Dünyanı mat qoyan yeni valyuta - Onu necə əldə etmək olar?

OXUNUB: 970 İQTİSADİYYAT

Virtual valyuta bitkoin Asiya birjasında 4,4 faiz bahalaşaraq 10, 379,53 dollar təşkil edib. Bitkoinin bazar dəyəri isə 176 milyard dolları ötüb. Bütün dünyada maraqla qarşılanan bu virtual valyutanı Azərbaycan vətəndaşları necə əldə edə bilər?

İqtisadçı-ekspert Rəşad Həsənov Oxu.Az-a açıqlamasında bildirdi ki, kriptovalyutanın Azərbaycanda istifadəsinə hər hansı qadağa yoxdur. Ölkə vətəndaşları bu valyutanı əldə edə bilər: "Virtual  valyutanı əldə etmək istəyənlər bitkoinin internet səhifəsinə daxil olub özləri üçün pulqabı yarada bilərlər. Həmin pulqabı vasitəsilə bitkoin sifariş etmək mümkündür. Bitkoindən kredit kartı kimi istifadə etmək, virtual ödənişlər etmək, bilet almaq, internet üzərindən sifariş həyata keçirmək olur. Bu kriptovalyutanın  yığım funksiyası da var. Burada yığılan vəsaiti qiymət artımları baş verdiyi halda sonradan daha yüksək dəyərlə nağdlaşdırmaq mümkündür”.

R.Həsənov deyir ki, bitkoinin digər valyutalardan fərqi zəmanətliliyin aşağı səviyyədə təmin olunmasındadır: "Buna baxmayaraq, bitkoinin arxasında hər hansı Mərkəzi Bank, ölkə dayanmır. Bitkoin maliyyə mütəxəssisləri tərəfindən mübahisəli qarşılanır. Nəzərə alsaq ki,  Azərbaycanda qiymətli kağızlar bazarı zəif inkişaf edib, o baxımdan bitkoinin Azərbaycanda alışı, satışı, valyuta kimi tədavüldə olmaması normaldır. Bitkoinin dünyada dövriyyəsi 178 milyard dollar qiymətləndirilir. Bu da yüksək rəqəm deyil. Buna baxmayaraq, son dövrlərin ən çox müzakirə edilən valyuta növüdür”.

Ekspert bildirir ki, Azərbaycanda bitkoinə maraq aşağıdır. Bunun səbəblərindən biri də məlumatların azlığıdır: "Azərbaycan Mərkəzi Bankı da məsələdə gözləmə mövqeyi tutub. Azərbaycanın valyuta bazarlarında peşəkar iştirakçılığının zəif olması bu istiqamətdə risklərdən qorunma ehtimalını aşağı salır”.

Onun sözlərinə görə, bu istiqamətdə müzakirələrə başlanılması, qanunvericiliyin formalaşdırılması kimi məsələlər gündəmə gətirilməlidir. Bundan sonra valyuta bazarında bitkoinin istifadəsi genişlənə bilər: "Hazırda çox az azərbaycanlı var ki, bitkoinə yatırım edib, qiymət bahalaşmasından müəyyən qədər qazanıb.   

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) kriptovalyutalarla bağlı mövqeyi konservativdir. MB sədri Elman Rüstəmov bildirib ki, kriptovalyuta paralel maliyyə monetar sistemi deyil, yüksək riskli investisiya aktividir”.

İcmal.Az

RƏYLƏR