Ehtirasların qızışdığı seçki Türkiyəsi: Ərdoğan, Akşənər, Gül, Başbuğ, yoxsa?..

OXUNUB: 238 DÜNYA

Türkiyədə qarşıdan gələn parlament, bələdiyyə və prezident seçkiləri (hər üç seçim 2019-cu ildə keçiriləcək) yaxınlaşdıqca, ölkədə siyasi ehtiraslar yenidən qızışmaqda, "çatı aday” - "vahid namizəd”, seçim ittifaqları məsələsi daha çox masaya yatırılmaqdadır.

Türkiyənin dörd əsas partiyasından ikisinin - hakim AKP ilə müxalifətçi MHP-nin (məlum 15 iyul hadisələrindən sonra bu iki partiya bir çox məsələlərdə eyni mövqe sərgiləməkdədir, xüsusilə, sonuncu Konstitusiya dəyişiklikləri ilə bağlı referendumda - red.) ən azı iki seçimə - prezident və parlament seçkilərinə birlikdə qatılacağı gözləniləndir. Bunu partiya liderləri də istisna etmirlər. Xüsusilə, MHP lideri Baxçalının 2019-cu il seçkilərində namizəd irəli sürməyəcəkləri və Türkiyənin hazırkı prezidenti Ərdoğana dəstək verəcəkləri, hətta bu dəstəyin 2014-cü ilə qədər çəkə biləcəyi ilə bağlı məlum açıqlamasından sonra AKP-MHP ittifaqının qaçılmaz olacağı birmənalı görünür.

"Seçkilərdə MHP başqanı namizəd  olmayacaq. MHP – olarsa, ittifaqla, olmazsa, özü müstəqil şəkildə parlament seçkilərinə girər. Prezident seçkilərində də Rəcəb Tayyib Ərdoğanı dəstəkləmə qərarı ala bilər”, - deyə Baxçalı bəyan edib.

Ərdoğan da öz növbəsində Baxçalının bu jestinə qarşılıq olaraq, "ona şükranlarımızı bildiririk”, - deyə bildirib. Və təsadüfi deyil ki, yanvarın 10-da iki partiya lideri arasında mediaya qapalı 35 dəqiqəlik "İttifaq zirvəsi” reallaşdırılıb və sızan məlumatlara görə, bu görüşmədə gələcək "Seçim ittifaqı”nın ilkin konturları cızılıb.

Türkiyənin dörd əsas siyasi təşkilatından ikincisi – "ana müxalifət” partiyası olan CXP-nin isə seçkilərlə, xüsusilə də prezident seçimləri ilə əlaqədar dəqiqləşdirilmiş mövqeyi yoxdur.  Belə ki, CXP lideri Kamal Kılıçdaroğlu prezident seçkilərində öz namizədləri ilə iştirak edə biləcəklərini söyləyir, eyni zamanda, başqa bir güclü müxalif namizədi dəstəkləyə biləcəklərini də bəyan edir. O, seçkilərdə ikinci tur olarsa, Ərdoğan istisna olmaqla, istənilən namizədi dəstəkləyə biləcəklərinin ilkin anonsunu verib. Bununla belə, CXP-də prezident seçkiləri ilə bağlı ikitirəlik özünü açıq-aşkar göstərməkdədir.

Bəzi CXP-lilər yalnız öz namizədləri - Kılıçdaroğlu ilə seçkiyə gedəcəklərinin altını cızır, bəziləri - "köhnələr”, Dəniz Baykal tərəfdarları isə səhhəti imkan verəcəyi təqdirdə Baykalın, digər halda geniş müxalifət koalisiyasının "vahid namizədi”nin müəyyənləşdirilərək, onun dəstəklənə biləcəyi fikrini irəli sürürlər. Dəstəklənə biləcəklər arasında da həm sabiq MHP-çi Meral Akşənərin, həm prezident Abdullah Gülün, həm də sabiq genəlkurmay başqanı Ülkər Başbuğun adları keçir. İlk iki şəxs buna isti yanaşmasalar da, hələlik Başbuğun mövqeyi bəlli deyil, o, bu məsələdə tələskənliyə yol verməməyə çalışır. Parlament və bələdiyyə seçkilərinə gəlincə, CXP-lillər bu seçimlərə təkbaşına qatılmaqda, bu məsələdə güzəştə etməməkdə qərarlı görünürlər.

