Dövlət Komitəsinin rəsmisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasında çıxış edib

OXUNUB: 44 SİYASƏT

Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş yekun iclası keçirilir.

Hər il payızda keçirilən bu tədbirdə ATƏT-ə üzv olan ölkələr insan ölçüsünə dair konsensus yolu ilə qəbul etdikləri öhdəliklərin yerinə yetirilməsinə dair hesabat verirlər. Yekun iclasda ATƏT-ə üzv olan 57 ölkə ilə yanaşı, beynəlxalq təşkilatlar, QHT-lər də iştirak edirlər. Tədbir sentyabrın 27-dək davam edəcək.

Sözügedən tədbirin "Tolerantlıq və qeyri-ayrı-seçkilik. Milli azlıqlara mənsub olan şəxslərin hüquqları” mövzusuna həsr olunmuş 12-ci işçi sessiyasında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev "Nifrət zəminli cinayətlər” panelində çıxış edib, tədbir iştirakçılarına mövzu ilə bağlı geniş məlumat verib.

O bildirib ki, Azərbaycan müsəlman, xristian və yəhudilərin yüzillər, hətta min illər boyu digərləri ilə birgə, sülh və əmin-amanlıq  şəraitində yaşadığı və inkişaf etdiyi dünyəvi dövlətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökumətinin bu ənənələrin gücləndirilməsi, dini icmaların fəaliyyətlərinin genişləndirilməsi və tərəqqisi istiqamətində ardıcıl siyasət apardığını bildirən Komitə rəsmisi  dövlətimiz tərəfindən bütün dini qurumlara onların ibadət yerlərinin tikintisi və idarə edilməsi məqsədilə büdcədən hər il maliyyə yardımı ayrıldığını diqqətə çatdırıb. O qeyd edib ki, son 10 ildə Azərbaycanda qeydiyyatdan keçmiş dini icmaların ümumi sayı 942-ə çatıb ki, burada qeydiyyatdan keçmiş xristian dini icmaların sayı üç dəfə artıb.

Əhalisinin əksəriyyətinin müsəlman olduğu və fərqli mədəniyyətə qarşı nifrətin qeydə alınmadığı Azərbaycan beynəlxalq müstəvidə Qərb və Şərq dünyasının eyni zamanda etibarlı tərəfdaşı olduğunu və dinlərarası dialoqun inkişafına töhfə verən tədbirlərə ev sahibliyi edə bildiyini göstərib. Cari ilin 14-15 noyabr tarixlərində ölkəmizdə təşkil olunacaq "Dünya dini liderlərinin II Bakı sammiti”nə diqqət çəkən Ə.Həziyev bildirib ki, bu sammitdə ümumi problemlərin müzakirə edilməsi, qarşılıqlı anlaşmanın artırılması, dini radikalizm və ekstremizmə qarşı mübarizəyə öz töhfəsini vermək məqsədilə dünyanın hər yerindən yüzlərlə dini lider təşrif buyuracaq.

Komitə rəsmisi tarixi Azərbaycan torpaqlarının 20 faizindən çoxunun monoetnik ölkə olan və təcavüzkar siyasət yürüdən Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulmasına, minlərlə soydaşımızın terrora məruz qalmasına baxmayaraq, ölkəmizdə yaşayan ermənilərə qarşı heç bir ayrı-seçkiliyə yol verilmədiyini qeyd edib. O bildirib ki, qədim Azərbaycan torpaqlarında, o cümlədən işğal altında olan Dağlıq Qarabağda və ətraf 7 rayonda Ermənistan silahlı birləşmələri tərəfindən məhv edilən çoxsaylı dini, mədəni və tarixi abidələrimizdən 367-si tarixi abidə, 67-si məscid, 140-ı ziyarətgah, 140-ı isə məbəddir. Bunlar erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib və Azərbaycan xalqının milli-mənəvi yaddaşına güclü zərbə vurulub. Buna baxmayaraq Bakının mərkəzində yerləşən erməni kilsəsi Azərbaycan dövləti tərəfindən mühafizə edilir. Qeyd olunan faktların özü Azərbaycan dövləti və xalqının yüksək tolerant və multikultural mənəviyyatının bariz sübutudur. 


 

İcmal.Az

RƏYLƏR