DTX-in Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına başçəkmə həyata keçirilib

OXUNUB: 1553 AZƏRBAYCAN
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
 
Qurumdan BNEWS.az-a verilən məlumata görə, başçəkmədə məqsəd Ombudsmanın ünvanına daxil olmuş müraciətlərin və saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.
 
Başçəkmə zamanı saxlanılma şəraiti, qidalanma, tibbi yardım, gəzinti və digər hüquqların təmin olunması vəziyyəti, habelə rəftar məsələləri araşdırılıb, müəssisədə saxlanılan bir sıra şəxslər fərdi qaydada qəbul edilib.
 
Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah olunub. Fərdi qaydada dinlənilən zaman bəzi saxlanılan şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırılan məsələlər üzrə onlara hüquqi məsləhətlər verilib və aidiyyəti qurumlara müraciət olunacaqdır.
 
Yekununda Müvəqqəti saxlama yeri və istintaq təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.
 
İcmal.Az

RƏYLƏR