Dostunu qətlə yetirən şəxs özünü təqsirli bilib

OXUNUB: 702 HADİSƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Zaur Qasımovun (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

İcmal.Az-ın məlumatına görə, ötən il noyabrın 27-də 2-ci Zabrat qəsəbəsindən 3 saylı şəhər klinik xəstəxanasına döş qəfəsindən aldığı ağır yara ilə Naxçıvan sakini Xəyal Məmmədov (1995-ci il təv.) çatdırılıb. 

Həkimlərin səyinə baxmayaraq o keçinib. Həmin gecə Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Zaur Qasımov saxlanılıb. 

Məlum olub ki, tanışlar arasında mübahisə qəsəbənin H.Aslanov küçəsində baş verib. Nəticədə Qasımov üzərindəki bıçaqla dostunun ürək nahiyyəsindən bıçaqla bir zərbə endirib və hadisə yerindən qaçıb. Şahidlərin sölərinə görə, onların arasında hadisədən 10 gün əvvəl də internet klubda mübahisə olub, lakin həmin vaxt onları ətrafda olan şəxslər ayırıblar. 

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan etdikdən sonra, söz təqsirləndirilən şəxsə verilib. 

Zaur Qasımov ittiham üzrə özünü təqsirli bilib. O, mərhumla 1 həftə əvvəl münahisə etdiyini təsdiq edib:

"İkimiz də bir qəsəbədə yaşamışıq, Xəyal klubda işləyirdi. Günlərin bir günü ora getdim. Xəyaldan su istədikdə, o dedi ki gətirməyəcək. Buna görə mübahisəmiz düşdü. Üstündən bir həftə keçəndən sonra məsələni aydınlaşdırmaq istədim.

Qəsəbədə görüşəndə, niyə belə hərəkət etdiyini soruşduqda, o yaxşı elədiyini dedi. Birinci məno o söydü, cibindən bıçaq çıxartdı. Mən ona yumruq atdım, bıçaq yerə düşdü, üstümə gələndə zərbə endirdim. Dəqiq xatırlamıram, amma deyəsən ilk zərbədən sonra kəsici alət qırıldı. Onu öldürmək niyyətim olmayıb”.

Daha sonra zərərçəkmişin hüquqi varisi Qorxmaz Məmmədov ifadəsi dinlənilib. O, təqsirləndirilən şəxsə və onun yaxınlarının ünvanına xoşagəlməz ifadələr işlədib. Tərəflər arasında düşən mübahisə penitensiar xidmətinin əməkdaşları və məhkəmə nəzarətçiləri tərəfindən sakitləşdirilib. Hakim tərəflərə xəbərdarlıq edib.

Proses növbəti həftə davam etdiriləcək.

İcmal.Az

RƏYLƏR