvlərimizin
əksəriyyəti azərbaycan televiziyalarına baxmadıqlarını qeyd edirlər. Bunun
acınacaqlı hal olduğu şübhə doğurmur. Amma daha sonra həmin adamlar filan
verilişdə filan məsələni, digər verilişdə digər məsələni, filan kanalda filan
verilişi bəyənmədiklərini söyləyirlər. Deməli, az da olsa, baxırlar... Bəs
baxmaq istəməyənləri ekran qarşısına necə qaytarmaq olar? Televiziyaların
dolanışığını təmin etməklə yanaşı, onların milli maraqlarımıza, mənəvi dəyərlərimizə
zərbə vurmaması üçün hansı tədbirlər görülməlidir? Sirr deyil ki, rəyi
soruşulanların əksəriyyəti bir qayda olaraq telekanallarda dedi-qoduya çox yer
ayrıldığını, musiqili əyləncə verilişlərinin çox olması, milli-mənəvi dəyərlərə
az yer ayrılmasından gileylənirlər. Televiziya rəhbərləri isə, məhz bu qəbildən
olan verilişlərin daha yüksək reytinq qazandığını, yəni daha geniş auditoriya cəlb
etdiyini bildirirlər. Şübhə yox ki, hazırki televiziyanın inkişaf
konsepsiyasını hazırlamaq üçün bu fenomen dərindən təhlil olunmalıdır. Amma bu
böyük bir araşdırmanın, hətta deyərdim elmi araşdırmanın mövzusudur. Bizə isə
yaranmış vəziyyətlə bağlı daha ağrılı istiqamətləri müəyyənləşdirmək və çıxış
yolu ilə bağlı gördüklərimizi diqqətə çatdırmaq düşər.
Televiziyada islahata nədən başlamalı?
Televiziyanın audio-vizual sənət olduğu hər kəsə məlumdur. Bu isə o deməkdir
ki, televiziya vasitəsilə təqdim olunan materiallar daha inandırıcı və təsirli
olmalıdır. Axı deyilənlər görüntü, göstərilənlər isə shifahi nitqlə tamamlanır
( hər halda, tamamlanmalıdır ). Bəs bizim televiziya nitqimiz və təqdim edilən
görüntülərimiz müasir tələblərə cavab verirmi? Təəssüflə söyləməliyik ki, yox.
Və əgər görüntünün təmin olunması bir çox amildən (mütəxəssislərin yetişdirilməsi
və təcrübəsi, müvafiq materialların və avadanlığın gətirilməsi, böyük məbləğdə
vəsaitin tələb olunması və s.) asılıdırsa, nitq keyfiyyətinin təmin edilməsi
birbaşa özümüzdən asılı olmaqla yanaşı, heç bir əlavə vəsaitin cəlb olunmasını
da tələb etmir.
Misallar və çıxış yolu.
Əlbəttə ki, mənim müxtəlif qurumlar kimi uzunmüddətli xüsusi monitoring aparmaq
imkanım yoxdur. Sadəcə, fərd olaraq, efirə baxıb gördüklərimi qeyd edir və vəziyyətdən
çıxış yolunu diqqətinizə çatdırmaq istəyirəm. Müşahidələr göstərir ki, efirdə
olan şəxslər ildən-ilə eyni səhvlərə yol verirlər. Misal üçün, tok-şou
formatında olan verilişlərin aparıcıları "sizlər”, "bizlər”, "ifa almaq” kimi
azərbaycan dili qaydalarına uyğun gəlməyən ifadələr işlətməklə yanaşı, bir çox əcnəbi
sözlərdən, xüsusilə də rus sözlərindən istifadə edirlər. Maraq doğuran hal isə
odur ki, onların bir qismi rus dilini ya bilmir, ya da çox zəif bilir. Bəs belə
olan halda, bu sözlərə olan "məhəbbət” hardan qaynaqlanır?
Dil ilə bağlı digər qəbildən olan problem isə xəbər təqdimatı ilə bağlı. Bu sahədə
təqdimat bir qədər fərqlidir. Aparıcı, bir qayda olaraq, bir neçə instansiyada
yoxlanılmış hazır mətni oxuyur. Bu halda səhvlər iki cür ola bilər: ya xəbərin
yazılması və yoxlanması zamanı səhvə yol verilib, aparıcı da öz növbəsində həmin
səhvi görməyərək (bunun özü də qəbahətdir) efirdə səsləndirib. Ya da yazının
düz olmasına baxmayaraq, aparıcı mətni səhv oxuyub, və ya vurğunu səhv vurmaqla
xəbəri təhrif edib.
Bəs vəziyyətdən çıxış yolu varmı?
Məndə olan məlumata görə, MTRŞ vaxtaşırı monitoring keçirir və onun nəticələrini
televiziyalara təqdim edir. Həmin monitoringlərdə dil məsələsinə xüsusi diqqət
yetirilir. Buna baxmayaraq, problemlər hələ də mövcuddur. Nöqsanların aradan
qaldırılmaması, səhvlərin eyni aparıcılar tərəfindən dəfələrlə təkrarlanması
belə qənəətə gəlməyə əsas verir ki, həmin şəxslər rəhbərləri tərəfindən tənbeh
olunmayıblar. Bunun isə bir neçə səbəbi ola bilər: ya rəhbərlik məsələyə laqeyd
yanaşır; ya rəhbərlik həmin aparıcıların reyting gətirmələrini dil sahəsində
qüsurlardan vacib hesab edir; ya da rəhbərlik özü dili bilmədiyi üçün, həmin
aparıcıların özünü təmizə çıxarmasını "seyr etməklə” kifayətlənir.
Bəlkə də elə bununla bağlıdır ki, həmin rəhbərlərin göstərişilə, hətta "canlı”,
və ya "birbaşa” yayım sözləri əvəzinə, Azərbaycan teleməkanında "live” sözü
yazılır. Lap Böyük Britaniya əsarətindən yeni qurtulmuş və hələ də ingilis
dilinin öz dillərilə yanaşı ana dili statusu daşıyan 3-cü dünya ölkələri kimi.
Cənablar, bu qəbahətdir! Daha dərindən düşünsək isə, CİNAYƏTDİR! Azərbaycan
xalqına, Azərbaycan dövlətinə qarşı törədilən cinayət! Məsələ o qədər ciddi
xarakter alıb ki, Prezidentin fərmanı ilə Dövlət Dil Komissiyası yanında
Monitorinq Mərkəzi dil qüsurları ilə bağlı monitorinqlərin əhatə dairəsini
genişləndirəcək. Bu dairəyə telviziya və digər KİV-lər də daxildir.
Amma... zənnimcə dil sahəsində mövcud qüsurların araşdırılması ilə yanaşı, səhvlərə
təkrar yol verən qurumlar və şəxslərə qarşı müvafiq sanksiyaların tətbiqi
haqqında da düşünməyə dəyər. Dilimizə hörmət etməyənlər özlərinə qarşı hörmət və
diqqət umurlarsa, səhv edirlər. Əslində bu qəbildən olan səhvə yol verənlərin cəzalandırılması
öz sənətinə (jurnalistikaya), öz dilinə, tarix və mədəniyyətinə hörmətlə
yanaşan insanlara bir töhfə olar. Eyni zamanda, əksəriyyətinin yalnız maddiyyat
dilini anlayan digər şəxslərin azərbaycan dilinə, azərbaycan mədəniyyətinə, Azərbaycan
maraqlarına xələl gətirməsinin qarşısı alınar.
Hər halda, mən belə düşünürəm.
Nadir ŞƏFİYEV