Efirdə olmayan sətirlər - ANAR RƏHİMOV YAZIR

OXUNUB: 8984 MARAQLI Özəl SOSİAL SİYASƏT
Kaş tariximizi filmlərdə, adətlərimizi həftəlik, elm və mədıniyyətimizi isə gündəlik proqramlarda tez-tez görəydik...

Azərbaycanın coğrafi şəraiti, təbii sərvətləri, tarixi zənginliyi qartala bənzər xəritəmizə hər zaman digər dövlətlərin diqqətini çəkib. Bu diqqət əməkdaşlıq bir yana işğal və əsarətlərlə də nəticələnib. Müstəqilliyimizin ikinci dəfəki elanından öncə də Sovetlər birliyindəydik, belə deyək - Rusiyanın işğalında. 1988-ci ilin 17 noyabr tarixində xalqın dirçəliş günü 3 il sonrakı azadlığımızın açarı oldu. Sonra da havadarlarına söykənib, İrəvan xanlığımızın ərazisində dövlət quranlar Qarabağımıza da göz dikdi, qətliamlar törətdi və işğalla üzləşdik. Tarixi abidələrimiz dağıdıldı, erməniləşdirildi, torpaqlarımız talandı və  talanır. Ölkəmiz çətin günlər, illər yaşayırdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın azadlığının, istiqlalımız, müstəqilliyimizin zəmanəti, inkişafımızın carçısı oldu. Bəzilərimiz bu illəri yaşamışıq, kimi oxuyub, kimi də teleradio proqramlarının hesabına agahdır. Di gəl ki, Azərbaycanın dövlətçilik tarixi ötən əsrin sonlarından ibarət deyil. İlk mərkəzləşdirilmiş dövlətimiz Manna haqqında film, sujet, videoçarxlarla elə də rastlaşmırıq. Mannamızın cənub vilayətində Messi hökmdarlarının itaətsizliyin bilsəydik, bəlkə də Lionel Messiyə görə tariximizi vərəqləyənlər artardı. Atropatena, Albaniyanı heç demirəm. Adında türk sözü olan ilk hökmdar Sanatürkü də! Sonrakı istila dövrlərimiz, daha sonra yaranan və heç də ərazicə xırda olmayan Ağqoyunlular, Qaraqoyunlular, Eldənizlər, Şirvanşahlar və başqa dövlətləri öyrənək və təbliğ edək. Ən azından ona görə ki, sadaladığım tarixi dövlətlərimiz Səfəvilər imperiyamız dağılandan sonra yaranmış xanlıqlarımızın bünövrəsi idi. Sanki xanlıqlaşma "haralısan" vərdişi, adəti kimiydi. Adət-ənənə demişkən, bayramdan bayrama, xeyirdə-şərdə yada düşən kiçik görünüb, böyük əhəmiyyət və tarixə malik dəyərlərimizin təbliğinə də vaxt ayırsaq yaxşıdır. Bayağı proqramlarla qaynayan bəzi kanallarda adətimizə də vaxt ayrılsaydı, yeni nəsil maariflənər, elmlənərdi. Elmin özü bir başqa mövzudur. Elmə həsr olunan, yaxud bilik və savada xidmət edən verilişlər də barmaqla sayılasıdır. Çox olsaydı, elmə sevgi artardı, kitab mədəniyyəti, mütaliə stimulu möhkəmlənərdi. Özü də dövlətimizin siyasi xəttinin önəmli hissəsi məhz təhsilin inkişafına aiddir. Etiraf etmək lazımdır ki, mədəniyyətimizin təbliği dövlətçilik tarixi, adət-ənənə və elmdən daha qənaətbəxşdir. Əslində mədəniyyətdə tarixi, ənənəni, elmi də tapmaq olar. Təki axtarmağımıza kömək olsunlar.
Anar Rəhimov

RƏYLƏR