Dünya savaş tarixinə dərs keçən ŞUŞA: Burada hər şey yenidən başlayır – Ruslan Bəşirlinin Şuşa təəssüratı (FOTO)

OXUNUB: 554 Özəl GÜNDƏM SOSİAL

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən Şuşaya səfər dəvəti gəlincə açığı çox sevindim. Səfər gününü xüsusi səbirsizliklə, qarışıq hisslərlə gözləyirdim. Nəhayət, dekabrın 27-də həyəcanlı Şuşa səfərimiz baş tutdu.

İşğaldan azad edilmiş Füzuli rayonuna daxil olar-olmaz dəhşətli mənzərənin şahidi olursan. Dağıdılmış kəndlər, viran edilmiş evlər, məktəblər... 

Açıklama yok.

Erməni barbarlığı və vandalizminin ən aşağılıq formasının canlı şahidi olmaq necə də ağırdır. Lakin hər şeyi yenidən başlayırıq. 

Bölgədə gedən tikintiyə, quruculuq işlərinə hər addımda rast gələ bilərsiniz. Füzulidə həmsöhbət olduğum polis polkovniki həvəslə danışır: "Bu erməni vəhşiliyinə məruz qalmış kəndin adı Alıxanlıdır. Görürsünüz, necə insanlığdan çıxmış düşmənimiz var. Bütün kənd və şəhərlərimiz yenidən tikiləcək. Hələ qarşıda qısa müddətə inşa edilmiş Zəfər Yolunu görəcəksiniz". 

Açıklama yok.

Həqiqətən də avtomobilimiz qısa müddətdən sonra yenicə istifadəyə verilmiş rahat, səliqəli Zəfər Yolu ilə şütüyür. Yol kənarında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə açılışını etdikləri əzəmətli Füzuli Hava Limanı görünür. 

Uca dağlarla əhatələnmiş Xocavənd rayonu ərazisinə daxil oluruq. Yolüstü qarşılaşdığım gizirlə söhbətləşirəm. Ondan sıldırım qayalı bu dağların içində qısa müddətə Zəfər Yolu kimi mükəmməl bir yolun necə salınması haqda soruşuram. Yolun salınması üçün gecə-gündüz demədən göstərilən cabalardan ağız dolusu danışan gizir özünün tarxi cümləsini işlədir: "Bizim igid əsgərlərimiz 40 kilometrdən çox uzanan bu sıldırım qayalı dağları aşaraq, Şuşanı azad ediblər".

Açıklama yok.

Nəhayət, uzaqdan dağ başındakı vüqarlı Şuşanın sərt sıldırım qayaları görünür. Təsəəvvür belə edə bilmirsən, qəhrəman əsgərlərimiz bu amansız sıldırım qayaları necə aşaraq şəhəri azad edə biliblər? Mübaliğəsiz, Şuşanın azad edilməsi müharibə taktikalarının öyrəliməsi baxımından dünya savaş tarixinin ən önəmli hadisələrindəndir. 

Şuşaya çatmazdan öncə dağın ətəyindəki məşhur Daşaltı kəndi görünür. Şuşanın girişinə çatırıq. Dağın ətəyində Azərbaycan və Türkiyə bayraqları ilə əhatələnmiş, "Şuşa" yazılmış lövhə görünür. Yoxlama postunda Azərbaycan əsgərləri bizi gülərüzlə qarşılayır: "Şuşaya xoş gəlmisiniz", deyib sənədlərə baxırlar. 

Çəpərin o tayında, bir qədər çökək yerdə "Laçın dəhlizi"nin girişi başlayır. Rus sülhməramlıları Xankəndinə gəlib-gedən, yalız mülki olması şərt olan avtomobillərə nəzarət edir. 

Şuşanın girişində qarşılaşdığımız mənzərə xüsusi gözəlliyi və mesajı ilə diqqət çəkir. Azərbaycan, Türkiyə və Pakistan bayraqları asılmış meydan qarşılayır bizi. Dünyada tayı-bərabəri olmayan qardaşlıq nümunəsi Şuşadan xüsusi mesaj verir.

Şuşa zirvədə yerləşən əzəmətli, lakin ərazisi çox da böyük olmayan bir şəhərdir. Şəhəri avtomobillə təxminən 40 dəqiqə müddətində gəzmək mümkündür. Şəhərin 3 əsrlik tarixini 28 illik işğal dövründə az qala hər bir azərbaycanlı öyrənib. İşğaldan öncə Şuşanın 25 min əhalisi, 300-dən çox tarixi abidə, 500-dən çox qədim yaşayış binası olub. İşğal dövründə ermənilər Azərbaycan izini silmək üçün tarixi abidələrin hamısını dağıdıblar. Abidələrin ciddi bərpaya ehtiyacı var. Kütləvi barbarlıq qədim yaşayış binalarından da yan keçməyib. Binaların bəzilərini uçurublar, bəziləri isə baxımsızlıqdan çöküb. Xurşudbanu Natəvanın dağıdılmış evini görmək çox acıdır. Əvvəllər bizim həmkarımız olmuş Şuşa Dövlət Qoruğu İdarəsinin şöbə müdiri Zaur Həsənovdan bu binalarla bağlı soruşuram. "Ruslan, ermənilər tarixi binaların əksəriyyətinin damını bilərəkdən söküblər. Şuşada iqlim yağışlı, yağmurlu olduğu üçün damı olmayan binanın çöküşü sürətlənir", - deyə Zaur Həsənov cavab verir. 

