Əhməd Şahidov: “Bu cür davranış Azərbaycanın beynəlxalq təşkilatlardakı gücünü də artırır”

OXUNUB: 717 SİYASƏT
"Azərbaycan erməni hərbi əsirlərə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərinə sadiqdir”
Avqustun 12-də xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibət səbəbindən cəbhənin Füzuli istiqamətindən erməni hərbi qulluqçusu Araik Kazaryan Azərbaycan tərəfə keçib. Düşmən ölkənin hərbiçisi ilə necə davranılmalı olduğu barədə geniş müzakirələr açılıb.

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru, hüquq müdafiəçisi Əhməd Şahidov "Yeni Müsavat”da məsələyə bu cür şərh verdi: "Avqustun 12-də cəbhənin Füzuli istiqamətində könüllü şəkildə Azərbaycan tərəfinə keçən erməni hərbi qulluqçu Araik Kazaryanla bağlı məsələ əsir və girovlarla bağlı müzakirələri yenidən aktiv fazaya keçirib. Xüsusən də erməni cəmiyyətində bu məsələ ciddi rezonansa səbəb olub. Əsas səbəb odur ki, bu dəfə erməni hərbçisi könüllü şəkildə təslim olub və Ermənistan ordusunda mövcud olan işgəncə və qeyri-insani münasibətdən canını qurtarmaq üçün qarşı tərəfə keçib. Onun üzərindəki yara izləri də işgəncə faktlarını bir daha sübut edir. Mövcud vəziyyət heç şübhəsiz ki, Azərbaycan tərəfinin xeyrinədir.

Düşmən ordusunda fərarilik halları, yeganə çıxış yolunu Azərbaycan tərəfinə təslim olmaqda görən erməni əsgərlərinin sayının artması və digər hallar Azərbaycanın artan qüdrətinin göstəricisidir. Lakin mən məsələyə bir hüquq müdafiəçisi kimi baxıram və düşünürəm ki, Azərbaycan beynəlxalq konvensiyalar çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirir və doğru olaraq, erməni hərbi əsirlərə münasibətdə beynəlxalq hüququn norma və prinsipləri ilə addım atır. Bu baxımdan Araik Kazaryana lazımi tibbi yardım göstərilib, Azərbaycan Ombudsmanının nümayəndələri ona baş çəkiblər və saxlandığı şəraitlə maraqlanıblar. Araik Kazaryan saxlanma zamanı hüquqlarının pozulmadığını deyib və saxlanma şəraitindən də heç bir şikayəti yoxdur. Bu, hüquqi dövlətdə atılmalı addımlardır və Azərbaycan da bu prinsiplərə sadiqdir.

Qarşı tərəfin bizim girovlara necə davranmasından asılı olmayaraq, Azərbaycan öz prinsiplərindən vaz keçmir. Beynəlxalq ictimaiyyət də bunu görür və alqışlayır. Bu cür davranış Azərbaycanın beynəlxalq təşkilatlardakı gücünü də artırır və biz bütün platformalarda Ermənistanı küncə sıxışdırmış oluruq. Bu fakt Ermənistanda ciddi rezonansa səbəb olub. 2000-ci il təvəllüdlü Ermənistan Respublikası vətəndaşı, Ermənistanın Vayotsdzor vilayətinin Exegis kənd sakini Araik Kazaryan 8 aydır ki, hərbi xidmətdə idi və komandirləri tərəfindən davamlı təqib və təzyiqlərə məruz qaldığından qarşı tərəfə keçmək qərarına gəlib. Bu fakt Ermənistan ordusunda işgəncə hallarının olmasından xəbər verir. Məhz bu faktların aşkara çıxmasından narahat olan Ermənistan hakimiyyəti bir-birinə zidd açıqlamalar verməkdədir. Amma əsir düşdüyü zaman Kazaryanın üzərindəki işgəncə faktları əsl gerçəkləri ortaya çıxarmış oldu”.

Ə.Şahidov erməni girovluğunda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevdən də söz açdı: "Nəzərə alsaq ki, hazırda Ermənistan tərəfində 2 mülki girovumuz Dilqəm Əsgərov və Şahbaz Quliyev saxlanılmaqdadır. Odur ki, Azərbaycan tərəfində saxlanılan istənilən erməni hərbçisi konkret dəyişdirilmə predmetidir. Onların bizim girovlarımızla dəyişdirilməsi məsələsi bu gün aktualdır. Biz 5 ildir ki, girovlarımızın azadlığa buraxılması ilə bağlı çağırışlar edirik. Azərbaycan tərəfində erməni hərbi diversantların saxlanılmasından sonra rəsmi Bakının ritorikası da dəyişdi. Biz əsir və girovların dəyişdirilməsi məsələsini qaldırdıq. Bütün cəhdlərə baxmayaraq, rəsmi İrəvan bu çağırışa da tam cavab verməyib. Yalnız iyunun 28-də tərəflər arasında əsir və girovların dəyişdirilməsi prosesi baş tutdu və Elvin İbrahimov erməni diversant Zaven Karapetyanla dəyişdirildi. Kazaryanın Azərbaycan tərəfinə keçməsi artıq Nikol Paşinyan hakimiyyətini çətin vəziyyətə salıb. Erməni cəmiyyəti öz hakimiyyətlərinə etimad göstərmir. Təsadüfi deyil ki, ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan cəbhə bölgəsində xidmət edən erməni hərbi qulluqçuların sosial şəraitlərinin yaxşılaşdırılması barədə göstəriş verib. Bununla az da olsa, erməni cəmiyyətində baş qaldıran narazılıq dalğasını yatırmağa çalışırlar”.

İcmal.Az

RƏYLƏR