Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkilindən ŞAD XƏBƏR

OXUNUB: 793 SİYASƏT

Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən və hazırda ermənilərin işğalı altında olan Azərbaycanın Şuşa şəhərində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən kommunikasiyanın başlanması çox önəmli məsələdir.

 Bunu Trend-ə D.Əsgərov və Ş.Quliyevin hüquqlarını müdafiə edən vəkil Anar Bağırov deyib.

O qeyd edib ki, erməni tərəfi qətiyyən istəmirdi ki, bu iş Avropa Məhkəməsində kommunikasiyaya qəbul olunsun.

A.Bağırovun sözlərinə əsasən, kommunikasiya başlayıbsa, iş tez bir zamanda qərarla nəticələnməlidir: "Yəni, bu iş artıq məhkəmənin icraatındadır. Avropa Məhkəməsinin prosedurlarında ən çətin məsələ müraciətin icraata götürülməsidir. Çünki Avropa Məhkəməsinə edilən müraciətlərin əksəriyyəti heç icraata qəbul olunmur və ya bu müddət çox uzun çəkir. Avropa Məhkəməsində növbədə minlərlə müraciətlər var. Bu baxımdan, kommunikasiyaya başlanması çox önəmli məsələdir. Hesab edirik ki, əgər müraciət kommunikasiyaya qəbul olunursa, həmin iş üzrə qərarın qəbul olunma ehtimalı çox yüksəkdir. Ümid edirik ki, müraciətə qısa müddətdə baxılacaq. Avropa Məhkəməsinin bu işlə bağlı ədalətli qərar qəbul edəcəyinə böyük ümidim var və hesab edirəm ki, məhkəmənin qəbul edəcəyi ədalətli qərarla soydaşlarımızın azadlığa çıxmaq və öz evlərinə qayıtmaq şansı yüksəkdir”.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D.Əsgərov və Azərbaycan vətəndaşı Ş.Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb./trend

 

İcmal.Az

RƏYLƏR