"DostTech" və "Texnoservis" əlbir olub, müştərilərə kələk gəlir - ŞİKAYƏT

OXUNUB: 3836 Texnologiya GÜNDƏM HADİSƏ
"DostTech" mağazası müştərilərə keyfiyyətsiz avadanlıqlar satır və zəmanət şərtlərinə də əməl etmir.

Bu barədə Qaynarinfo-ya şikayətçi Cavidan Məmmədzadəməlumat verib. O, bildirib ki, iyun ayında mağazadan aldığı elektrik sobası xarab çıxdığı üçün "DostTech"ə müraciət edib, lakin müxtəlif bəhanələr gətirilərək, probleminə baxılmayıb.

"Təzəcə qoşmuşduq ki, partladı. Bu səbəbdən şirkətə müraciət etdim. "DostTech"dən məni öz servislərinə yönləndirdilər və dedilər ki, orada məhsula baxılacaq. Ya təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. "DostTech"in əməkdaşlıq etdiyi "İntegral"ın tərkibində fəaliyyət göstərən "TEXNOSERVİS" şirkətinə sobanı apardım. Lakin 3 həftə sonra servisdən zəng etdilər ki, tempraturu çox yüksək qoyduğunuz üçün xarab olub. Mən də bildirdim ki, sobada maksimum tempratur yeri varə Əgər bunu maksimum temperaturda istifadə etmək olmazdısa, nə üçün belə bir şey qoyublar ki?! Göstərdikləri səbəbin əsassız olduğunu söylədim. Ondan 2 saat sonra isə zəng edib dedilər ki, guya küt alətlə vurmuşuq. 2 saat ərzində 2 fərqli cavab verən şirkətin xidmət səviyyəsi göz qabağındadır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə də müraciət etmişəm. Yaxın müddətdə məhkəməyə də müraciət edəcəyəm. Məsələ ictimailəşməlidir ki, başqa insanlar da aldanmasılar".

 

Məsələ ilə bağlı "DostTech" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, bu, onlara aid bir məsələ deyil və məhsullarla bağlı yaranmış problem servis şirkətinin öhdəliyindədir.
 
"Texnoservise"dən isə günahın müştəridə olduğu və düzgün istifadə etməmə səbəbindən sobanın partladığı bildirilib.

 

"Həmin avadanlıq iyun ayında bizim servisə gətirilib. Məhsula baxıldıqda məlum olub ki, istifadə zamanı partlayıb və şüşəsi qırılıb. Əgər qüsur istehsalçı tərəfindən olsaydı, o zaman zəmanətlə bərpa olunardı. Servis şirkəti öz üzərinə düşən öhdəliyi yerinə yetirib. Qalan məsələlərlə bağlı "DostTech"ə müraciət edin. Qeyd etdiyim kimi avadanlıq sırf müştərinin səhvi ucbatından xarab olub. Biz şüşəsinin dəyişdirilməsi üçün pullu xidmət təklif etmişik, lakin müştəri bundan imtina edib".

RƏYLƏR