“Dövlət büdcəsinə yenidən baxıla bilər” - Vüqar Bayramov

OXUNUB: 857 İQTİSADİYYAT
Aprelin 25-də dünya birjalarında neftin qiyməti bahalaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,01 dollar və ya 0,01% artaraq 67,71 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,01% artaraq 73,87 dollar təşkil edib. "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1 dollar bahalaşaraq 76,25 dollar olub.
 
2018-ci ilin dövlət büdcəsində neftin 1 barreli 45 dollardan götürülüb. Neftin qiymətləri qarşıdakı vaxtlarda artmaqda davam edərsə, büdcəyə yenidən baxıla bilərmi?
 
Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov BNEWS.az-a deyib ki, hazırda "qara qızıl”ın dünya bazarında qiyməti dövlət büdcəsində nəzərdə tutulandan təxminən hər barrel üçün 30 dollardan artıqdır: "Mövcud qanunvericiliyə əsasən, neftin qiyməti büdcədə nəzərdə tutulandan çox olarsa, əlavə vəsait Dövlət Neft Fondunda yığılır. Sözsüz ki, neftin qiymətinin yüksək olması Dövlət Neft Fondunun gəlirlərinin artmasına və dövlət rezervlərinin çoxalmasına səbəb olur. Bu halda büdcəyə təkrar baxılması və əlavə dəyişikliklərin ediməsi mümkündür”.
 
Vüqar Bayramovun sözlərinə görə, hazırda "qara qızıl”ın dünya bazarında qiyməti yüksək olduğundan, son vaxtlar 2018-ci ilin büdcəsinə yenidən baxılacağı məsələsi gündəmə gəlib: "Bu mənada, parlamentin qərarından asılı olaraq ya vəsait Dövlət Neft Fonduna yığıla bilər, ya da 2018-ci ilin büdcəsinə əlavə və dəyişikliklər edilməklə büdcə gəlirlərinin artırılması mümkündür. Amma biz dövlət büdcəsinə yenidən baxılması əlavə və dəyişikliklərin edilməsinin tərəfdarı deyilik. Çünki büdcəyə əlavə və dəyişikliklərin edilməsi nəticə etibarı ilə daha çox büdcə vəsaitlərinin xərclənməsinin həyata keçirməsinə imkan verəcək. Bu bir tərəfdən Dövlət Neft Fonduna yığımların həcminin azalmasına gətirib çıxaracaq. Eyni zamanda bu manatın məzənnəsində stabilliyin qorunub saxlanılması baxımından müəyyən çətinliklər yarada bilər. Amma bütün hallarda neftin qiymətinin büdcədə nəzərdə tutulandan daha çox olması nəticə etibarı ilə Azərbaycanın dövlət maraqlarına uyğundur”.

İcmal.Az

RƏYLƏR