Açıklama yok.

Cıdır düzündəyik. Burada tarixən cıdır yarışları keçirilib. Eyni zamanda Qarabağ xanlığı dövründən yerli türk əhali bayramları burada qeyd edərmiş. Cıdır düzü Şuşanın cənubunda nisbətən düz, lakin daha yüksək hissəsindədir. Bu çəmənlik dərəyə və Daşaltı çayının 200 metr aşağıdan axan Daşaltı dərəsinə baxır. Cıdır düzünün kənarındakı cığır qırx pilləkənə, Daşaltı dərəsinə və Xan mağarasına aparır. Xan mağarası da 1992-ci ildə ermənilər tərəfindən dağıdılıb. 

Açıklama yok.

Cidır düzündə hər kəs həyəcanlı idi. Bu tarixi anları foto-video yaddaşlara köçürən kim, canlı yayımla sosial şəbəkələri üzərindən Cıdır düzü həyəcanını bölüşən kim... Sıldırım qayalardan dərəni seyr etmək, sadəcə bir daşın üzərində oturub səssiz şəkildə anı yaşamaq... Hamısını da eyni anda etmək istəyirdik.

Vaqifin məqbərəsi yenidən təmir edildikdən sonra, Şuşaya xüsusi gözəllik verir. Məqbərənin tikintisi 1982-ci ildə başa çatdırılmış və abidənin açılışında mərhum Heydər Əliyev də iştirak edib. 1992-ci ildə işğal zamanı abidə tamamilə dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Prezident İlham Əliyevin tapşırığı əsasında Vaqif Məqbərəsi yenidən bərpa olunub. 

Açıklama yok.

Mənə görə, Şuşanın fəthinin əsas simvolu olan Yuxarı Gövhərağa məscidindəyik. Bu məscid işğal dövründə Şuşada mövcudluğunu qoruyub saxlayan yeganə məsciddir. Bir az aşağıda Aşağı Gövhərağa məscididə var. Lakin məscid ermənilər tərəfindən xüsusi vəhşiliklə dağıdılıb, yalnız minarələrindən biri mövcuddur. Hazırda həmin məscidin bərpası üçün də iş gedir.

Açıklama yok.

İşğaldan sonra, Yuxarı Gövhərağa məscidi yenidən təmir edilib. Məsciddə namaz qıldıq, Uca Allaha dualar etdik. Eynən Şuşanın azad olunma xəbərini aldığımız dəqiqələrdə olduğu kimi, kövrəklik və xüsusi həyəcanla, "Bizə bu zəfəri bəxş edən Uca Rəbbimə həmd olsun" dedik.

Açıklama yok.

Namaz qılınan zaman maraqlı anlar yaşandı. Məscidə daxil olan bir pişik ibadət edən şəxslərə yaxınlaşıb başını insanların əlinə sürtür, sanki mehribanlıq nümayiş etdirirdi. Jurnalist dostlarımızdan biri, "Pişik də artıq bu şəhərin əmin əllərdə olduğunu, əsl sahiblərinin yenidən qayıtdığını bilir", dedi. 

Üzeyir bəyin, Bülbülün, Natəvanın büstlərinin olduğu meydana doğru yürüyürük. Ermənilərin xüsusilə də Üzeyin bəyə qarşı xüsusi kinlərinin olduğunu bilirik. Əslən şuşalı olan Üzeyir bəy "Azərbaycan” qəzetindəki yazılarında Andronikin timsalında erməni kimliyini sərt şəkildə ifşa etmişdi. Görünür, ermənilər Üzeyir bəyin büstünü güllələməklə qisas aldıqlarını düşünürdülər. Çox şükür ki, bu gün Üzeyir bəyin doğma şəhəri azaddır. Meydanın yanında Şuşa icra hakimiyyətinin binası yerləşir. Hazırda həmin bina da ciddi şəkildə təmir olunur. 

Tarixi Şuşa qalasındayıq. Bu qala Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qala divarlarıdır. Yeni salınmış qala-şəhər onun banisi olan Pənahəli xanın şərəfinə Pənahabad qalası adlandırılıb. Sonrakı dövrdə sadəcə Qala adlandırılıb. Bir müddət sonra qalaya Şuşa qalası adı verilib.

Şuşa qalasının inşa edildiyi sahə çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir. Şuşa qalası üç əsas qapıya malik olub. Gəncə, İrəvan və Ağoğlan qapıları. Hər üç qapının adı tarixi mənbələrdə tez-tez xatırlanır. Şuşa qalası şəhər azad edildikdən sonra gələn ziyarətçilərin əsas getdikləri, fotolar çəkdirdikləri məkandır.  

