“Dünya və axirət qadınlarının zinəti” adlı elmi-bədii tədbir keçirilib – FOTOLAR

OXUNUB: 1094 QHT
Bakı İslam Universitetində İslam Peyğəmbərinin əziz qızı Xanım Fatimeyi-Zəhranın mövluduna və Beynəlxalq Qadınlar Gününə həsr olunmuş böyük tədbir keçirilib. 
Aktual.az-ın verdiyi məlumata görə, tədbir Universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə gənclərin hazırladığı proqram üzrə baş tutub.
İlk növbədə TGT-nin sədri Qorxmaz Paşayev və sədr müavini İlgün Yunusova tədbir iştirakçılarını salamlayaraq hər kəsi təbrik ediblər. Tədbir universitetin tələbəsi Ceyhun Abışov tərəfindən Qurani-Kərimin tilavəti və Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb.
Sonra aparıcılar Elnarə Həsənova və Ziya Yaqubzadə tədbir haqqında məlumat verib. Tədbir elmi və bədii olmaqla iki hissədən ibarət olub.
İlk elmi məruzə ilə TGT-nin sədr müavini İlgün Yunusova "Həzrəti Fatimeyi-Zəhra (s.ə)-nın timsalında islamda qadının yeri” mövzusunda çıxış edərək, islam dininin təşəkkül tapması ilə qadınların cəmiyyətdəki rolunun və əhəmiyyətinin artırıldığını, onlara layiq olduğu qiymətin verildiyini vurğulayıb. Məruzəçi Xanım Zəhranın dünya qadınlarına öz əxlaqı və gövhərə bənzər dəyərləri ilə bir nümunə olduğunu qeyd edib.
TGT-nin üzvü Nərminə Quliyeva isə "Qadınlıq örnəyi: Hz.Fatimə (s.ə)-nın şəxsiyyəti” adlı məruzəylə çıxış edib. Məruzəçi Xanım Fatimənin (s.ə) bir müsəlman qadın kimi keyfiyyətlərindən, həyat yolundan və fəzilətlərindən bəhs edib. Həmçinin xanımın adlarının mənalarını ayrı-ayrılıqda qeyd edərək onun uca məqamını geniş şəkildə izah edib.
Universitetin tələbəsi Şərqiyə Salmanova isə "Qadın hüquqlarının qorunmasında dini maarifləndirmənin əhəmiyyəti” mövzusunda çıxış etdi. Məruzəçi hər bir sahədə olduğu kimi dini maarifləndirmənin qadın hüquqlarının qorunmasında, onlara qarşı zorakılıq, etinasızlıq hallarının baş verməməsində və haqlarının təmin edilməsində xüsusi əhəmiyyətini qeyd edib.
Sonra tədbirin bədii hissəsində universitetin tələbələri Xədicə Ağayeva, Mirəli Talıbzadə, Xeyransa Şahbazova, Zəkiyyə Heybətova tərəfindən qəzəl, monoloq və şeir səsləndi. Bədii hissənin sonunda universitetin tələbələri tərəfindən hazırlanan "Ananın duası” adlı ibrətamiz səhnə nümayiş etdirilib.
Daha sonra söz tədbirin hazırlanmasında və ərsəyə gəlməsində xüsusi xidmətləri olan universitetin kafedra müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınskiyə verilib. E.Talışınski öz növbəsində bu mötəbər tədbirdə çıxış edən bütün tələbələrinə öz minnətdarlığını bildirib və gənclərin həqiqətən də layiqli, vətənpərvər, hər zaman davranışlarında dövlətçilik ənənələrindən çıxış edən Azərbaycan gəncləri olduqlarını qeyd edib.
Həmçinin tədbirdə ATGTİ-nin Tələbə Gənclər Təşkilatı ilə iş departamentinin direktoru Ləman Cavadova da çıxış edərək Bakı İslam Universitetinin gənclərinin fəal və olduqca istedadlı olduqlarını, TGT-nin təşkil etdiyi tədbirin yüksək səviyyədə keçdiyini vurğulayaraq universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. Bununla yanaşı ATGTİ tərəfindən TGT-lərə verilən dəyərin, dəstəyin, qayğının həmişə mühüm vəzifə olduğunu xüsusilə qeyd etdi və bu istiqamətdə görülən işlər barədə məlumat verib.
Tədbirdə iştirak edən İrəli İctimai Birliyinin insan resusları departamentinin icraçı direktoru Gülər Hümbətova tələbələrin çox maraqlı çıxışlar etdiyini, TGT-nin təşkil etdiyi bu tədbirin olduqca əhəmiyyətli və təqdirəlayiq olduğunu qeyd edib. O, həmçinin İrəli İctimai Birliyinin hər zaman gənclərə dəstək olduğunu və BİU-nun TGT-si ilə əməkdaşlığa hazır olduqlarını bildirib.
Akademi Group Xaricdə təhsil mərkəzinin mütəxəssisi Gülmirə Museyibova tədbirin həqiqətən də vacib məsələyə həsr olunduğunu və BİU-nun gənclərinin çıxışlarının çox maraqlı olduğunu qeyd edib.
Sonda Universitet rəhbərliyi tərəfindən çıxış edən gənclərə xatirə hədiyyələri təqdim olunub.




RƏYLƏR