Əbədi mövzu - RAMİZ GÖYÜŞOV YAZIR

OXUNUB: 527 MƏDƏNİYYƏT SOSİAL
30 il həsrət qalmışdıq Qarabağa. İçimizdə bir Qarabağ nisgili dilimizdə bir Qarabağ ağısı, qəlbimizdə bir Qarabağ dərdi yuva salmışdı. Bu  otuz ildə Qarabağ adında minlərlə şeirlər, ağılar, bayatılar, oxşamalar, əsərlər yarandı. Musiqilərimiz Qarabağ üstündə kökləndi. Cümləmizin mübtədası da, xəbəri də Qarabağ oldu. Arzularımızın ünvanı oldu Qarabağ.
Toy-düyünlər, nişanlar, yubileylər, görüşlər Qarabağ ünvanı ilə təxirə salındı. Nə niyyət tutduqsa onun bir ucunu Qarabağla bağladıq. Hamımız Qarabağlı olduq. Nəhayət 2020-ci il noyabın 10-da bu həsrətin sonu bitdi. Artıq bir ildir ki,  Qarabağın vüsalına qovuşuruq. Cənab Ali Baş Komandan İlham Əliyevin ağlı, düşüncəsi, bacarığı, istedadı, qətiyyəti, cəsarəti və iradəsi, Müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində Qarabağlı günlərimizi yaşayırıq. Vüsal bizə çox baha başa gəldi. Bu yolda biz 2914 şəhid verdik. Sağlamlığını itirmiş əsgərlərimiz minlərlədir. Nə qədər insan ömrü, insan taleyi yarımçıq qaldı, arzular, ümidlər qırıldı, minlərlə ananın gözü yaşlı, qızlarımız nişanlı, uşaqlarımız atasız qaldı. İndi mülki həyatını yaşayan əsgərimiz o çətin, həyacanlı həm də şərəfli günlərin qorxusunun, həyəcanının, həm də sevincinin təsiri altındadır. Azərbaycan əsgəri himnimizdə deyildiyi kimi:  ".. hərə bir qəhrəman oldu”. Qəhrəman Azərbaycan əsgəri Vətənin bir çağırışı ilə "Can verməyə hazır, qan tökməyə qadir” olduqlarını misilsiz bir mərdliklə nümayiş etdirdilər. Bu 44 gündə övladını itirən ata-ana da, həyat yoldaşını-nişanlısını itirən qız-gəlinlərimiz də, atalarını itirən balaca fidanlarımız da, bir sözlə əziz və doğmalarını itirən hər kəs "Vətən sağ olsun” dedi. Nəhayət ki, müqəddəs müharibə müqəddəs qələbə ilə yekunlaşdı.
İndi bizim borcumuz hər bir şəhidimizin, qazimizin, əsgərimizin,  qəhrəmanlığını bütün dünyaya çatdırmaq, onların rəşadətini tərənnüm, etmək haqqında şeirlər, hekayələr, povestlər, romanlar, musiqilər yazmaq, əsərlər yaratmaq, onları yaşatmaqdır.  Bizi həm də Qarabağa Böyük Qayıdış, böyük quruculuq işləri gözləyir. Müqəddəs müharibənin sonu Bizi Qarabağda böyük quruculiq işlərinə səsləyir. Bu işlərdə də hər kəs rəşadət göstərməlidir.
Ədəbiyyatımız, poeziyamız, mədəniyyətimiz tarixin bütün dönəmlərində dövrünün ağrı-acıları ilə yaşayıb, nəfəs alıb, zamanın çağrışlarına səs verib. Şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız, sənət adamlarımız özlərinin ən qiymətli əsərlərini qəhrəmanlarımıza həsr ediblər. Hesab edirəm ki, indi də belə olacaq.
Prezidentimiz cənab Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Əsgəri hər bir yazara, hər bir yaradıcı insana bitib-tükənməyən əbədi mövzu verib, geniş üfüqlər, yeni meydan açıb.
Düşünürəm ki, Qarabağ mövzusu, Möhtəşəm Qələbəmiz, Şuşanın fəthi, Azərbaycan Əsgərinin misilsiz qəhrəmanlığı, Qarabağda aparılacaq böyük quruculuq işləri Azərbaycanın şairinə, yazıçısına, rəssamına, bəstəkarına, bir sözlə yaradıcı insanına bir coşqu, yeni ruh və enerji vermişdir.
İndi səngər və meydan yaradıcı insanlarımızındır. Xalqımız Sizdən möhtəşəm əsərlər gözləyir. Uğurlar sizə.
 
                                                                                                                  Ramiz Göyüşov
                                                                                                                     AYB-nin üzvü

RƏYLƏR