Dövlət satınalmalarının vahid elektron portalı “ASAN ödəniş” sistemində

OXUNUB: 1192 İQTİSADİYYAT
   Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən texniki olaraq ərsəyə gətirilən Dövlət satınalmalarının vahid elektron portalı və ya "e-Satınalma” dövlət təşkilatları tərəfindən həyata keçirilən satınalmalarda şəffaflığın artırılması istiqamətində həyata keçirilən önəmli layihələrdəndir. Son dövrdə mövcud durumla əlaqədar ölkədə həyata keçirilən sosial izolyasiya tədbirləri və xüsusi karantin rejimi nəzərə alınaraq, satınalma prosesində fiziki təmasın minimuma endirilməsi və dövlət satınalmalarının vahid internet portalının fəaliyyətinin operativliyinin təmin edilməsi istiqamətində işlər prioritet hesab olunub. Belə ki, "e-Satınalma” portalının "ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər sürətləndirilib və proses planlaşdırılmış tarixdən öncə uğurla yekunlaşdırılıb.
 
   15 aprel 2020-ci il  tarixindən etibarən satınalan təşkilatlar şəxsi kabinetlərində olan "Tənzimləmələr” bölməsi vasitəsilə "ASAN ödəniş” sistemində istifadə edəcəkləri rekvizitləri qeydiyyatdan keçirə və tender elanı verərkən iştirak haqqı ödənişlərinin qəbulu üçün həmin rekvizitlərdən istifadə edə bilər. Eyni zamanda podratçılar elektron tenderlərdə iştirak barədə şərtləri qəbul etdikdən sonra mövcud olan "”ASAN ödəniş” sistemi ilə ödə” düyməsinə klik edərək iştirak haqqı ödənişini ödəniş kartı vasitəsilə nağdsız şəkildə həyata keçirə bilər.
 
    Ödəniş prosesinə dair həssaslıq nəzərə alınaraq, tətbiq edilmiş yenilik ilə bağlı  bütün portal istifadəçiləri elektron poçt və digər vasitələrlə 1 aprel 2020-ci il tarixindən etibarən məlumatlandırılıblar. Portaldan istifadə rahatlığının təmin edilməsi məqsədilə bu barədə istifadə təlimatı da portala yerləşdirilib.
 
   "E-Satınalma” portalının "ASAN ödəniş” sisteminə interqasiyasının bir sıra üstünlükləri vardır. Belə ki, bundan sonra podratçı iştirak etmək istədiyi tenderdə iştirak haqqı ödənişini heç bir yerə getmədən ödəniş kartı vasitəsilə olduğu yerdən ödəyərək tenderdə iştirak edə biləcək. Halbuki əvvəllər zaman və digər resurlarını sərf edərək banka gedir, bankda ödəniş etdikdən sonra çeki götürərək ofisə gəlir, həmin çekin elektron formasını hazırlayaraq sistemə yükləyirdi. Bu zaman səhv sənədlərin yüklənməsi halları da istisna deyildi.
Daha bir üstünlük isə podratçı tərəfindən ödənişlərin real vaxt rejimində həyata keçirildiyi üçün ödənişdən dərhal sonra "Şərtlər Toplusu”nu əldə etməyin mümkünlüyüdür. Beləcə tətbiq edilmiş yenilik portalın istifadə rahatlığı və operativlik səviyyəsini yüksəltmiş olur.
 
   Bu günə qədər portal üzərindən 2792 e-Tender (50 min – 3 milyon ABŞ dolları eqvivalenti arası), 6370 Kotirovka sorğusu, 386 Təkliflər sorğusu, 5362 bildiriş, 1594 açıq tender elan edilmiş və 7384 müqavilə bağlanıb. Hazırda portalda 1338 təşkilat tərəfindən daxil edilən 5123 istifadəçi və 3306 podratçı tərəfindən daxil edilən 3649 istifadəçi mövcuddur. Təkcə cari ildə sistemdə qurumlar tərəfindən 1012 satınalma planı yerləşdirilib.
 
   Ölkədə xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən icaze.e-gov.az elektron icazə sistemi və 8103 SMS icazə sistemi Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılıb.  Tətbiq edilən hər iki sistem üzrə Mərkəz tərəfindən hər gün təkmilləşdirmə işləri davam etdirilir. Mərkəz bütün vətəndaşları evdə qalmağa, özünün və doğmalarının sağlamlığını düşünməyə, rəqəmsal xidmətlərdən daha çox yararlanmağa çağırır.

RƏYLƏR