Dünyaca məşhur şirkət Azərbaycanı ələ salır - Yenə təxribat, yenə qanunsuzluq - FOTOFAKT

OXUNUB: 1080 DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

Dünyaca məşhur şirkət Azərbaycana qarşı çirkin təxribatlarından əl çəkmir və bizi ələ salır.

İcmal.Az xəbər verir ki, Hollandiyada qeydiyyatdan keçmiş "booking.com" şirkəti Azərbaycana qarşı çirkin təxribatlar həyata keçirməkdə davam edir.

Xatırladaq ki, dünyanın nüfuzlu mehmanxana bronlaşdırılması saytı hesab edilən booking.com 2016-cı ildə Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, daha dəqiq desək, Dağlıq Qarabağdakı Xankəndi şəhərini Ermənistan şəhəri kimi qeyd etmiş və göstərilmişdi ki, bu saytda Azərbaycan Respublikasının icazəsi olmadan Xankəndidə mehmanxana otağı bronlaşdırmaq mümkündür.

 

Daha sonra booking.com-un bu təxribatına Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də reaksiya vermişdi. Ardıcıl şikayətlərdən bir neçə ay sonra booking.com 2017-ci ilin ortalarında Azərbaycanın işğal olunmuş ərazilərində mehmanxana sifarişlərinin həyata keçirilməsini dayandırmışdı.

Lakin üstündən qısa müddət sonra booking.com yenə də analoji qanunsuzluğa başlamış və yenə də Azərbaycan tərəfdən sərt təpkilərlə qarşılaşmışdı. Yenə də məsələyə XİN səviyyəsində reaksiya verilmiş, yenə də booking.com qələtini düzəltmişdi.

 

Amma təəssüflər olsun ki, booking.com Azərbaycanı ələ salmaqda davam edir. Çünki bu şirkət yenə də qanunsuzluğunu bərpa edib və Azərbaycanın işğal olunmuş ərazilərindən mehmanxana və ev sifarişlərini həyata keçirməyə başlayıb. Düzdür, hal-hazırda göstərilən şəhərlər üzrə artıq saytda sifariş vermək mümkün deyil. Lakin az öncə sayt belə bir xidmət təklif edirdi. Edilən "screenshot"lardan da görünür ki, saytda yenə də Ermənistan tərəfindən işğal olunmuş Xankəndi və Şuşa şəhərlərində mehmanxana və qonaq evləri üzrə sifarişlər qəbul olunur.

Bundan əvvəl də rəsmi şəkildə bəyan edildiyi kimi, "booking.com" şirkəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin turizm məntəqəsi kimi təşviq edilməsi və orada mehmanxana sifarişlərinin həyata keçirilməsi beynəlxalq hüququn norma və prinsipləri, Ümumdünya Turizm Təşkilatının Nizamnaməsi, Turizmə dair Qlobal Etik Məcəllə, ÜTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrinə köklü şəkildə ziddir.

Bundan əlavə, Azərbaycanın işğal olunmuş əraziləri qanuni beynəlxalq pul köçürmə əməliyyatları üçün qapalı olduğu halda, booking.com üzərindən onlayn ödənişlər edilərək işğal olunmuş ərazilərdə mehmanxana rezervasiyası və "booking.com"un bundan qazanc əldə etməsi qanunsuz beynəlxalq ödəmə əməliyyatları və çirkli pulların yuyulması deməkdir.

Xatırladaq ki, booking.com saytı müştərilərə 200-dən çox ölkədə yarım milyondan çox mehmanxana və mehmanxana tipli obyekt təqdim edir və hər gün bu sayt vasitəsilə yüzminlərlə otaq rezervasiya edilir.

İcmal.Az

RƏYLƏR