Türkiyənin dördüncü əsas partiyası sayılan (təsis olunmasından cəmi bir neçə ay keçir) və parlamentdə dörd sabiq MHP-li, bir keçmiş CXP-li ilə təmsil olunan "İYİ PARTİ”nin isə parlament və bələdiyyə seçkiləri istisna olunmaqla, prezident seçkilərində kiməsə güzəştə getməyəcəyi ortadadır. Adıçəkilən partiyanın genəl başqanı olan sabiq MHP-çi, keçmiş vitse-spiker və daxili işlər naziri Meral Akşənər 2019-cu il prezident seçkilərində özünün namizəd olacağını birmənalı şəkildə ifadə edib və onu Türkiyə türkləri demişkən, "eləştirən”  eks lideri - MHP genəl başqanı Dövlət Baxçalıya qarşı çox sərt ifadələr səsləndirib. Buna səbəb isə MHP liderinin "İYİ Parti”nin CXP və terrorçu PPK yönümlü HDP ilə yan-yana gəlməsi və bu səbəbdən də onların "Seçim ittifaqı”na getməsi yönündə iddiaları olub. 

Akşənər  Baxçalıya cavabında "İYİ Parti”ni CXP və HDP ilə yan-yana gətirmə cəhdini çirkin, sayğısız və çox ayıb hesab edirəm. Bu günə qədər "İYİ Parti” genəl başqanı olaraq, mənim ağzımdan hər hansı bir siyasi partiyanın aldığı qərara yönəlik ağıl-fikir verəcək bir cümlə çıxmadı. Odur ki, hörmətli Baxçalı da bizə ağılöyrətmə mərtəbəsində deyil. Dolayısı ilə, o, bir qərar vermişdir, ona sayğı duyuruq, xeyirli olsun”,  - deyib. Akşənər bununla bərabər, Demokrat və Səadət partiyaları ilə ittifaq qura biləcəklərini istisna etməyib:

"Bizim nə edəcəyimizə başqası qarışa bilməz. Biz prezident seçimlərində partiyamız adına namizəd göstərəcəyik. Dostlarımız məni istəyirlər, mən də buna "HƏ” deyirəm. Lakin ittifaq yaradaraq, seçimə getməyəcəyik. İttifaq ilə bağlı düşünsək-düşünsək, yalnız  Demokrat və Səadət partiyaları ilə yan-yana gəlməyi düşünürük. Ancaq bunun üçün görüşmələrimiz olmayıb. Dolayısı ilə, nə CXP, nə də digər partiya ilə birlikdə seçimə getmək kimi bir birlikdəliyimiz ola bilməz”.

O, eyni zamanda, sabiq prezident, hakim AKP-nin iki qurucusundan biri olan və son zamanlar bir sıra məsələlərdə Ərdoğanla tərs düşən A. Gülün namizədliyini dəstəkləyə biləcəyi yönündə səslənən iddialara qarşı çıxıb:

"İYİ Parti” ilə oturub, "İYİ Parti” ilə qalxırlar. Yazarın biri  yazıb: Sayın Abdullah Gül ilə  "haşır-nəşirmişik”, görüşürmüşük, o, namizəd olacaqmış, mən də namizədliyimi geri çəkəcəkmişəm. Mənim sözüm söz. "Çatı adaylar”- "vahid namidədlər” məsələsi, filan vardı… Qardaşım, nə "çatı”, nə baca, nə də pəncərə… Mən 2019-da namizədəm. Qazanacağam. Hələb oradadırsa, arşın da burada. Hamımız birlikdə görəcəyik. Niyə qorxursunuz?!”, - deyə xanım Akşənər vurğulayıb.

A.Gül də hələlik namizədlik, "çatı aday” məsələsində ehtiyatlı mövqe tutmaq yolunu tutub. Düzdür, bir müddət öncə əski CXP genəl başqanı Baykalla namizədlik məsələsində qarşı-qarşıya gəlsə də, hətta, sabiq baş nazir müavininə qarşı sərt ifadələr səsləndirsə də, Gülün özünün də prezidentliyə namizədliklə bağlı xüsusi planları var kimi görünür. Onun namizədliyinin isə daha çox dinçi-mühafizəkar partiya olan Səadət Partiyası tərəfindən irəli sürülə və dəstəklənə biləcəyi söylənilir. Səadət Partiyasının lideri Təməl Karamollaoğlu bununla bağlı müsbət, Gülə jest olacaq ifadələr səsləndirib, ancaq eyni zamanda, son sözün partiyasının və Gülün qərarından asılı olacağını sözlərinə əlavə edib. Bununla yanaşı, "Səadət”çilərin seçkilərdə daha real iştirakı gözlənilən və udma şansı yüksək olan Akşənərə üstünlük verəcəyi mümkün ehtimallar sırasında ən öndə gəlir...

Türkiyənin 5-ci partiyası olan terrorçu PKK yönümlü HDP-yə gəldikdə isə...

İcmal.Az

RƏYLƏR