Ümumiyyətlə, Şuşanın bərpası üçün böyük plan hazırlanıb. Plana görə, şəhərə əvvəlki kimi 25 min insanın köçürülməsi planlaşdırılır. Şuşalıların öz doğma şəhərlərində məskunlaşmaları üçün geniş infrastruktur yaratmaq nəzərdə tutulub. Artıq bir sıra işlər görülüb. Şəhər minalardan təmizlənib, yeni yol salınıb, şəhər tam olaraq su və elektiriklə təmin olunub, mobil rabitədə heç bir problem yoxdur. Azərbaycan xalqı tezliklə Şuşa əhalisinin doğma şəhərə "Böyük qayıdış"ına da şahidlik edəcək, inşəallah!

Şəhərdə "Qoç ət" restoranı, 3 market, çörək bişirmə sexi açılıb. İlk yeni yaşayış massivinin özülü qoyulub – 6 məhəllədən ibarət massivdə 2 min adam yaşayacaq. Hazırda tarixi binaların, məscidlərin və muzeylərin bərpası prosesi gedir. Şəhərdə sovet dönəmində tikilmiş və istifadəyə yararsız olan 5 mərtəbəli binalar sökülüb, yeniləri inşa ediləcək. Şuşalıların köçürülməsinə 17 aydan sonra başlanacaq. Evləri dağılanlara yeni mənzillər veriləcək. Kim ki, öz həyət-bacasına köçmək istəyir bu arzu da yerinə yetiriləcək. 

Bu arada diqqətimi çəkən bir məqamı bölüşmək istərdim. Ermənilər işğal zamanı demək olar ki, yaşadıqları evlərin həyətlərini belə səliqə-səhmana salmayıblar. Xüsusən, şəhərin mərkəzindən uzaqlaşdıqca həyətlərdəki kol-kos, budanmayan ağaclar "gözə girir". Vaxtilə şuşalıların öz əlləri ilə tikdikləri evlər isə bir çoxu uçub dağılıb, bəziləri isə baxımsızlıqdan uçmaq həddindədir. Lakin indi Şuşa tarixi abidələri və qədim tarixini qorumaq şərti ilə yenidən qurulur. 28 illik həsrətdən sonra insanımızın Şuşaya qayıtma arzusu başadüşüləndir. Fəqət görüləcək işlər həddindən artıq çoxdur və bu mənada səbirli olmaqda fayda var. Yaxşı olardı ki, əlaqədar dövlət strukturları real vəziyyət və görülən işlər haqqında ictimaiyyəti mütəmadi olaraq məlumatlandırsınlar. O zaman sosial media kirliliyi də böyük ölçüdə aradan qalxar. 

Bir misal çəkim. Mütəmadi olaraq sosial şəbəkələrdə mənbəyi məlum olmayan məlumatlar üzərindən Şuşada qiymət bahalığından bəhs edilir. Lakin, Şuşada olarkən biz bunun əksini gördük. Şəhərdə olan "Qoç Ət" restoranının qiymətləri Bakıdan 20 faiz ucuzdur. Şəhərdə mövcud olan 3 marketin qiymətləri də Bakı ilə eynidir. Şuşada istehsal olunan və xüsusi dada malik "Şuşa çörəyi"nin qiyməti isə 20 qəpikdir. Bu qiymətləri Şuşada bir neçə ayrı-ayrı mənbədən dəqiqləşdirdim. 

Bir qədər də Şuşadan aydın şəkildə görünən Azərbaycanın ayrılmaz hissəsi Xankəndi haqda. Şəhərdən baxınca Xankəndi və hətta Xocalı görünür. Ümumiyyətlə, Şuşadan baxanda Azərbaycanın bölgədə dominantlığı da açıq şəkildə hiss olunur. Bu baxımdan da Şuşanın İslam-Türk dünyasında yeri xüsusidir. 

Sovetlər Birliyi dönəmində bizim qohumların əksəriyyəti yayı Şuşada keçirərdilər. Üstəlik, mənim 2 dayım da orta məktəbi Şuşada oxuyub. İşğal dövründə Şuşa xalqımızın qəlbindəki bir yara idi. Dualarımızın, arzularımızın bir çoxu Şuşa ilə başlayıb, Şuşa ilə bitirdi. Hamımız arzulayırdıq, doğrusunu söyləsək, inanırdıqmı? Açıq desək, cəmi 3 il bundan öncə Şuşanın azad olunacağı bir xəyal idi. Ona görə yox ki, ermənilər bizdən güclü idi. Əsla. Azərbaycanın siyasi, iqtisadi və hərbi olaraq Ermənistandan dəfələrlə güclü olması hər kəsə bəlli idi. Ona görə ki, dünyadakı siyasi proseslərin tezliklə tam olaraq bizim xeyrimizə işləyəcəyini gözləmirdik. Lakin Azərbaycan Prezidenti İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda prosesləri xeyrimizə çevirə bildilər. Elə bir dönüş oldu ki, Ermənistanın arxasında duranların belə gücü yetmədi.

Bu gün Şuşa azaddır! Yuxarı Gövhərağa məscidində etdiyimiz dua necə idi? "Bizə bu zəfəri bəxş edən Uca Rəbbimə həmd olsun!"  


RƏYLƏR