Dövlət başçısı: Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılır

OXUNUB: 707 index-manşet SİYASƏT

"Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır". 

İcmal.Az-ın Report-a istinadən məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

"Biz regional təhlükəsizliklə bağlı məsələləri müzakirə etdik və regional təhlükəsizliyə ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir", - İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, uzun illərdir Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır: "Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti aparılır və bu vəziyyət, təəssüf ki, dəyişmir. Ermənistan status-kvonun saxlanılmasını istəyir, baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən gələn bəyanatlarda status-kvonun qəbuledilməzliyi və onu dəyişdirilməsinin zəruriliyi bildirilir".

Prezident bildirib ki, BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib: "20 ildən artıqdır Ermənistan bu qətnamələrə tabe olmur. Münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyü prinsipinin qorunmasına əsaslanmalıdır."

İcmal.Az

RƏYLƏR