DTX rəisi: “30-dan çox əcnəbinin Azərbaycan ərazisindən istifadə etməklə silahlı münaqişələrə qoşulmasının qarşısı alınıb”

OXUNUB: 39 GÜNDƏM SİYASƏT
Suriya və İraq ərazisində terror təşkilatlarının əsas dayaq bazalarının məhv edilməsinə baxmayaraq, dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Özbəkistanın Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclasındakı çıxışında qeyd edib.

Terror şəbəkəsinin təbliğat məqsədilə müasir informasiya texnologiyalarından geniş istifadə etdiklərini diqqətə çatdıran Xidmət rəisi, bu təhlükəli fəaliyyətin ekstremist və dini radikalizm ideologiyasının yayılmasına, yeni potensial terror ocaqlarının formalaşmasına şərait yaratdığını söyləyib.

Ə.Nağıyev həyata keçirilmiş tədbirlər nəticəsində 30-dan çox xarici vətəndaşın Azərbaycan Respublikasının ərazisindən istifadə etməklə ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə qoşulmaq cəhdinin qarşısının alındığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təhlükəsizlik və sabitlik əleyhinə yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluq və dini ekstremizm ilə mübarizədə beynəlxalq tərəfdaşlığın möhkəmləndirilməsinin və kollektiv tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Bu baxımdan, təhlükəsizlik və xü­su­si xidmət orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacib olduğunu diqqətə çatdıran Xidmət rəisi, ölkələrimizin təhlükəsizliyinin səmərəli təmin olunması istiqamətində təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, Özbəkistan Respublikasının Daşkənd şəhərində MDB iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 47-ci iclası keçirilib. İclasda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 

RƏYLƏR